Xalidin ağlı kəsəndən bütün eşqini, məhəbbətini Vətəninə, torpağına verib. Elə bu ilahi sevgidir ki, İkinci Qarabağ müharibəsi başlanan günü o, könüllülər sırasında qorxmadan özünü odun-alovun içinə atıb. Nəticədə son damla qanına qədər düşmənlə döyüşüb xalqın 30 ilik torpaq həsrətinə öz qanı, canı bahasına son qoyan minlərlə ölümsüzlüyə qovuşan qəhrəmanlardan bir olub. Sədaqəti, mərdliyi ilə əbədi ömür qazanan, bütün Azərbaycanın iftixarına dönən Cəlilabad elinin qəhrəman oğlu ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və digər medallara layiq görülüb. Əmanət qoyduğu iki övladı da qeyrət bulağından içə-içə Vətənin gələcəyi üçün boy atırlar...
Cəlilabad rayonunun Moranlı kəndində dünyaya göz açan Xalid Rafiq oğlu Qasımov 2013-cü ildə Qara Kazımlı adına tam orta məktəbini yaxşı qiymətlərlə bitirib. Məktəbdə oxudu zaman müəllimlərinin böyük rəğbətini qazanan Xalıd hərbi hazırlıq fənninə xüsusi maraq göstərib. 2014-2015-ci illərdə cəbhə bölgəsində müddətli həqiqi hərbi xidmət dövründə canından artıq sevdiyi Vətənin keşiyində ləyaqətlə dayanıb. Çətin sınaqlardan üzüağ çıxmaqla əsl qeyrətli oğul kimi tanınıb, sevilib.
Əsgərlikdən sonra işğalçı dığalardan qisas almaq məqsədilə həyatını hərb sənətinə bağlayıb. Bütün arzuların zirvəsində Vətənin, xalqın xoşbəxtliyi dayanan Xalid Qasımov 24 avqust 2019-cu ildən Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Böyük Kəsik sərhəd nəzarəti şöbəsində xidmətə başlayıb.
Qısa müddət ərzində intizamı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ona kollektivin böyük hörmətini qazandırıb. Ən yaxşı xüsusiyyəti bir də düşmənə əsir düşən Vətən torpaqların azadlığı naminə həmişə öyrənməyə can atması olub. Bütün təlimlərdə fərqlənən Xalid hər zaman düşmən tapdağında əzilən torpaqların azad olunması uğrunda döyüşlərdə iştirak etməyi arzulayıb və bu yolda özünə ölümü əsl şərəf bilib. Məhz buna görə də 44 günlük haqq savaşımız başlayan andan “Mütləq qələbə bizim olacaq” deyib odlu-alovlu səngərdə yağıya qan qusdurub. Hər gün də onun qələbə sorağı ən qaynar nöqtələrdən gəlib.
Çoxlu sayda düşmən yaraqlısını məhv edən, döyüşdən-döyüşə bərkiyən kiçik gizir Xalid Qasımov 12 oktyabr 2020-ci il tarixində Cəbrayılda ağır, qeyri-bərabər müharibə meydanında yüksək rəşadət və şücaət göstərib. Lakin bu onun son döyüşü olub. Qəfil atılan yağı gülləsi Xalidin Vətənə sevdalandığı ürəyinə dəyib. Beləcə 24 yaşında gələcək nəsillər üçün örnək olacaq bir tarix yazaraq əbədi gözlərini yumub...
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü