Respublika fənn olimpiadalarının yarımfinal mərhələsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəbləri üzrə 718 şagird iştirak edib.
“İki sahil” xəbər verir ki, yarımfinal mərhələsi Xaçmazda Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə və Qubada Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində yaradılan mərkəzlərdə təşkil olunub.
Rayon mərhələsində uğur qazanaraq yarımfinalda iştirak hüququ qazanan şagirdlərin 262-si Quba, 186-sı Xaçmaz, 113-ü Şabran, 92-si Qusar, 65-i isə Siyəzəndə yerləşən məktəblərdə təhsil alır.
Fənn olimpiadalarının I mərhələsinin nəticələrinə əsasən, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 187, riyaziyyat fənni üzrə 172, coğrafiya fənni üzrə 111, tarix fənni üzrə 83, informatika fənni üzrə 59, fizika fənni üzrə 40, kimya fənni üzrə 34, biologiya fənni üzrə 32 region məktəblisi yarımfinal turuna vəsiqə qazanmışdı.
Olimpiadaların təşkilində əsas məqsəd istedadlı şagirdlərin aşkarlanması, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.