04 mart 2025 00:26
88

Qarabağ və Şərqi Zəngəzur daha gözəl olacaq

Ermənistan üzərində qazandığımız Qələbədən sonra xalqa müraciətində keçmiş köçkünlərin tezliklə doğma yurdlarına qayıdacağı vədini verən Prezident İlham Əliyevin sözləri artıq reallığa çevrilir. İşğaldan azad edilmiş torpaqlarımız doğmalarının nəfəsi ilə yenidən canlanır. Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən islahatlar nəticəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən qurulur, infrastruktur yenilənir, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir, keçmiş məcburi köçkünlər mərhələli şəkildə yenidən doğma yurdlarında məskunlaşırlar. Həyata keçirilən genişmiqyasılı bərpa- quruculuq işləri yüksək səviyyədə davam etdirilir.

Bu ilin yanvar ayında yerli televiziya kanallarına müsahibəsində «Biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni, bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq» söyləyən Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilən yolların müasir tələblər səviyyəsində yenidən qurulması Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan digər quruculuq işlərinin də sürətlə aparılmasını təmin edir. İşğaldan azad edilmiş ərazilərdə artıq 6 avtomobil yolunun tikintisi başa çatdırılıb. Yol-nəqliyyat infrastrukturuna aid 38 layihənin isə 2025-2026-cı illərdə başa çatdırılması nəzərdə tutulub. Bu inkişaf dəmir yol infrastrukturuna da aiddir. Belə ki, Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihələndirmə işləri bitib və tikinti işləri davam etdirilir. Bərdə-Ağdam dəmir yolu xəttinin çəkilişi başa çatıb. Ağdam avtovağzal və dəmir yolu vağzalı kompleksinin tikintisi həyata keçirilir. Eyni sevindirici sözləri ölkəmizin hava yolları haqqında da söyləmək olar. İstifadəyə verilən Füzuli , Zəngilan Beynəlxalq Hava Limanlarından sonra inşa olunan və tikintisi sürətlə davam etdirilən Laçın Beynəlxalq Hava Limanının bu il istifadəyə verilməsi ilə ölkəmizdə əsas gəlirli sahələrdən olan turizmin inikşafına da diqqət artırılacaq.

İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə bölgələrdə sənaye müəssisələrinin yaradılması da proqram əsasında həyata keçirilir. İqtisadi inkişaf sahəsində yaşıl enerjidən , o cümlədən bərpaolunan enerjidən səmərəli istifadə əsas sahə kimi diqqətdə saxlanılır. Artıq Şərqi Zəngəzur, Qarabağ, Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonasına çevrilir. Vətən müharibəsindən ötən 4 il ərzində 270 MVt gücündə 32 su elektrik stansiyası istismara verilib. 2025-ci ildə isə daha 11 su elektrik stansiyasının açılışı planlaşdırılır. Ümumilikdə isə növbəti illərdə əlavə olaraq 200 MVt-lıq su elektrik stansiyalarının tikilməsi nəzərdə tutulur. Təkcə 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda ölkə rəhbərliyinin iştirakı ilə 7 su elektrik stansiyasının açılışı olub. Şərqi Zəngəzur və Qarabağda yaradılan sənaye zonaları da bölgədə inkişafın intensivliyini artırır. Dövlət başçımızın fərmanları ilə yaradılan, Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük sənaye mərkəzi hesab edilən Ağdam Sənaye , Cəbrayıl rayonundakı «Araz Vadisi İqtisadi Zonası”» Sənaye parklarında sahibkarlara əlverişli şərait, insanlar üçün yeni iş yerləri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdə elektrik paylayıcı avadanlıqları, elektrik yuvalarının və beton yarımstansiyaların, dam və fasad örtüklərinin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatları, divar kağızları, müxtəlif növ ayaqqabılar, avtomatlaşdırma və telemexanika sistemləri, məsaməli hörgü blokları istehsal edilir. Sevindirici haldır ki, Ağdam Sənaye Parkında istehsal olunan məhsullardan işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilməklə yanaşı, daxili bazarda da geniş satışı həyata keçirilir. «Araz Vadisi İqtisadi Zonası» Sənaye Parkında logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri və digər istiqamətlər üzrə müəssisələr fəaliyyət göstərir. Hər iki iqtisadi rayonda aparılan tikinti-quruculuq işlərinin nəticəsidir ki, Şərqi Zəngəzura, Qarabağa Böyük Qayıdış Proqramı üzrə köç davam edir. Artıq Zəngilanın Ağalı kəndi ilə yanaşı, Ağdərə rayonunun Talış kəndində, Füzuli şəhərində, Şuşa şəhərində, Laçın şəhərində və rayonun Sus, Zabux kəndlərində, Cəbrayıl şəhərində, Xocalı şəhərində və rayonun Ballıca kəndində on mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib. Bu ilin sonuna qədər daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünün yerləşdirilməsi planlaşdırılır. «Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar» söyləyən Prezident İlham Əliyevin tapşırıqlarına uyğun Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri daha da sürətlənib.

Bu günlərdə Qarabağa səfəri zamanı Azərbaycanla Özbəkistanın birgə müəssisəsi olan Xankəndi Tikiş Fabrikinin fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilmişdi ki, iki dost ölkənin birgə layihəsi olan, 1,2 hektar sahəni əhatə edən fabrikin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. Müəssiyə bu günədək 5,5 milyon manat sərmayə qoyulub. Fabrikin xammalla təminatı birgə əməkdaşlıq sayəsində həyata keçirilir. Fabrik tam gücü ilə işlədikdən sonra burada yerli pambıq xammalı əsasında parça toxunması üçün istehsal sahəsinin yaradılması nəzərdə tutulur. Fabrikdə hazırda 300 nəfər qadın işlə təmin olunub. Ümimilikdə isə müəssisədə 800 qadının işləməsi üçün potensial formalaşıb. Müəssisə fəaliyyətə başlayandan bəri 50 minə yaxın idman köynəyi istehsal edilib. Bu il 924 min ədəd köynək istehsalı planlaşdırılır. Gələcəkdə isə Xankəndi Tikiş Fabrikində ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsalı nəzərdə tutulur. Fabrikdə istehsal olunacaq məhsullar müxtəlif ölkələrə də ixrac ediləcək. Yüngül sənayenin inkişafı üçün yeni imkanlar açan fabrik, eyni zamanda, Özbəkistanla Azərbaycan arasındakı ənənəvi dostluğu, qardaşlığı iqtisadi tərəfdaşlıq əlaqələrini möhkəmləndirir.

Xatırladaq ki, ötən ilin noyabrında Bakıda keçirilən COP29 tədbiri zamanı Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən videobağlantı vasitəsilə açılışı keçirilən Xankəndi Tikiş Fabriki Qarabağın ən böyük müəssisələrindəndir.

Bu günlərdə Qarabağa səfəri çərçivəsində Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kəndə köçən bir qrup sakinlə görüşən Prezident İlham Əliyev Böyük Qayıdış Proqramının icrası ilə bağlı görülən işlərdən bəhs etmiş, yeni açılan müəssisələri, görülən işləri insanların rahat yaşaması naminə həyata keçirilən islahatların uğurlu nəticələri kimi dəyərləndirmişdir. «Dünən Ağdam rayonunda gedən quruculuq-bərpa işləri ilə tanış olmuşam. Bu gün buradayam. Eyni zamanda, Xankəndidə də olmuşam, orada da gözəl işlər görülür, yeni iş yerləri, yeni müəssisələr yaradılır. Mənim Sərəncamımla Qarabağ Universiteti yaradılmışdır. Orada mindən çox tələbə oxuyur. Orta məktəblər, tibb məntəqələri inşa olunur. Yəni, həyat üçün nə lazımdırsa, hər şeyi edirik, həm şəhərləri, həm də kəndləri bərpa edirik» söyləyən dövlət başçımız Ballıca kəndində görülən işlərin son mərhələdə olduğunu da diqqətə çatdırmışdır. Kənddə artıq 137 ev bərpa edilib. Əlavə 60-a yaxın ev bərpa olunacaq. Kənddə yerləşən 460 keçmiş köçkünün təsərrüfat işləri ilə məşbul olması üçün lazımi şərait yaradılıb.

«Bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük. Əlbəttə ki, Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur. Mənim də Prezident kimi əsas borcum bu gün bundan ibarətdir. İşğala son qoyduq, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində bu bölgəni də işğaldan azad etdik. Ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunmuşdur və indi həyatı bərpa edirik. Yəni, hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir. Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində» sözləri ilə görülən işlərin miqyasının getdikcə genişləndiyini bildirən Prezident İlham Əliyev vurğulamışdı ki, müharibənin ağrı-acılarını daha çox yaşamış Xocalı şəhərini bərpa etmək bizim ən başlıca borcumuz idi: «Nəinki Xocalı, Xankəndi də, Ağdərə, Xocavənd və Əsgəran rayonları da işğalçılardan tam azad edildi. Yüzlərlə kənd artıq öz sahiblərini gözləyir. Ballıca kəndi bərpa etdiyimiz və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Yəni, bu, Böyük Qayıdış Proqramının birinci mərhələsinə aiddir. Artıq burada, yenə də deyirəm, 500-ə yaxın insan yaşayır. Həm o vaxt bu bölgədə yaşayan vətəndaşlar, eyni zamanda, onların uşaqları, nəvələri, nəticələri qayıdıblar. Bu, bir daha onu göstərir ki, xalqımız öz torpağına nə qədər bağlıdır. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, yaxud da ki, gənc insanlar həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar.» Görülən işlər xalqımızın torpağa, yurda bağlılığının ən ülvi keyfiyyətlərindəndir. Bildirilmişdir ki, kənddə bərpa-quruculuq prosesi davam edir. İnsanların rahat, təhlükəsiz və xoşbəxt yaşamaları üçün bütün infrastruktur yenilənir.

Xuraman İsmayılqızı, «İki sahil»