22 fevral 2025 01:59
165

Biz özümüzü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olduq

Dövlət başçısı İlham Əliyev bildirir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz

Bu gün Azərbaycan milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Bu mühüm məqamı daim qeyd edirik ki, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. Müstəqilliyimizin bərpasının ilk illəri tariximizə qaranlıq səhifə kimi yazılsa da 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyinin daimi və dönməzliyi üçün möhkəm təməl yaradıldı. Azərbaycanın 1993-cü ildən başlanan inkişaf, tərəqqi yolunun hansı uğurlara yol açdığını sadalamaqla bitməz. Bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimiz, suverenliyimizin tam bərpa edilməsi, Azərbaycanın yeni dövrə qədəm qoyması, yeni reallıqları ilə regionda və dünya siyasətində yeniliklər yaratması və sair kimi bir-birindən mühüm uğurlar bu yolun təqdimatıdır.

Hər bir ölkənin xarici siyasəti daxili siyasətinin davamıdır. Azərbaycanın daxili siyasət uğurları bütün sahələrdə özünün aydın ifadəsini tapır. İqtisadi müstəqilliyin təmin edilməsi ölkəmizin siyasi mövqeyinin möhkəmlənməsində, nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. İştirakçısı və təşəbbüsçüsü olduğu enerji layhələri ilə ölkələr, xalqlar arasında mütəmadi olaraq yeni körpülər quran Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqətdədir.Qısa olaraq bəzi məqamlara nəzər salaq. 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun təqdimatı kimi dəyərləndirildi. Azərbaycan Təhlükəsizlik Şurasına üzvlük müddətində beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdi. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi keçirilən görüşlərinin ideal məkanı kimi diqqət çəkib. Dünyada 200-ə qədər ölkənin olduğunu nəzərə alsaq, bu görüşlərin keçirilməsi üçün Azərbaycanın seçilməsinin onun yürütdüyü müstəqil xarici siyasətə olan hörmətin və etimadın göstəricisi olduğunu qeyd edə bilərik. Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əməkdaşlıq əlaqələri qurur və yeni-yeni istiqamətlər üzrə inkişaf etdirir. Azərbaycan dörd il - 2019-2023-cü illərdə BMT-dən sonra dünyanın ikinci ən böyük siyasi təsisatı olan Qoşulmama Hərəkatına sədrlik etdi. Tamhüquqlu 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı özündə birləşdirən Qoşulmama Hərəkatının məqsədi bəşəri dəyərlərin təbliğinə xidmət və bütün ölkələrin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə sadiqlik nümayiş etdirməkdir. Qoşulmama Hərəkatına üzv olan ölkələr Ermənistanın Azərbaycan torpaqlarını işğalı dövründə, eləcə də 44 günlük Vətən müharibəsinin gedişində və postmüharibə dönəmində bizim ədalətli mövqeyimizi dəstəkləyib. Həmin ölkələr BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinə mane olublar. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə qurumun beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verdi. Qoşulmama Hərəkatının institusional inkişafı, beynəlxalq aləmdə nüfuzunu yüksəltmək baxımından önəmli yol qət etdi. Azərbaycan dünyanı bürüyən COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanda qurumun bir sıra üzvlərinə yardımlar göstərdi. Bu yardımlar həm birbaşa, həm də Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə baş tutdu. Onu da qeyd edək ki, Prezident İlham Əliyev quruma üzv ölkələrin adından koronavirusa qarşı BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəklədi və sonda bu beynəlxalq əhəmiyyətli tədbir uğurla baş tutdu. Azərbaycan yalnız COVID-19 ilə bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımlar göstərdi. 

Azərbaycanın xarici siyasətində çoxtərəfliliyin tərəfdarı olması uğurlarında özünün aydın ifadəsini tapır. Qoşulmama Hərəkatına sədrliyi dövründə qazandığı təcrübə ölkəmizin ötən il dünyanın 200-ə yaxın ölkəsindən 76 mindən çox iştirakçını Bakıya toplayan COP29 tədbirinə ev sahibliyində öz sözünü dedi. Yüksək səviyyətə təşkilatçılıq və hazırlıq iştirakçılar tərəfindən yüksək dəyərləndirildi. Azərbaycanın dünya birliyində söz sahibliyini təsdiqləyən nəticələr növbəti COP-lar üçün stimul olacağı xüsusi qeyd edildi. COP-un Bakı nailiyyəti iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirildi. Dövlət başçısı İlham Əliyev 55-ci Dünya İqtisadi Forumu çərçivəsində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində də qeyd etmişdir ki, hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, bizim namizədliyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəkləndi. Bu onu göstərir ki, bizim dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir. Ona görə də biz belə qlobal, beynəlxalq bir tədbirə ev sahibliyi edə bilərik.

Təbii ki, Azərbaycanın ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri ev sahibliyi etdiyi tədbirlər təqdimatında əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev bu məqamı ilin əvvəlində yeri televiziya kanallarına müsahibəsində xüsusi olaraq vurğuladı. COP29 iqlim konfransından geniş bəhs edən cənab İlham Əliyev “Mən bunu bir daha çox böyük uğur adlandırardım. Bizim üçün daha bir mühüm amil ölkənin təqdimatı idi” söyləyərək onu da əlavə etdi ki, bizim regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi. Mənim görüşdüyüm və ölkəmizə ilk dəfə səfər edənlərin hamısı gördüklərinin onlarda dərin təəssürat yaratdığını söyləyirdilər. Çünki Azərbaycan haqqında məlumat qıtlığı, ölkəmiz haqqında məqsədyönlü dezinformasiya bir çoxlarının fikirlərinə təsir edir və onlar Azərbaycana gəlib fəal cəmiyyət, savadlı insanlar, peşəkar personal, şəhərin gözəlliyi və cəmiyyətdə ümumi rahatlığı gördükdə, bu, əlbəttə ki, fərqli təəssürat yaradır. Beləliklə, biz müxtəlif hədəflərə çatmışıq və bu, Azərbaycanın növbəti uğurudur.

Azərbaycanın D-8 təşkilatına üzvlüyü də iqtisadi və siyasi uğurlarımızın təqdimatı oldu. Ölkəmizin neft-qaz sektorunda, həmçinin yaşıl enerjiyə keçiddə qazandığı nailiyyətlər, tarixi Zəfərimizdən və suverenliyimizin bərpasından sonra yeni reallıqlar fonunda möhkəmlənən mövqeyi, artan nüfuzu bu təşkilata üzv qəbul olunmasını şərtləndirdi. Azərbaycanın ilk dəstəkləyən qardaş Türkiyə oldu. Onu da qeyd edək ki, Azərbaycanı İslam dünyasının birliyinə töhfələri də D-8 təşkilatına üzv qəbul olunmasında əhəmiyyətli rol oynadı. “Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olmuşdur. Əgər siz İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin açıqlamalarına diqqət yetirsəniz görərsiniz ki, bütün dövrlərdə bu təşkilat, - hansı ki, bütün müsəlman ölkələrini birləşdirir, - Azərbaycanla bağlı çox müsbət fikirdə olub” bildirən dövlət başçısı İlham Əliyev vurğulayır ki, bizim İslam həmrəyliyi ilə bağlı addımlarımız, Azərbaycanda İslam dininə olan hörmət, dinlərarası münasibətlər, müsəlman ölkələrinin xətti ilə bir çox tədbirlərin keçirilməsi, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi qeyd edilməlidir. Biz bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də daim müsəlman ölkələrinin maraqlarını müdafiə edirik. Biz bütün təşkilatlarda, əgər hansısa təşkilatda rəhbər vəzifəyə seçim keçirilirsə və orada müsəlman ölkəsinin nümayəndəsi varsa, mütləq avtomatik olaraq, o nümayəndəyə səsimizi veririk.

Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti informasiya cəbhəsində üstünlüyünü qorumasında əhəmiyyətli rol oynayır. Ölkəmizin uğurlarını, müstəqil siyasətini həzm edə bilməyən bəzi dövlətlər, dairələr mütəmadi olaraq Azərbaycana qarşı heç bir əsası olmayan fikirlər səsləndirirlər. Bütün bu cəhdlər hər zaman dövlətimizin uğurlu siyasətinin qarşısında iflasa uğrayır.

Hazırkı dövrün əsas çağırışlarından biri sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan dünya hərb tarixində bəlkə də birinci olar ki, belə bir addımı atdı. Tarixi Zəfərimizdən sonra Ermənistana sülh təklifinin edilməsi ölkəmizin humanist siyasətinin tərkib hissəsidir. Hansı ki, mənfur düşmən 30 il torpaqlarımızı işğal altında saxladı, soydaşlarımız qaçqın və məcburi köçkün həyatını yaşadılar, bu torpaqlarda bütün tarixi və dini abidələrimiz dağıdıldı, törədilən hərbi təxribatlar nəticəsində nə qədər itkilərimiz oldu. Yaxın günlərdə 33-cü ildönümünü qeyd edəcəyimiz Xocalı soyqırımı erməni vəhşiliyinin ən bariz göstəricisidir. Azərbaycanın sülh müqaviləsinin imzalanması təklifi bunları unutmaq anlamına gəlmir. Yeni dövrün reallıqlarına uyğun olaraq bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması mütləqdir. Hadisələrin təhlili göstərir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı olsa da siyasətində müstəqil olmaması, hər zaman havadarlarının göstərişləri əsasında hərəkət etməsi yenə də konkret addım atmasına mane olur. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və tərkiblərdə keçirilən görüşlərdə Ermənistan baş nazirinin Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən təklifini dəstəkləyib görüşdən sonra tamamilə başqa fikirlər səsləndirməsi də bunun təsdiqidir. Hər iki tərəf biri-birinin ərazi bütövlüyünü dəstəkləyir. Reallıq budur ki, Fransa kimi ədaləti və beynəlxalq hüququ maraqlarına qurban verən dövlətlər Ermənistanı silahlandırmaqda davam etməklə regionda vəziyyəti gərginləşdirmək istəklərini açıq-aşkar büruzə verirlər.

Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında, müsahibələrində diqqəti sülh müqaviləsinin imzalanmasının uzadılmasına yönəldərək çağırışlarını səsləndirir. “İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri Ermənistanda çox ciddi qəbul edilməlidir. Ermənistanda gedən silahlanma prosesi əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Mən artıq bunu demişəm, bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər” söyləyən cənab İlham Əliyev bu çağırışı da edir ki, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək. Çağırışlar sırasında bu mühüm məqam da xüsusi qeyd edilir ki, Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın.

Qısa təhlil bu ümumiləşdirməyə əsas verir ki, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti regionda və dünyada müsbət yeniliklərə, sülhə, təhlükəsizliyə, Ermənistanın formal xarakter daşıyan müstəqil siyasəti isə gərginliyə xidmət edir. Bu ölkənin bəzi dünya güclərinin maraqlarının ifadəçisinə çevrilməsi çoxsaylı sualların yaranmasına səbəb olmaya bilməz. Cənab İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində də bu məqamları bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Qeyd etdi ki, Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir. Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz. Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır. Biz özümüzü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olduq. Lakin heç də hər bir ölkə bunu etmək üçün potensiala malik deyil. Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı bizim layiq olduğumuz yerə gətirib çıxardı.

Yeganə Əliyeva, “İki sahil”