21 fevral 2025 00:12
175

Oruc tutmaq – Bu qərar həkimlə birlikdə verilməlidir

11 ayın sultanı Ramazanda yanlış qidalanma vərdişləri ürəyə yükü artırsa, fəsadlara yol aça bilər. Bəs ürək-damar xəstəlikləri olan və oruc tutmaq istəyənlər nə edə bilər?

“Dedi-qodular bu prosesdə ciddi təhlükələr yarada bilər. Dünyada bu mövzuda çoxlu araşdırmalar aparılsa da, bəzi məsələlərdə hələ də konsensus yoxdur. Buna görə də hər bir xəstə müvafiq həkim tərəfindən ayrıca qiymətləndirilməlidir. Bu qərar həkimlə birlikdə verilməlidir”, - deyə Türkiyənin Acıbadem Taksim Xəstəxanasının ürək-damar cərrahiyyəsi üzrə mütəxəssisi Masit Bitargil bildirib.

Bitargil ürək-damar xəstəlikləri riski altında olan, lakin həkimləri tərəfindən nəzarətli şəkildə oruc tutmalarına icazə verilən xəstələrin diqqət etmələri lazım olan 5 əsas məqamı izah edib:

İftar- sahur arası su

 Su balansına məhəl qoyulmazsa orqanizmin susuzlaşması səbəbindən ürəyə yüklənmənin artması, huşunu itirmə, infarkt və ölüm kimi hadisələr baş verə bilər. Bu səbəbdən xüsusilə iftar və sahur arasında nizamlı aralıqlarla təxminən 2-2,5 litr su istehlak etmək vacibdir.

Qidalanmaya diqqət edin!

Susuzluğu tətikləyən duzlu, ədviyyatlı qidalardan, turşulu və şəkərli içkilərdən uzaq durmaq lazım olduğunu vurğulayan Bitargil tərəvəz və göyərti ilə zəngin qidalanmanın, qırmızı ət yerinə balıq istehlak edilməsinin, qızardılmış yemək yerinə qaynadılmış, buxarda bişirilmiş və ızqara yeməklərə üstünlük verilməsinin sağlam olacağını bildirib. Şərbətli xəmir və şirniyyatlardan, tərkibində həddindən artıq duz olan qidalardan uzaq durmaq da ürək-damar sağlamlığı üçün vacibdir.

Dərmanlarınız haqqında

Bitargil ürək-damar riski olan bir xəstənin həkimə müraciət etmədən oruc tutması halında ciddi həyati təhlükələrin yarana biləcəyini ifadə edib. O, Ramazan ayından sonra həkimlə dərman və dərman saatlarının tənzimlənməsinin və həkimlə sıx ünsiyyətdə olmağın vacib olduğunu vurğulayıb.

“Xüsusilə də antikoaqulyantlardan istifadə etməli olanlar qan durulaşdırıcıları qəbul etməyi dayandırsalar və ya istifadə etməməyə başlasalar, insult riskindən həyat itkisinə qədər ağır nəticələrlə üzləşə bilərlər”,-həkim deyib.

Məşq edərkən diqqətli olun

Ramazan ayında fiziki fəaliyyətlə məşğul olmaq istəyən ürək-damar xəstələri bəzi məqamları nəzərə almalıdırlar. “Yanlış zamanda edilən fiziki fəaliyyət onsuz da susuz qalmış bir insanın ürəyinə yükü daha da artıraraq, arzuolunmaz nəticələrə, huşunu itirməyə və infarkta səbəb ola bilər. Buna görə də idmanla məşğul olmaq istəyənlər axşam iftar etdikdən sonra 2-3 saat ərzində, həkim icazə verərsə, 30-40 dəqiqə sadə yürüş edə bilərlər”.

Bitargil deyir ki, yeməkdən dərhal sonra yatmaq yaxşı fikir deyil, ona görə də hərəkətsizlikdən çəkinmək lazımdır.

Kifayət qədər yatın

Mütəxəssislər Ramazan ayında kifayət qədər yatmağın beynin düzgün qərar vermə mexanizmi və yaddaş və məntiqi təfəkkür kimi idrak funksiyaları üçün həyati əhəmiyyət daşıdığını vurğulayıblar.

Onlar belə hesab edirlər ki, kifayət qədər yuxu almamaq həm də səhv qərarlar qəbul etməyə, gün ərzində əsəbi olmağa, baş ağrılarına və daha yüksək stress yüklərinə səbəb olacaq. Bunlar birbaşa və ya dolayı yolla ürəyin iş yükünü artıracaq və arzuolunmaz hadisələrə gətirib çıxara bilər. Bu baxımdan, iftardan sonra və sahurdan əvvəl gecələr ən azı dörd saat fasiləsiz yatmaq, sahurdan sonra bir neçə saat daha yatmaq və gün ərzində 20 dəqiqəlik kiçik yuxular almaq faydalıdır.

Nubar Süleymanova, “İki sahil”