04 mart 2025 02:58
129

“Qırmızı xaç”la “qara xaç”ın bəd əməlləri

Birləşib yeni uydurmalar irəli sürdülər

Azərbaycana qarşı bədxahlığı ilə tanıdığımız Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyi açıq-aşkar təxribatla və dezinformasiya ilə məşğul olur.  Müharibədən beş ilə yaxın vaxt keçəndən sonra təşkilat iddia edir ki, guya 2020-2023-cü illərdə Qarabağda 429 nəfər erməni “itkin düşüb” və hələ onlar barədə məlumat yoxdur. Guya onlar münaqişənin gedişində “itkin düşüblər”. BQXK-nın Ermənistan nümayəndəliyinin yaydığı məlumata görə, 62 ailə itkin düşmüş qohumlarının taleyinin öyrənilməsi xahişi ilə Komitəyə müraciət edib və axtarış sorğusu verib. Ailələrdən alınan ifadələrə görə, guya 2020-2023-cü illərdə “münaqişənin qızışması” nəticəsində bu qədər insan itkin düşüb və qurum da onların sorğusuna əsasən araşdırma aparır. BQXK-nın Ermənistan nümayəndəliyinin bu iddiası özündə başqa mətləbləri və dezinformasiyanı əks etdirir. Təəccublüdür ki, Qırmızı Xaç Komitəsi bu  “araşdırmanı” nə üçün elə həmin illərdə aparmırdı? Separatçılar kimin harada olduğunu yaxşı bilirlər.  Nə üçün İrəvanda Samvel Şahramanyandan soruşmurlar, axı,ətrafına yığdığı başkəsən hayların həyatına cavabdehliyi o daşıyırdı. Ya da Azərbaycan dövlətindən icazə alıb Bakıdakı quldurbaşılardan yoxa çıxardıqları terrorçuların yerini soruşsunlar, çünki onlar kimi hara göndərdiklərini yaxşı bilirlər. Aydın məsələdir ki, erməniləşmiş qırmızı xaçlılar quraşdırdıqları dayaz ssenari ilə Azərbaycana sataşmağı, qaşınmayan yerdən qan çıxarmağı qarşılarına  məqsəd qoyublar.

Unutmuruq ki, Birinci və İkinci  Qarabağ müharibəsində Azərbaycandan itkin düşmüş hərbçilərimiz və mülki şəxslərimiz var. Amma bu illər ərzində Qırmızı Xaç Komitəsi ölkəmizə heç zaman ciddi yardım göstərməyib. Əksinə, Azərbaycana qarşı qanlı cinayətlərdə iştirak etmiş erməni separatçılarına hərtərəfli köməyə can atması, onları hifz etməsi ilə fərqlənib. BQXK Xankəndidə ofis açmışdı. Amma BQXK-nın Xankəndidəki nümayəndəliyi Bakıya deyil, Komitənin İrəvan nümayəndəliyinə tabe idi. BQXK-nın bu addımı atmaqla beynəlxalq hüquqa, Azərbaycan qanunlarına hörmətsizlik nümayiş etdirirdi. Lazımi mandata və itkin düşmüş vətəndaşların axtarışına kömək etmək üçün real imkanlara malik olmasına baxmayaraq, BQXK dörd minə yaxın azərbaycanlının taleyini müəyyən etmək üçün heç bir təşəbbüs göstərməyib. Təəccüblüdür ki, indiyə qədər “itkinlərin” sayı haqda danışmırdılar, indi bu rəqəmi haradan alıb ortaya atırlar? BQXK-nın Ermənistan nümayəndəliyi bu əsassız iddianı hansı məqsədlə irəli sürür? Ümumiyyətlə, müharibə bitdiyi və Azərbaycan ərazi bütövlüyünü bərpa etdiyi üçün Qırmızı Xaç Komitəsinin ölkə ərazisində fəaliyyətinə zərurət yoxdur.

Yeri gəlmişkən, fevralın 7-də Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistanın Əsir düşmüş, saxlanılmış və itkin şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş baş tutub. Bildirilir ki, görüşdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb və komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Qarabağ müharibəsi zamanı Azərbaycanın 3983 vətəndaşı itkin düşüb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, Birinci Qarabağ müharibəsi də daxil olmaqla, itkin düşən ermənilərin ümumi sayı min nəfərə yaxındır. Sadəcə, “Qırmızı Xaç” tez-tez ermənipərəst mövqedən çıxış edir. Onlar Qarabağda da min oyundan çıxırdılar, heç bir fövqəladə vəziyyət olmadığı halda panika görüntüsü yaradırdılar. Axı, ara qarışdırmaqda, nifaq salmaqda hayların tayı-bərabəri yoxdur.

Nə Vətən müharibəsi, nə antiterror əməliyyatı dövründə ermənilərin itkin düşməsi haqqında məlumat olmayıb. Sonra onlar bölgədən köçdülər və yenə də itkinlər haqda yenə də heç bir məlumat olmadı. Görünür, bu uydurmanı gec irəli sürdüklərinə peşman olublar. Bu informasiyalarla özlərini yenidən gündəmə gətirmək məqsədi güdürlər. Xatırlayaq ki, bir müddət əvvəl iki ölkə arasında görüş oldu, orada da ermənilər tərəfindən itkin düşənlər barəsində hansısa  rəqəmlər səslənmədi. Deməli, belə bir fakt yoxdur. Sadəcə, yayılan bu informasiyalar hərbi-siyasi şoudan başqa heç nə deyil.  Azərbaycan həmişə humanizmi üstün tutub və beynəlxalq konvensiyalara riayət edib. Ermənilər nümunə gətirsinlər ki, bizim əsir düşən və ya yaralı hərbçimizə kömək ediblər. Amma Azərbaycan yaralı erməni hərbçilərlə hər zaman humanist davranıb. Ona görə də əsir düşənlər barədə fakt varsa, ortaya qoysunlar. Hayların əllərində  hər hansı dəlil yoxdur və uydurma faktlardan heç nə alınmaz.

Əgər hayların 400-dən çox itkini varsa, qoy ad-soyadlarını göstərsinlər. 1992-ci ildən bu yana Azərbaycanın 4 mindən çox itkin düşən vətəndaşı var. Bu illər ərzində “qırmızı xaçlı”ların “axtarışlarının” heç bir müsbət nəticəsi olmayıb. Otuz üç ildən sonra nəhayət, hökumətlərarası görüşlərdə razılıq əldə olunub ki, tərəflər itkin düşənlərlə bağlı araşdırma aparsınlar və bir-birlərini məlumatlandırsınlar.

Vəli İlyasov, “İki sahil”