21 fevral 2025 00:42
165

Keçmişdən gələcəyə uzanan körpü - Böyük Qayıdış

Sonrakı nəsillər bu torpaqlarda yalnız dağıntıları deyil, dirçəlişin və qürurun tarixini oxuyacaqlar

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkişafı ölkəmizin müasir tarixində prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan Böyük Qayıdışa dair I Dövlət Proqramı bu istiqamətdə sistemli və genişmiqyaslı fəaliyyətin əsasını təşkil edir. Proqram azad edilmiş torpaqların bərpası, əhalinin doğma yurdlarına qaytarılması və həmin bölgələrin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə həyata keçirilən strateji yol xəritəsidir. Bu fəaliyyət həm ölkəmizin gücünü və iradəsini, həm də milli birliyimizi və gələcəyə olan inamımızı əks etdirir. 2020-ci ildən başlayaraq azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə dövlət büdcəsindən ayrılan 22 milyard manata yaxın vəsait Azərbaycanın bu prosesə verdiyi böyük önəmi göstərir. Bu rəqəm yalnız maliyyə dəstəyi deyil, həm də dövlətin işğaldan azad edilmiş torpaqların yenidən dirçəldilməsi istiqamətindəki güclü iradəsini əks etdirir. 2025-ci il üçün nəzərdə tutulmuş 4 milyard manat isə bu strategiyanın davamlılığını təmin etmək məqsədilə ayrılmışdır. Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura müntəzəm səfərləri zamanı bərpa-quruculuq işləri ilə tanış olur, yaşayış məntəqələrinin və vacib infrastruktur obyektlərinin açılışlarında, təməlqoyma mərasimlərində iştirak edir.

Böyük Qayıdış çərçivəsində Cəbrayıl şəhərində də genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. İnfrastruktur yenilənir, yollar, sosial obyektlər, məktəblər və xəstəxanalar inşa olunur. Bu proses təkcə şəhəri abadlaşdırmaq üçün deyil, həm də sakinlərin layiqli həyat şəraitində yaşaması üçündür.

İşğaldan əvvəl və sonra: Cəbrayılın itkiləri və yeni quruculuq dövrü

Quruculuq işləri Cəbrayılın keçmişdə olduğu kimi, yenidən inkişaf etmiş bir şəhər kimi formalaşmasına xidmət edir. Bu torpaqlara həyatın qaytarılması təkcə yeni binaların inşası ilə məhdudlaşmır, eyni zamanda, Cəbrayılın tarixi irsini və mədəni mühitini canlandırmaq məqsədi daşıyır. İşğaldan əvvəl Cəbrayıl Azərbaycanın mühüm kənd təsərrüfatı və ticarət mərkəzlərindən biri idi. Rayon zəngin mədəni və maarifçilik mühiti ilə seçilirdi. Burada 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 78 kitabxana və 1 muzey fəaliyyət göstərirdi. 72 məktəbdə 1660-dan çox müəllim çalışırdı. Xüsusilə Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyi 20 mindən çox eksponatı ilə bölgənin tarixini əks etdirirdi.

Lakin 1993-cü ildəki işğal zamanı Cəbrayıl şəhəri və rayonun kəndləri tamamilə dağıdıldı. İşğal nəticəsində 1050 kvadratkilometr ərazi, 100-ə yaxın kənd, 72 məktəb, 150 mədəniyyət ocağı, 132 tarixi abidə talan edilərək məhv edildi. Rayona 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəydi. Mənəvi ziyanın ölçülməsi isə, sözsüz ki, mümkün deyil. Əhalisinin böyük hissəsi – 52 min nəfər – məcburi köçkünə çevrildi. Cəbrayıldan Birinci Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər isə əlil oldu, rayonun 6 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Cəbrayılın Böyük Qayıdışla başlayan yeni həyatı

Böyük dağıntılara və məcburi köçkünlük illərinə baxmayaraq, Cəbrayılın sakinləri doğma yurdlarına qayıtmaq ümidini heç vaxt itirmədilər. Onların illərlə qurduğu xatirələr, bu torpaqlara olan bağlılıqları Cəbrayılın ruhunu yaşatdı. Cəbrayıl təkcə coğrafi məkan deyil, həm də Azərbaycanın tarixi və mədəni kimliyinin ayrılmaz hissəsidir. Burada həyata keçirilən bərpa və yenidənqurma işləri işğaldan azad edilmiş digər bölgələr üçün də nümunə rolunu oynayır.

Prezident İlham Əliyevin tapşırığı ilə Cəbrayıla köç prosesi artıq intensiv şəkildə davam edir. 26 sentyabr 2024-cü ildə ilk köç karvanı yola salınmış və 36 ailə (117 nəfər) doğma yurduna qovuşmuşdu. Cəbrayıla 2-ci köç sentyabrın 28-i (41 ailə, 124 nəfər), 3-cü köç sentyabrın 30-u (40 ailə, 123 nəfər), 4-cü köç noyabrın 7-si (30 ailə, 150 nəfər), 5-ci köç  noyabrın 29-u (40 ailə, 200 nəfər), 6-cı köç dekabrın 2-si (34 ailə, 129 nəfər), 7-ci köç 25 dekabr 2024-cü il (49 ailə 253 nəfər), 8-ci köç 13 yanvar 2025-ci il (39 ailə, 165 nəfər), 9-cu köç 16 yanvar 2025-ci il (32 ailə, 153 nəfər), 10-cu köç 18 yanvar 2025-ci il (42 ailə, 206 nəfər), 11-ci köç isə 17 fevral 2025-ci il (42 ailə, 205 nəfər) tarixlərində baş tutub.

Bu günlərdə isə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Cəbrayıl şəhərinə növbəti -12-ci köç karvanı yola salınıb. Bu dəfə Cəbrayıla 37 ailə (212 nəfər) köçürülüb.  Beləliklə, Cəbrayıl şəhərinə köçürülən ailələrin ümumi sayı 462-yə (2037 nəfər) çatıb. Bu prosesin davam edəcəyi və daha çox məcburi köçkünün öz yurduna qayıdacağı gözlənilir.

Gələcəyin Cəbrayılı: Müasir, dayanıqlı və ekoloji cəhətdən təmiz şəhər

Uzun illər həsrət çəkən insanlar doğma torpaqlarına qovuşduqca, Cəbrayılın keçmişi ilə gələcəyi arasında möhtəşəm bir körpü qurulur. Bu şəhər təkcə yenidən qurulmur, həm də öz tarixi kimliyini bərpa edir. Cəbrayılın tarixi 8-ci əsrə qədər gedib çıxır. Bu, onun qədim məskunlaşma mərkəzi olduğunu göstərir. 1930-cu ildə rayon statusu alan Cəbrayıl şəhərinin ilk Baş planı 1984-cü ildə hazırlanmışdı. O zaman şəhərin ərazisi 258 hektar, əhalisinin sayı isə 5200 nəfər idi.

Bu gün isə Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl yeni dövrə qədəm qoyur. Azərbaycan dövləti bu əraziləri ağıllı kənd və şəhər modeli əsasında yenidən qurur. Bütün bu işlər tarixi ədalətin bərpası ilə yanaşı, həm də Cəbrayılın gələcəyinin müasir, dayanıqlı və ekoloji cəhətdən təmiz bir şəhər olaraq formalaşmasına xidmət edir.

Nəticə etibarilə Cəbrayılın bərpası sadəcə bir şəhərin yenidən qurulması deyil, bu torpaqlara ruhun, həyatın və tarixin qaytarılması deməkdir. Böyük Qayıdış proqramı çərçivəsində aparılan quruculuq işləri təkcə fiziki infrastrukturu deyil, həm də insanların doğma yurdlarına qovuşmasını təmin edir. Gələcək nəsillər bu torpaqlarda yalnız dağıntıları deyil, dirçəlişin və qürurun tarixini oxuyacaqlar. Cəbrayıl artıq keçmişi ilə gələcəyi birləşdirən, ən yeni dövrün simvoluna çevrilən bir şəhərdir!

Nigar Orucova, “İki sahil”