03 mart 2025 22:12
108

"Görən niyə belə darıxıram",… "Qəlbdən- qəlbə gedən yol"

Şairə Aləmzər Xudiyevanın işıq üzü görən beş kitabı onun yaradıcılığının təqdimatı, gələcəyə doğru atdığı addımlara stimuldur

Türk yazarı Cemil Meriç kitabı limana bənzədir. Bildirir ki, kitablarda yaşadım və kitablardakı insanları küçələrdəkindən daha çox sevdim. A.M.Upit isə kitabı həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çırağa bənzədir. Kitablar haqqında söylənilən hər bir fikrin əsasında onu ərsəyə gətirən müəllifin duyğuları, keçmişdən gələcəyə uzanan xəyalları, oxucuya qəhrəmanının vasitəsilə çatdırmaq istədiyi məqamlar və sair kimi sadalamaqla bitməyən gerçəkliklər dayanır.

Azərbaycanın dilbər guşəsi-bağlı-bağatlı Ordubad rayonunda dünyaya göz açan Aləmzər Xudiyeva hələ orta məktəb illərindən şeir yazmağa başlayıb. İlk yazıları yerli rayon qəzetində çap edilib. Onun ilk kitabı 2009-cu ildə çap olunub. «Görən niyə belə darıxıram» adlı kitabı Aləmzər Xudiyevanın oxucuları ilə ilk görüşüdür. Kitabı vərəqlədikcə bir ananın övlad dərdi ilə yanaşı, onun axtarışına çıxdığı yolların qəmi, kədəri, həsrəti oxucunu qəhərləndirir, sanki şeirlərin hər birini oxumağa çağırış edir. Övlad acısının ən ağrılısını yaşayan Aləmzər Xudiyevanın kitabı üçün bu adı seçməsi də təsadüfi deyil.

Aləmzər xanımı şeirə gətirən vaxtsız itirdiyi övladlarının dərdi, qəmi olub. «Görən niyə belə darıxıram» kitabı toyundan bir-iki ay sonra avtomobil qəzasında dünyasını dəyişən oğlu Nailin xatirəsinə, ruhuna, adına həsr edib. Qəzadan öncə isə daha bir gənc oğlunun-Ramilin qəfil ölümü ana ürəyində yara kimi özünə yer edib. Bu sağalmaz yaranın üstündən daha bir yaranı alması -Nailin və onun xanımı Türkanənin faciəli ölümü Aləmzər xanımı çoxlu suallar qarşısında qoydu. Bunu Aləmzər xanım ilk kitabında beldə ifadə edir ki, həyat çox qəribədir. İnsan yaşayır, qurub yaradır. Uşaqların gələcəyi üçün çalışır. Elə çətinliklərlə rastlaşırsan ki, onları aşırırsan. Hər şey arxada qalır. İrəliyə doğru getdikcə gözəl günlər haqqında fikirləşirsən. Heç başına bir pis hadisənin gələcəyini düşünmürsən, güman etmirsən ki, həyat sürprizləri ilə doludur. Qəfildən gözləmədiyin bir hadisə qarşına çıxır. Həyatın insana qarşı belə nankor olduğunu belə təsəvvürünə gətirmirsən. Bir gün ürəyinin bir parçasını, ciyərparalarını itirəcəyini ağlına belə gətirməzsən. İkiqat övlad acısı yaşayan Aləmzər Xudiyeva keçirdiyi hissləri qələmə aldığı şeirlərində aşağıdakı misralarında əks etdirir:

Cəhənnəmi bu dünyada

Gözlərimlə görürəm

Diri ikən ölu kimi

Ömrü yola verirəm.

Müəllifin ilk kitabı üçün seçdiyi ad oğlu Nailin hərbi xidmətdə olarkən dəftərçəsində yazdığı qeydlərindən götürülüb. Qeyd edək ki, Nail Bakı şəhərində doğulub. Azərbaycan Texniki Universiteti bitirib. 2005-ci ildə hərbi xidmətdə olub. Əsgəri xidmətdən sonra Fövqəladə Hallar Nazirliyində ümumi şöbədə çalışıb. İstedadı və bacarığı daim ona uğur gətirirdi. Böyük arzuların, ümidlərin xəyalını urmaqla getdikcə irəliyə doğru addımlayan Nailin qisməti, taleyi, həyatının yarımçıq qalması doğmalarının xatirəsindən heç vaxt silinməyəcək. Aləmzər xanım bu acını «Mənasız həyat» şeirində belə ifadə edir:

Sadə dillə desəm çox şən görünsəm,

Daxildə yoxluqlar məni incidir.

Övlada məhəbbət o qədərdi ki,

Onlarsız bu həyat acı zəhərdir.

Əsgərlik qeydlərində “Görən niyə belə darıxıram? Səbirsizliklə tələsirəm. Yenidən o böyük şəhərə qayıtmaq üçün. Bu günə qədər həyatımı, onda keçirdiyim, hər şeyimi paylaşdığım böyük şəhərə… Tələsirəm. Çox tələsirəm. Orda uşaqlığım, orda gəncliyim keçib” fikirlərini qeyd edən Nail, eyni zamanda, “Mən artıq gəlirəm. Bilmirəm hələ məni qabaqda nələr gözləyir. Bəlkə günəşli, bəlkə də qaranlıq günlər” söyləyir. Bu dəftərçə yarımçıq ömürlü əsgər gündəliyinin darıxan, tələsən, üşüyən sətirlərini özündə cəm edib. Dərdli yazarımız bu dəftərçənin hər sətrini, cümləsini bir şeirə çevirib övlad həsrətinin onun günəşli günlərini buludlu, yağışlı günlərə çevirdiyini oxucusuna çatdırır.

Aləmzər Xudiyevanın ilk kitabında oğlu Nailin gündəliyi-“Qara dəftərçəsi” vərəqlənir, şeirləri oxucuya təqdim olunur. Nail həmin qeydlərdən birində yazır: «Yenə də qara dəftərim qaranlıq gecələrdə məni səsləyib. Yen idə yazıram, yazıram, içimi oxuyan kəlmələrdən, şeirlərdən yazıram. Onsuz da həmişə qələm və ağ vərəqlər məni başa düşüblər. Qəlbimin səsini yalnız onlar duyur.» Saysız-hesabsız bu qeydlər bu gün övlad acısını yaşayan Aləmzər Xudiyevanın şeirlərinin əsas motivinə, mövzusuna çevrilib. Nailin özünədə qəribə görünən və bunu «»Görən niyə belə darıxıram» qeydini edən narahatlığı sanki hadisələrin sonrakı gedişindən xəbərdar olmasını açıqlayır. Aləmzər Xudiyeva ilk kitabında çoxsaylı suallara axtardığı cavab əsasında yaranan şeirlərini topladı.

İkinci kitabı “Həsrətli dünyam”dı. Kitabdakı şeirlər mövzu rəngarəngliyi ilə seçilcə də onları qəm-kədərlə çəkilmiş eyni bir xətt birləşdirir. “Arzlarım oldu xəyal” kitabında məhəbbət, sevgi, ayrılıq, iztirab mövzuları yer alıb. Zamanın yaratdığı çətinliklərlə yanaşı, xoş günlər əks olunub. Şeirləri oxuduqca bir ananın yaşadıqlarını, keçdiyi ömür yolunun bədii ifadələrlə poetik şəkildə qələmə alındığını görürük. “Şairlər Tanrıya yaxın olurlar” kitabında Vətən sevgisi, Qarabağ ağrıları, övlad açıları, ana həsrəti şeirlərin əsas mövzusudur. Kitabda yer alan şeirlər vətənpərvərliyə, Vətən sevgisinin böyüklüyünə bir çağırışdır. Torpaqlarımızın işğal altında qalması, xalqımızın torpaq həsrəti, eyni zamanda, yenilməzliyi, məğrurluğu şeirlərdə geniş tərənnüm edilir. «Turan nəsliyik» şeirində bildirir:

Bir qarış torpağın uğrunda belə.

Canımızı qurban verməliyik biz.

Qoymayaq düşəsən sən əldən-ələ,

Yaralı quş kimi qallıq Vətənsiz.

Şeirin digər bəndində bu çağırış edilir:

Layladır, yuxulayan hər bir körpəyə,

Ruh verib səslənən gözəl nəğmələr.

Üçrəngili bayrağın ucalsın deyə,

Cəsur igidlərin göstərsin hünər.

Artıq Aləmzər Xudiyevanın sayca beşinci, 2024-cü ildə işıq üzü görən «Qəlbdən-qəlbə gedən yol» kitabında torpaqlarımızın şəhidlərimizin canı, qanı bahasına, qazilərimizin cəsurluğu, misilsiz qəhrəmanlığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsindən azad edilməsi Aləmzər Xudiyevanın da ilhamını coşdurdu, onun sonsuz qürurlandırdı:

İllərin öcünü aldı igidlər,

Düşmənin bağrını yardı igidlər.

Elə qəhrəmanlıq göstərdilər ki,

Dünyaya səs -səda saldı igidlər.

«Ümidə səsləyən şeirlər» sərlövhəli «Ön söz»də qeyd olunduğu kimi, hərbçi ailəsindən olan şairə müharibənin əvvəlindən sonuna qədər həyəcan və təlaşla izləmiş, kəndlərimiz, şəhərlərimiz alındıqca sevincini yerə-göyə çatdırmaq istəmişdir:

Boz qurd türk soyunun xilaskarıdır,

Fəxr ilə öyünür hər bir qəhrəman.

Hürriyyət turklüyün öz amalıdır,

Aləmzər, sən də yaz, türk övladısan.

Kitab rəngarəng mövzularla süslənib. Vətən, vətənpərvərlik ilə yanaşı, sevgi, məhəbbət, yurdsevərlik, ailə, qadın qayğıları, yeni müharibələrlə, qırğınlarla müşayiət olunan dünyamızın yaşadığı problemlər də kitabdakı şeirlərin mayasını təşkil edir.

Aləmzər Xudiyevanın yaradıcılığına qısa nəzər salıb onun kiçik dünyasını özündə ehtiva edən şeirlərini oxuyaraq bir daha bu qənaətə gəldik ki, hər bir şeirin, onların toplusundan yaranan kitabın ərsəyə gəlməsi üçün ilham gərəkdir. Yazara yeni-yeni yaradıcılıq uğurları, oxucularının görüşünə yeni nəşrləri ilə gəlməyi arzulayırıq. Qeyd edək ki, Aləmzər xanım poeziyadakı uğurlarına görə «Qafqaz Media» İctimai Birliyinin təsis etdiyi «Heydər Zirvəsi 99» və «Cəsarətli Qələm» diplomları ilə təltif edilmişdir.

Yeganə Əliyeva, «İki sahil»