2025-ci ilin 22 fevral tarixində ehtiyatda olan polis general-mayorı Ərziman Əliyevin ürəyi əbədi olaraq dayandı. Peşəkar, gözəl ailə başçısı, sadiq dost - o, bütöv parlaq və layiqli bir həyat yaşadı.
Ərziman Mikayıl oğlu Əliyev 1956-cı ildə Göyçay rayonunda anadan olmuşdur. 1975-1977-ci illərdə Qazaxıstan Respublikasının Karaqanda şəhərində ilk hərbi xidmət keçmiş və hərbi xidmətini başa vurandan sonra Vətənə qayıtmışdır.
1977-ci ildə Moskva Kooperativ İnstitutunun Bakı filialına daxil olub. Sonra təhsilini yarımçıq qoyaraq Karaqandaya qayıdıb, SSRİ Daxili İşlər Nazirliyinin Karaqanda Ali Milis Məktəbində sıravi milis nəfəri kimi işə başlayıb, 1979-ci ildə isə həmin ali məktəbə qəbul olunub.
1981-ci ildə Karaqanda şəhəri Lenin rayon Daxili işlər şöbəsində cinayət-axtarış idarəsinin əməliyyat müvəkkili vəzifəsinə təyin olunub. 1984-ci ilin iyulunda Ali Milis Məktəbini bitirib və ailə vəziyyətilə bağlı Azərbaycana qayıdıb. 1985-ci ilin iyulunda Ağdaş rayon 8 saylı İslah Əmək Düşərgəsində əvvəlcə əməliyyat müvəkkili, sonra əməliyyat hissə rəisi vəzifələrində çalışıb. 1988-ci ilin aprelindən Ucar Rayon Polis Şöbəsində (RPŞ) İctimai təhlükəsizlik bölməsinin rəisi, Cinayət axtarış bölməsinin rəisi (1990-1992), əməliyyat işləri üzrə rəis müavini (1992-1996), Ucar RPŞ-nin rəisi (1996– 2001), Göyçay RPŞ-nın rəisi (2001-2004) vəzifələrində işləyib. 2004-cü ildə polkovnik rütbəsi alıb.
2004-2007-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2007-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib, ona general-mayoru rütbəsi verilib. 2016-ci ilə qədər həmin idarənin rəisi işləyən Əliyev polis orqanlarında xidmət keçmənin yuxarı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Ə.Əliyev daxili işlər orqanlarında xidmət etdiyi illərdə “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyul 2011-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Onun bir çox digər mükafatları və fəxri fərmanları da olunub.
Ə.Əliyev etimad göstərilən bütün sahələrdə Vətənə layiqli xidmət nümunəsi, tapşırılan işə vicdanlı, məsuliyyətli və prinsipial yanaşma nümayiş etdirib. Hər zaman peşəkarlığı, vicdanlılığı, vəzifəsinə sədaqəti və əməksevərliyi ilə seçilib. Bu keyfiyyətlər həmişə onun qəlbinin hərarəti və iş yoldaşlarına diqqətli münasibəti ilə ayrılmaz vəhdət təşkil edib.
Xüsusi qeyd etmək lazımdır ki, o, daxili işlər orqanlarındakı peşəkar fəaliyyəti ilə yanaşı, bir sıra digər sahələrə aid dərin bilikləri və məlumatlılığı ilə fərqlənirdi. Onun tarix, ədəbiyyat sahəsindəki bilikləri, tarixi şəxsiyyətlər haqqında orijinal fikirləri dostları və həmkarları arasında həmişə çox maraqla qarşılanırdı.
Ərziman Əliyev 69 yaşında bu həyatdan köçdü. Onun işıqlı siması iş yoldaşlarının və dostlarının qəlbində əbədi yaşayacaq, xatirəsi unudulmayacaqdır.
Allah rəhmət eləsin. Məkanı cənnət olsun.
Rövşən Ağayev,
Azərbaycan Yazıçılar Birliyinin üzvü