Federal seçkilərdə ağır məğlubiyyətə uğrayan Sosial Demokrat Partiyası (SPD) Hamburq əyalət parlamentinə keçirilən seçkilərdə qalib gəlib.
“İki sahil” xəbər verir ki, SPD seçicilərin 34,2 faizinin səsini toplayıb. Qeyd edək ki, partiya sonuncu seçkilərdə 39,2 faiz səs yığmışdı.
Bundestaqa seçkilərin qalibi olan Xristian Demokratlar İttifaqı (CDU) 19,2 faiz səs toplayıb. Partiya bu nəticə ilə parlament fraksiyasını əhəmiyyətli dərəcədə genişləndirib. Yaşıllar Partiyası 18,9 faiz, Sol Partiya 11,3 faiz, Almaniya üçün Alternativ Partiyası (AfD) isə 7,4 faiz səs yığıb.
Bu nəticələrlə SPD 121 yerlik əyalət parlamentində 45 mandat qazanıb. CDU 26, Yaşıllar 25, Sol Partiya 15, AfD isə 10 deputatla təmsil olunacaq.
Hamburq əyalət parlamentinə seçkilər digər partiyalar, o cümlədən Azad Demokratlar Partiyası (FDP), Sahra Vaqenknext İtttifaqı (BSW) və Volt üçün ciddi uğursuzluqla nəticələnib. Həmin partiyalar 5 faizlik seçki baryerini keçə bilmədikləri üçün parlamentə daxil ola bilməyiblər.