21 fevral 2025 23:58
132

Son nəfəsində “Vətən” dedi...

Ümid İlqar oğlu Qasımzadə İkinci Qarabağ müharibəsində Vətənin yaşaması naminə sinəsini ona sipər edəndə ömrünün 19-cu ilini yaşayırdı. Cəlilabad rayonu, Göytəpə şəhərində dünyaya göz açan Ümid yaşının  bu az ilində yazdığı şanlı tarix ilə  bütöv bir xalqın qəhrəmanlıq simvoluna çevrilərək milyonların ürəyinə köçübdür.  Dövlət tərəfindən də odlu-alovlu müharibədə göstərdiyi fədakarlığa, mərdliyə yüksək qiymət  verilib. Ölümündən sonra   “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda”,   “Füzulinin azad olunmasına görə” medallarla təltif edilib.

Qarabağımızın xilaskar oğlu  Ümid  özünü dərk  edəndən doğma Azərbaycana,  dövlətinə və xalqına  ürəkdən bağlanıb.  Səmimiyyəti, yüksək əxlaqı, insanpərvərliyi onun Vətənə layiqli övlad olmasından xəbər verib. 2020-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlov adına Göytəpə şəhər 1saylı tam orta məktəbi bitirəndə, eləcə cəmiyyətdə yaxşı idmançı kimi də ad qoymuşdu. Belə ki, o, məktəbdə oxuduğu zaman   idmanın ağır atletika  növünə maraq göstərib,  Cəlilabad rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-də  məşq edib. Cəlilabadlı atletin uğurlarına gəldikdə isə  müxtəlif vaxtlarda Respublika və beynəlxalq səviyyəli yarışların iştirakçısı və mükafatçısı olub. Belə ki,  gənclər arasında Azərbaycan çempionatında 2019 və 2020-ci  illərdə gümüş medallarla pərəstişkarlarını  sevindirib.

Bir qayda olaraq haqsızlığa, ədalətsizliyə qarşı olan Ümid  erməni dığaların  Qarabağımızın işğalına  heç cür döz bilməyib. Elə  ordu sıralarına da düşməndən qisas almaq məqsədilə gedib.  Xidmət zamanı fəallığı, nizam-intizam ilə seçilib. Təmiz ürəkli, vicdanlı, qeyrətli gənc komandirlərin verdiyi tapşırıqları  vaxtında, dəqiq yerinə yetirib, Vətənini göz-bəbəyi kimi qorumaqla uğrunda canını, qanını  belə fəda etməyə  hər an hazır olub.

Ümid Qasımzadə həqiqi hərbi xidmətdə olanda  Vətən müharibəsi başlanıb. İgid əsgər  ilk gündən ölüm-dirim  savaşına  qatılıb.  Vətən, torpaq sevgisindən güc alan Ümid  döyüşdən –döyüşə  dığalara ciddi itkilər verib.  Həm də mərdliyi, qəhrəmanlığı  onunla çiyin-çiyinə döyüşən əsgərlərdə qələbəyə inam yaradıb.   Oktyabrın 13-də Füzulinin  azadlığı uğrunda tarix yazan Ümid  özü də qəfil  atılan yağı gülləsinə tuş gəlib. Son nəfəsdə də “Vətən” deyib şəhadətə qovuşub.

Bəli,  Azərbaycan  və dünya hərb  tarixinə  qızıl hərflərlə  yazılan 44 gülük haqq savaşımızda  Ümid kimi igidlərin qanı bahasına  Qarabağımız 30 ildən sonra azad  olundu, mənliyimiz və  kimliyimiz bütün millətlərə bilindi...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü