KÖŞƏ

Günel Eyyubova

Yaxşı, bəs sosial reklam nədir?

23 noyabr 2017 00:03
7153

Mənası “qışqırmaq, səsləmək” olan reklam anlayışının kökü çox qədim dövrlərə gedib çıxır. Müasir dünyada isə reklam müstəqil KİV-lərin etibarlı maliyyə mənbəyi olmaqla yanaşı, medianın azad söz ifadəçisi kimi yaşamasını təmin edir. Reklam, televiziya, qəzet, radio, billboard, jurnal, kino,  internet kimi qaynaqlar vasitəsilə müxtəlif mal, məhsul və xidmətlərin hədəf kütlələrə və istehlakçılara müəyyən bir ödəniş qarşılığında tanıdılmasıdır. Yəni bir əmtəə, mal, məhsul və ya hansısa xidmətə bağlı bir mesajı müxtəlif media vasitələri ilə  ictimaiyyətə tanıtmaq üçün hazırlanan planlamadır.

Müasirliyə və hərtərəfli inkişafa addımlayan Azərbaycan cəmiyyətində müxtəlif sosial reklamlar hazırlayan agentliklər və kampaniyalar mövcuddur. Yeri gəlmişkən, xatırladaq ki, sosial reklamlar, çarxlar hamıya tam aydın olacaq tərzdə olmalıdır.

Televiziya müəyyən mənada cəmiyyətin güzgüsü olmaqla bu cəmiyyətin obrazını yaradır. Yaxşı bəs sosial reklam nədir? Sosial reklam, qeyri-kommersiya xarakteri daşıyan, müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsinə, milli dəyərlərimizin, tarixi kökümüzün, əsrlərə dayanan adət-ənənələrimizin qorunmasına, vətənpərvərlik, xoş rifah hisslərini gücləndirməyə xidmət edən, ekologiyanın qorunmasını, pis vərdişlərin sonda yarada biləcək nəticəsini və s. təbliğ edən informasiya növüdür.

İctimai fəaliyyət reklamı (sosial reklam) - QİÇS, siyasi ideologiya, enerjiyə qənaət, meşələrin yox olması, ətraf mühitin qorunması kimi qeyri-ticari mövzularda məlumatlandırmaqda, öyrətməkdə, motivə etməkdə istifadə oluna bilər.

Ümumiyyətlə, isə reklam çarxı əsasən 5 dəqiqə və daha uzunmüddətli televiziya reklamı formatıdır. “İnformercial”- “information” və “commercial” sözlərinin birləşməsindən yaranan bir termindir. Reklam çarxlarının əsas məqsədi istehlakçılarda ani alma istəyi, alış impulsu yaratmaqdır. Beləliklə, alıcı təqdimatı görür və dərhal göstərilən ödənişsiz telefon nömrələri və ya websayt vasitəsilə məhsulu sifariş verir. “İnfomercial” adətən məhsulları və ya onların xüsusiyyətlərini təsvir edir, göstərir və ya nümayiş etdirir və ümumi olaraq istehlakçı və ya mütəxəssislərin fikirlərini əsas gətirir.

Birbaşa reklamlarla yanaşı gizli reklam edilən məhsullar da var. Gizli reklam-Omega Watches, Audi, Ford, VAIO, BMW və Aston Martin kimi avtomobillər James Bond filmlərində tez-tez göstərilir. Əslində bunun özü də gizli reklamdır. Belə demək mümkünsə, reklam insanları könüllü olaraq müəyyən bir davranışda olmağa razı salmaq, müəyyən bir düşüncəyə yönəltməkdir. Onların diqqətlərini bir məhsula xidmətə, fikir və quruluşa çəkməyə çalışmaq, onunla əlaqədar məlumat vermək, ona bağlı görüş və tutumlarını dəyişdirmələrini və ya müəyyən bir fikiri ya da tutumu mənimsəmələrini təmin etmək məqsədi ilə yaradılan, ünsiyyət vasitələrindən yer ya da müddət satın almaq yoluyla sərgilənən və ya başqa formalarda çoxaldılıb paylanan və bir ödəniş qarşılığı yaradıldığı müəyyən olan elandır.

Beynəlxalq Reklam Məcəlləsinin müddəalarına gəldikdə isə onun əsas prinsiplərində göstərilir ki, reklam qüsursuz, ədəbli, doğru-düzgün olmalıdır, reklam lövhəsi hazırlanarkən cəmiyyət qarşısında məsuliyyət hissi qorunub saxlanmalıdır,  heç bir reklam müraciəti  reklama  ictimai inamı qırmamalıdır.

Yenə də qayıdaq sosial reklama... Sosial reklam məsələsi ən ciddi problemdir. Belə çarxlar ictimai və dövlət maraqlarına xidmət edir və xeyriyyəçilik məqsədi daşıyır. Reklam istehsalçıları özlərinin illik reklam istehsalının 5 faizi həcmində sosial reklamının istehsalına xidmət göstərməyə borcludurlar. Bunlar “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda da təsbit olunub.