22 fevral 2025 00:43
158

Şəhidlərin xatirəsinə həsr olunmuş voleybol turniri

Masallı Rayon İcra Hakimiyyəti və Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş voleybol idman növü üzrə yarışın açılış mərasimi oldu.

Məktəbdə baş tutan Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadənin, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyevin, Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Sənan Sadıqovun, Masalı Uşaq Gənclər Şahmat İdman Məktəbinin direktoru Əlifağa Yaqubovun, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyevanın, şəhid ailələri, ziyalılar, kənd ağsaqqallarının qatıldığı mərasim ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanıldı.

Tədbiri məktəbin direktoru İlham Ağayev açdı. O, ölkəmizdə, eləcədə Masallıda şəhid adının uca tutulduğu, daim şəhid ailələrinə qayğı göstərildiyi və şəhidlərin xatirəsinə müxtəlif tədbirlərin təşkili artıq ənənə aldığını dedi.

Digər çıxışçılar- Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Masallı Rayon İcra Hakimiyyəti başçısının Hişkədərə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Səyavuş Feyruzoğlu, şəhid valideynləri Rəbiyyə Nehmətova, Səkinə Ağayeva və Həzrətqulu Lələyev bildirdilər ki, şəhidlərin xatirəsinə həsr edilmiş belə idman yarışlarının təşkili şagirdlər arasında vətənpərvərlik hissinin aşılanmasına, asudə vaxtın səmərəli olmasına yaxşı təsir göstərər.

Həmçinin Ulu Öndər və cənab Prezident İlham Əliyevin idmana göstərdiyi qayğıdan, bu sahədə qazanılan uğurlardan ətraflı danışıldı. E. Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin şagirdlərinin ifasında “Xudayar təsnifi” və şəhidlərə aid şeirləri ilə davam edən tədbirdə sonra yarışa start verildi.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü