03 mart 2025 21:59
92

Rəşid Faxralının 70 illik yubileyi qeyd edilib

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair-publisist, ehtiyatda olan mayor, Birinci Qarabağ müharibəsi veteranı, Əməkdar jurnalist Rəşid Faxralının 70 illik yubileyi keçirildi. Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, şairin qələm dostları, ailə üzvləri, hərbçi yoldaşları və başqa qonaqlar iştirak etdilər.

Tanınmış jurnalist Dəyanət Osmanlı tədbiri açıq elan etdi. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın adından yazıçı Elçin Hüseynbəyli tədbir iştirakçılarını salamladı və Rəşid Faxralını yubiley münasibətilə təbrik etdi. 

Azərbaycan Ordusu yaranan gündən Müdafiə Nazirliyinin orqanı olan “Azərbaycan Ordusu” qəzetinin ilk əməkdaşı olmuş və hazırda da bu mətbu orqanda çalışan Rəşid Faxralıya Müdafiə Nazirliyi rəhbərliyinin təbrikini çatdırmaq üçün Prezidentin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaniyə söz verildi. O, müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevin ünvanladığı təbriki və hədiyyəni Rəşid Faxralıya təqdim etdi. Bildirdi ki, Müdafiə Nazirliyi yarandığı ilk aylardan Rəşid Faxralı könüllü olaraq ordu sıralarına gəlib. O da bildiyi jurnalistika sahəsində öz töhfəsini verib. Nazirliyin orqanı olan “Azərbaycan Ordusu” qəzetini yaradanlardan biri olduğu qeyd etdi. Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbanı dedi ki, xan qızı Natəvanın, xalq qəhrəmanı Koroğlunun, Dədə-Qorqudun portretlərinin bəzədiyi zala toplaşmışıq. Deyərdim ki, Azərbaycan Ordusunun Dədə-Qorqudu da Rəşid Faxralıdır. 

Rəşid Faxralı həm ordu sıralarında xidmət etdiyi dövrdə, həm də ehtiyata buraxılandan sonra da ordu ilə sıx əlaqədə olub. O, bu illər ərzində daim ordu ilə nəfəs aldığını, İkinci Qarabağ müharibəsindən əvvəl yazdığı publisistik yazılarda, bədii və nəzm əsərlərində Azərbaycan əsgərinin qəhrəmanlıq obrazlarını yaradıb. Onun ərsəyə gətirdiyi kitabların böyük hissəsinin məhz ordu ilə bağlı olduğunu bildirdi. 

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov Rəşid Faxralının müasir Azərbaycan jurnalistikasının tanınmış simalarından biri olduğunu dedi. Bildirdi ki, onu lap gənclik illərindən tanıyıb və tanıdığı vaxtdan da həmişə yazıb-yaratmaq onun başlıca qayəsi olub. Baş redaktor Rəşid Faxralını ucaldan da onun tükənməyən özünəməxsus yaradıcılığı olduğunu vurğuladı.

Dəyanət Osmanlı “Borçalı İctimai Birliyi” adından Rəşid Faxralıya birliyin təsis etdiyi diplomu təqdim etdi. 

“Azərbaycan Ordusu” qəzetinin ilk baş redaktoru olmuş hərbi jurnalist, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov 33 il əvvəli xatırladı. Bildirdi ki, ağır və mürəkkəb dövrdə Rəşid Faxralının və onun kimi başqa vətənpərvər oğulların birgə fəaliyyəti ilə hərbi mətbuatın əsasını qoyub.

“Cənab leytenant”, “İgid əsgər” və başqa hərbi vətənpərvərlik mahnılarının müəllifi, bəstəkar, dramaturq, həkim Şahin Musaoğlu yubilyarı təbrik etdi. Qeyd etdi ki, Rəşid Faxralını Birinci Qarabağ müharibəsi illərindən tanıdığını, onun necə vətənpərvər şair-publisist olduğunu o zaman bilib. Şahin Musaoğlu Rəşid Faxralı ilə olan cəbhə xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.

Araşdırmaçı, tarix elmləri doktoru, professor, ehtiyatda olan polkovnik Mehman Süleymanov, tədqiqatçı alim, ehtiyatda olan polkovnik-leytenant Şəmistan Nəzirli Rəşid Faxralının yaradıcılığından söz açdılar. Bildirdilər ki, Rəşid Faxralı hərb ədəbiyyatında xüsusi yeri olan şairlərdəndir. 

Filalogiya elmləri doktoru, professor Bədirxan Başkeçidli hərbi mətbuatın yarandığı ilk illərdə Rəşid Faxralı ilə birlikdə çalışdığını söylədi. Birgə xidmət dövrü ilə bağlı yaddaqalan hadisələri tədbir iştirakçılarına danışdı.

Əməkdar mədəniyyət işçisi, ehtiyatda olan polkovnik-leytenant Zöhrab İmanquliyev şair Rəşid Faxralının şeirlərindən nümunələrlə sözə başladı. Söz sərrafının necə ustalıqla poetik duyğularını qələmə aldığını önə çəkdi. Yubilyara yaradıcılıq uğurları arzuladı. 

Əməkdar müəllim, döyüşçü, ehtiyatda olan polkovnik-leytenant  Bayram Məmmədov dedi ki, Rəşid Faxralını hələ Zəngilan işğal olunmamışdan əvvəl tanıyıb: “O zaman Ermənistanla sərhəd boyu müharibə gedirdi. Rəşid Faxralı döyüşlərin getdiyi yerə düşmənlə üz-üzə vuruşan əsgərlərin yanına getmək istədiyini bildirdi. Döyüş meydanına jurnalistin gedib çıxması nadir hadisə idi. Rəşid Faxralı həmişə ön cəbhəyə getməyə can atırdı. Orada döyüşən qəhrəman oğulları görüb onlardan yazmaq istəyirdi. Rəşid Faxralı gördüyüm tək-tək jurnalistlərdən idi.”

İş yoldaşları adından Lalə Hüseynova, tələbə yoldaşları adından Aslan Şirəliyev, “Respublika Xatirə Kitabı”nın baş redaktoru Nəzakət Məmmədova və başqaları yubilyar haqqında ürək sözlərini dedilər.  Rəşid Faxralıya uzun ömür və yaradıcılıq uğurları arzuladılar. 

Yubilyar tədbirini təşkil edən Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə və dəvəti qəbul edib gələn hər kəsə öz dərin minnətdarlığını bildirdi. Sonda xatirə şəkilləri çəkdirildi.

Bəxtiyar Əliyev