21 fevral 2025 17:26
136

AQTA sədri Ağstafada vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli fevralın 21-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa, Qazax, Tovuz rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

Agentlikdən "İki sahil"ə verilən məlumata görə, AQTA sədri və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, onların bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb.

Qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.