Cinayət cəzasız qalmamalıdır. Ən amansız müharibənin özünün də bir qayda-qanunu olub. Dinc əhaliyə, əli yalın insanlara güllə atılmayıb. Bütün bunlardan fərqli olaraq Xocalı faciəsi xalqımıza qarşı amansız soyqırımı idi. Bir qaniçən vəhşi toplum vəhşicəsinə digər bir milləti qırıb məhv edirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təpədən dırnağa kimi silahlanmış erməni quldurları Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə qəfildən aylarla mühasirədə saxladıqları bu dinc şəhərə Xocalıya hücum çəkərək minillik tarixi olan şəhəri yerlə-yeksan etdilər. Xocalı qırğını erməni silahlı birləşmələrinin ölkəmizə təcavüzünün kulminasiya nöqtəsi idi. Dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insan idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürüldü, insanlar diri-diri yandırıldı, onlara digər ağlasığmaz işgəncələr verildi.
Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən hazırlanmış pusqularda qətlə yetirilmişdi. Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatına görə, dörd gün ərzində Ağdam rayonuna Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmişdi. Həmin meyitlərin bir çoxunun təhqirə məruz qalması faktı aşkar edilmişdi.
Bu, sadəcə müharibə deyildi, erməni terrorizminin ən dəhşətli nümunəsi, ümumən isə bəşəriyyətə qarşı ən ağır cinayət idi. Xocalı qətliamı Ermənistanın Azərbaycana təcavüzünün gerçək mahiyyətini, erməni terrorizminin və vəhşiliyinin dəhşətli miqyasını bütün çılpaqlığı ilə üzə çıxardı. Soyqırımı hadisəsindən sonra cinayətin baş verdiyi yerdə olmuş fransız jurnalisti Can Yunet yazmışdı: «Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişdim. Ancaq ermənilər 5-6 yaşlı uşaqları, mülki əhalini öldürməklə onları ötüb keçiblər». Ermənistanın müharibə zamanı beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar yalnız bununla bitmir. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. «Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair» IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, qəddar davranılması, əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində isə qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, bu insanların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin Konvensiyanın 34-cü maddəsinə görə, mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq dinc insanı girov götürən ermənilər bu prinsipə də aşkar sayğısızlıq nümayiş etdirmişdilər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalinin məhvi üçün ən qəddar üsullara əl atmışlar.
Azərbaycanda 1992-1993-cü ilin yarsına qədər hakimiyyətdə olmuş səriştəsiz və yarıtmaz qüvvələr bu və digər hüquq normalarına əsaslanmaqla Xocalı faciəsinin real mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görmədilər. Faciə 1992-ci ildə baş versə də, Xocalı dəhşətinə hüquqi-siyasi qiymət yalnız Ümummilli Liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yalnızverildi. Ulu Öndərimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis «Xocalı Soyqırımı Günü haqqında» qərar qəbul etmişdi.
BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdı.
Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq aparıcı dünya dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Ölkə başçısı bildirmişdir ki, azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.
Heydər Əliyev Fondu Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində ardıcıl addımlar atır. 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası həyata keçirilir. Hər il fevralın 26-da Azərbaycan xalqı Xocalı şəhidlərinin xatirəsini anır, müxtəlif tədbirlər keçirilir və faciənin dünyaya tanıdılması istiqamətində işlər aparılır.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.
Uzun illərdir Xocalı yalnız xatirələrdə, qəlblərdə, yaddaşlarda yaşayırdı. Anaların laylalarında, qocaların dualarında, şəhid məzarlarının başında bir ümid kimi pıçıldanırdı: “Bir gün, hökmən Xocalıya qayıdacağıq!” O gün gəldi. 44 günlük İkinci Qarabağ müharibəsi, bir günlük lokal antiterror tədbirləri nəticəsində tarixi ədalət bərpa olundu. Dünyaya səs salan möhtəşəm zəfərimiz şəhidlərimizin, baş verən terror aktları zamanı həlak olanların qanını yerdə qoymadı. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağı dalğalanır. Bu, sadəcə bir qayıdış deyil, tarixin yenidən yazılmasıdır. 1992-ci ildə yerlə-yeksan edilən Xocalıda indi yenidən qurulur. O zaman dağıdılan evlər yenidən tikilir, viran edilmiş küçələrdə yenidən uşaqların səsi eşidilir. Qan izləri torpaqdan silinə bilər, amma yaddaşlardan silinməz. Xocalı indi təkcə bir faciənin yox, həm də bir dirçəlişin adıdır.
Səbinə Kazımova, “İki sahil”