22 fevral 2025 00:27
155

Qarabağ və Şərqi Zəngəzur: Sahibkarlar üçün unikal məkanlar

İqtisadçı ekspert: İşğaldan azad edilmiş əraziləri güzəştlər vadisidir

Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb. Bu ərazilərdə özəl sektorun tərəqqisini təmin etmək məqsədilə infrastrukturun qurulmasına xüsusi önəm verilib. İnfrastrukturun inkişafı Qarabağ və Şərqi Zəngəzurda sahibkarlığın genişlənməsi üçün əlverişli şərait yaradır. Yeni yollar, enerji təminatı və digər vacib infrastrukturların qurulması bu ərazilərə investisiya axınının sürətlənməsinə və müxtəlif iqtisadi fəaliyyət sahələrinin inkişafına şərait yaradır. Bütün bu tədbirlər regionun sosial-iqtisadi dirçəlişinə və dayanıqlı inkişafına töhfə verir.

Xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dayanıqlığının təmin edilməsi və onların inkişafının dəstəklənməsi üçün güzəştli maliyyə resurslarına çıxışın asanlaşdırılması mühüm əhəmiyyət kəsb edib.  Dövlətin bu sahədə gerçəkləşdirdiyi dəstək mexanizmləri sahibkarların biznes fəaliyyətlərinin genişlənməsinə şərait yaradıb. Bu yanaşma mikro və kiçik sahibkarların bazarda mövqelərini gücləndirməsinə, yeni təşəbbüslərin reallaşdırılmasına və iqtisadiyyatın müxtəlif sahələrində dayanıqlı inkişafın təmin olunmasına töhfə verib.  Qeyd edək ki, hesabat ili ərzində Sahibkarlığın İnkişafı Fondunun (SİF) maliyyələşdirdiyi layihələrin 99,8 faizi, ayrılan güzəştli kredit məbləğinin isə 93,4 faizi məhz mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb. Bu göstəricilər bir daha sübut edir ki, dövlətin güzəştli kredit siyasətinin əsasən kiçik və orta sahibkarları dəstəkləyərək ölkədə inklüziv iqtisadi inkişafa şərait yaratmaqdadır.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət–subsidiya mexanizmi ilə yanaşı, güzəştli kredit mexanizmi də tətbiq olunaraq dəstək tədbirləri davam etdirilib. Bu mexanizmlər regionda biznes mühitinin formalaşdırılması, sahibkarlıq fəaliyyətinin təşviqi və investisiya axınının sürətləndirilməsi baxımından mühüm rol oynayır.

Hesabat dövründə bu ərazilərdə icra olunan üç layihə üzrə SİF tərəfindən ümumilikdə 8,1 milyon manat güzəştli kredit ayrılıb. Bu maliyyə dəstəyi işğaldan azad olunmuş torpaqlarda biznesin qurulmasına, yeni iqtisadi fəaliyyət sahələrinin inkişafına və yerli sahibkarların daha əlverişli şərtlərlə maliyyə resurslarına çıxışına imkan yaradıb. Bu təşəbbüslər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi fəallığın artırılmasına xidmət edərək, regionda dayanıqlı sahibkarlıq mühitinin formalaşdırılmasını və yeni iş yerlərinin yaradılmasını hədəfləyir. Dövlətin bu istiqamətdə həyata keçirdiyi dəstək mexanizmləri işğaldan azad edilmiş ərazilərdə biznesin inkişafına töhfə verməkdə davam edir.

2024-cü il işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın bərpa olunması və bu ərazilərdə investisiya qoyuluşlarının sürətlənməsinə dəstək diqqət mərkəzində saxlanılıb. Belə ki, fevral ayından etibarən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya layihəsi həyata keçirən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90 faizədək hissəsinə dövlət zəmanətinin verilməsinə başlanılıb. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi ilə 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılması və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddətinin tətbiq edilməsi qərara alınıb. Bu addımlar sahibkarların maliyyə resurslarına daha əlverişli şərtlərlə çıxışını təmin edərək onların biznes fəaliyyətlərini genişləndirməsinə imkan yaradır. Bu təşəbbüslər Qarabağ və Şərqi Zəngəzurda sahibkarlığın inkişafına təkan verərək regionun iqtisadi dirçəlişinə, yeni iş yerlərinin açılmasına və ümumi investisiya mühitinin yaxşılaşdırılmasına xidmət edir.

İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, sahibkarların işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərməsi və eyni zamanda, Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərindən yararlanması onlar üçün mühüm imkanlar yaradır: “Bu imkanlardan birincisi Fondun təqdim etdiyi güzəştli kreditlərin ölkəmizdə nadir rast gəlinən və yüksək səmərəliliyə malik maliyyə dəstəyi mexanizmlərindən biri olmasıdır. Bu kreditlər aşağı faiz dərəcəsi ilə verilir və hətta illik inflyasiya göstəricilərindən də aşağı faizlə təmin edilir. Eyni zamanda, kreditlərin sığortalanması sahibkarlar üçün əlavə maliyyə təhlükəsizliyi yaradır. Xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətini genişləndirməsi baxımından bu, mühüm əhəmiyyət kəsb edir”.

Ekspertin sözlərinə görə, işğaldan azad edilmiş ərazilər sahibkarlıq üçün unikal güzəştlər məkanıdır. O, bu bölgələri ABŞ-dakı “Silicon Valley” fenomeninə bənzədərək “Azərbaycanın işğaldan azad edilmiş əraziləri güzəştlər vadisidir” ifadəsini işlətdi : “Burada sahibkarlar üçün geniş gömrük və vergi güzəştləri, kommunal xidmətlərdə xüsusi imtiyazlar və dövlət tərəfindən təmin edilən müxtəlif dəstək mexanizmləri mövcuddur. Bundan əlavə, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün bütün sənaye infrastrukturu dövlət tərəfindən hazırlanıb və istifadəyə verilib. Sahibkarlığın İnkişafı Fondu tərəfindən təqdim edilən güzəştli kreditlər isə bu imkanları daha da əlçatan edərək sahibkarlar üçün ikiqat fayda təmin edir”.

Həmsöhbətimiz qeyd etdi ki, sahibkarlar fəaliyyət göstərdikləri coğrafiyaya uyğun istiqamət seçirlər və bu, xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə daha da önəmlidir: “Bu bölgələrdə sahibkarların daha çox diqqət yetirdiyi sahələr kənd təsərrüfatı, tikinti, infrastruktur layihələri, xidmət sektoru, sənaye və turizmdir. Bu sektorlar xüsusilə işğaldan azad olunmuş ərazilərdə mövcud olan potensiala uyğun olaraq sahibkarlara yeni imkanlar təqdim edir. Dövlətin bu sahələrdə sahibkarlara təqdim etdiyi dəstək mexanizmləri, o cümlədən güzəştli kreditlər, bu ərazilərdə biznesin inkişafını asanlaşdırır və sahibkarlara ciddi maliyyə dəstəyi verir. Bu imkanlar sahibkarlara sözün həqiqi mənasında böyük bir fürsət yaradır. Lakin bu fürsətdən maksimum dərəcədə faydalanmaq üçün sahibkarlar uzunmüddətli strategiya ilə fəaliyyət göstərməlidirlər”.

Ekspertin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayan sahibkarların daha uzunmüddətli bir strategiya əsasında hərəkət etmələri, onların daha çox mənfəətə sahib olmalarını əldə etmələrini təmin edəcəkdir : “Əgər sahibkarlar qısa müddətdə böyük qazanc əldə etmək niyyətindədirsə və daha sadə strategiyalarla irəliləyəcəklərsə, onlar müəyyən çətinliklərlə qarşılaşa bilərlər. Bu baxımdan sahibkarlara tövsiyə olunur ki, işğaldan azad olunmuş ərazilərdəki fəaliyyətlərini ən azı beş ildən, daha doğrusu, on ildən tez olmayacaq şəkildə uzunmüddətli bir strategiya əsasında qursunlar. Bu yanaşma onlara daha dayanıqlı və məhsuldar nəticələr əldə etməyə imkan yaradacaqdır. Lakin təəssüf ki, bu gün ölkəmizdəki sahibkarlar uzunmüddətli strategiyaya maraq göstərmir. Bununla belə, biznesin öz qanunları var. Həm iqtisadiyyatın nəzəriyyəsi, həm də praktiki reallıqlar göstərir ki, biznes uzunmüddətli strategiyanı sevir və bu yanaşma yalnız uğurlu və dayanıqlı nəticələrə gətirib çıxara bilər. Yaxşı tərəfi odur ki, uzunmüddətli strategiya ilə fəaliyyət göstərən sahibkarlarımız hələ də az olsa da mövcuddur. Onlar bu yanaşmanın faydalarını dərk edərək, daha sabit və gəlirli bir biznes qurmağı hədəfləyirlər”.

Nigar Orucova, “İki sahil”