07 fevral 2025 17:43
79

Xalqını öz Liderinə inam və etimadı ötən il keçirilən seçkilərdə bir daha təsdiqləndi

Ötən il keçirilən prezident seçkilərindən bir il vaxt geçir. Prezident seçkiləri hər bir ölkənin siyasi sistemində mühüm rol oynayır. Prezident dövlət başçısı kimi ölkənin daxili və xarici siyasətini müəyyənləşdirir, icra hakimiyyətinin başında dayanır və vətəndaşların maraqlarını təmsil edir. 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi yekun nəticələrə əsasən, Yeni Azərbaycan Partiyasının sədri, ölkə prezidenti İlham Əliyev səslərin 92,12 faizini toplayaraq qalib gəldi. 2024-cü il Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri Zəfər seçkisi  idi.

Bundan öncəki hər bir seçkidə möhtəşəm uğurlarımızın fonunda qarşıdakı dövrdə görüləcək işlər, hədəflər açıqlanarkən Qarabağ münaqişəsinin həlli, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı xüsusi qeyd olunurdu. Azərbaycanın xarici siyasətinin prioritet məsələsi olan Qarabağ münaqişəsinin həllində diplomatik mübarizənin əsas olduğu önə çəkilərək bu istiqamətdə səylərin artırılması əsas çağırış kimi qeyd edilirdi. Lakin ötən ilki seçkilər üçün hədəflərimizdə böyük fərqlilik mövcud idi və bundan böyük qürur hissi keçirdik.

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz seçkilərin nəticələrinə də təsirsiz ötüşmədi.  Azərbaycan vətəndaşlarının seçkilərə münasibətində Qarabağ, ərazi bütövlüyü amili önəmli rol oynadı. Əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin sürətini daha da artırmaq, soydaşlarımızın bu məkanlara tam qayıdışını təmin etməkdir. Burada yeni şəhərlər və kəndlər inşa edilir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Böyük Qayıdış Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkünün burada məskunlaşması planlaşdırılır. Bu il, həmçinin, dövlətin "Yaşıl Enerji" strategiyası çərçivəsində Cəbrayıl və Zəngilanda böyük miqyaslı günəş və külək elektrik stansiyalarının tikintisi başa çatdırıldı. Xüsusilə, Laçın və Kəlbəcər rayonlarında şəhərsalma və yenidənqurma işləri dövlətin diqqət mərkəzində oldu.

Prezident İlham Əliyev andiçmə mərasimi zamanı əminliklə bildirmişdi ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlindən gələni əsirgəməyəcəyək. Arxada qoyduğumuz 2024-cü ildə cənab Prezident öz möhtəşəm siyasəti ilə Azərbaycan xalqının yaddaşında qaldı. Onun 26 fevral 2024-cü ildə Xocalıya səfəri və əhali ilə görüşməsi tarixi, bir o qədər də qürurlu və sevincli anlardan biri idi. Səfər zamanı dövlət başçısı Xocalı Soyqırımı Memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib. Bu günləri bizə bəxş edən şəhidlərimizi yada salaraq onlara ehtiramını bildirib.

Ötən il Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında çıxışı zamanı cənab Prezident ötən il baş verən vacib hadisələrdən biri kimi Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı olduğunu qeyd etmişdi. Bu, “Şahdəniz” dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir.

Azərbaycanın daha iki ölkə - Macarıstana və Serbiyaya qaz nəql etməyə başladı. Beləliklə, bizim Avropaya qaz təchizatımızın coğrafiyası genişlənmiş oldu. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Cənab Prezident həmin görüşdə “Azərbaycan qazına böyük tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir” - deyə qeyd etmişdi.  

Ötən il cənab Prezident tərəfindən Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməli qoyulub. İcra ediləcək yeni layihənin böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır. 

Daha bir yadda qalan tədbir Prezident İlham Əliyevin ötən ilin 30 sentyabr tarixində Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında çıxış edərək tarixi həqiqətləri qeyd etmişdi. Prezident İlham Əliyev, Qarabağ və Şərqi Zəngəzurdan olan insanların doğma torpaqlarına qayıtmasını qeyd edərək, gələcəkdə Qərbi Azərbaycana qayıdışın da mümkün olacağını bildirdi. Bu, bütün Qərbi Azərbaycanlılara böyük sevinc və ümid hissi bəxş etdi. Prezident gələcəkdə Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsinin Ağkilsə kəndində bərpa ediləcəyini də bildirdi. Prezident suverenliyin tam bərpa edilməsinin xalqda nikbinlik yaratdığını və gələcək hədəflərin həm strateji, həm də taktiki baxımdan düzgün seçilməsinin vacibliyini vurğuladı.

İlham Əliyev Azərbaycanın beynəlxalq mövqeyini gücləndirmək üçün müstəqil və balanslı xarici siyasət həyata keçirmişdir. BMT-dən sonra ən böyük platforma olan, ölkələrin sayına və fəallığına görə seçilən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə uğurlu rəhbərlik edən cənab İlham Əliyev təşkilatın beynəlxalq nüfuzunu artırmışdır və inkişafına böyük töhfə vermişdir.

Prezident İlham Əliyevin növbəti uğuru BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına ev sahibliyinin dünyanın 200-ə yaxın ölkəsi tərəfindən Azərbaycana həvalə olunması oldu. Uğurlu COP29 tədbirinin keçirilməsi də beynəlxalq arenada qazandığımız növbəti nailiyyət oldu. Türk Dövlətləri Təşkilatının regionda güc mərkəzinə çevrilməsində məhz cənab Prezident İlham Əliyevin böyük dəstəyi olmuş, türk dövlətlərinin inteqrasiyasını təşviq edərək regional əməkdaşlığı gücləndirmişdir.

Bu il Azərbaycanın Qahirədə keçirilən (D8) İqtisadi Əməkdaşlıq Təşkilatının Samitində bu təşkilatın üzvlüyünə qəbul edilməsi çox əlamətdar hadisədir. Dünya müsəlmanlarının 60%-ni, yəni 1,1 milyard insan olmaqla dünya əhalisinin 15%-ni birləşdirən 4 trilyon dollar ÜDM -ə malik bu təşkilata üzvlüyümüz Azərbaycana yeni imkanlar qazandıracaq. 30 ildən sonra bu təşkilata üzv olan ilk ölkə Azərbaycan oldu.

İlham Əliyevin prezidentliyi dövründə həyata keçirilən infrastruktur layihələri ölkənin iqtisadi gücünü artırmış, sosial rifah sahəsində həyata keçirilən islahatlar isə xalqın həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.

İnfrastrukturun yenilənməsi və genişləndirilməsi Azərbaycanı regionda nəqliyyat və logistika mərkəzinə çevirmişdir. Müasir avtomobil yolları və magistrallar inşa edilmiş, həm daxili, həm də beynəlxalq əlaqələri asanlaşdıran yol şəbəkəsi qurulmuşdur. Hava nəqliyyatı sahəsində də böyük nailiyyətlər əldə edilmişdir. Yeni hava limanları tikilmiş, mövcud olanlar isə beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulmuşdur. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə Füzuli, Zəngilan və Laçın hava limanlarının istifadəyə verilməsi Azərbaycanın iqtisadi və strateji imkanlarını daha da artırmışdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev adı artıq Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan xalqının öz dövlət rəhbərinə inam və etimadı ötən ilki seçkilərlə bir daha təsdiqləndi.

Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı