05 mart 2025 00:43
96

Doğma yurda qayıdışın inanılmaz sevinci

Xuraman Rəhimova: Maşından düşən kimi dizlərimi yerə qoyub sevinc göz yaşları içində bu müqəddəs torpağı öpdüm

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən respublikamızın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrin köçürülməsi artıq davamlı xarakter alıb. Belə ki, yalnız fevral ayında 3 köç karvanı (112 ailə-600 nəfər) yenidən qurulan Cəbrayıl şəhərinə yola salınıb. Bununla da həmin keçmiş məcburi köçkünlərin doğma yurd həsrətinə son qoyulub. Onların arasında 3 övlad anası, 70 yaşlı Xuraman Rəhimovanın da ailəsi var. O, fevralın 19-dan 6 nəfər ailə üzvü ilə birgə Cəbrayıllı günlərini yaşayır.

Sevincini “İki sahil”lə bölüşən Xuraman xanım bildirdi ki, Allaha şükürlər olsun, arzularım həqiqətə çevrildi, bu günləri görmək  mənə də qismət oldu: “Bəri başdan deyim ki, torpaq həsrəti ilə keçən 32 ili yaşanmamış hesab edirəm. Odur ki, maşından düşən kimi dizlərimi yerə qoyub sevinc göz yaşları içində bu müqəddəs torpağı öpdüm. O anda torpaq sözün həqiqi mənasında mənə övladlarımdan şirin gəldi. Bu müqəddəs torpağa döndüyüm üçün sonsuz sevinc içindəyəm. Həm də qayıdışımızla məcburi köçkün, qaçqın sözü üzərimizdən götürüldü. Bu da mənim üçün hər şeydir. Vallah, elə bilirəm ki, dünyanın ən xoşbəxti mənəm. Bu xoşbəxtliyimi isə sözlə ifadə etməyə çətinlik çəkirəm. Bütün həyatım boyu da elə bu xoşbəxtliyin əhatəsində olacağam. Digər tərəfdən, burada aparılan abadlıq-quruculuq işləri sevincimin üstünə sevinc gətirir. Allah hamıya belə sevincli günlər nəsib etsin. Bircə heyifsiləndiyim odur ki, bəzi doğmalarım Cəbrayılı görmək arzusu ilə həyatdan köçüblər”.

Cəbrayıl şəhərində hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğuna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq edən keçmiş məcburi köçkün, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkürünü bildirdi, bu yolda canlarından keçən şəhidlərimizə Tanrıdan rəhmət dilədi: “Allah Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin! Onların ruhları şaddır. Çünki ordumuz şəhidlərimizin qısasını alıb və biz məhz qəhrəman hərbçilərimizin sayəsində geri qayıdaraq uğrunda qanlar tökülmüş dədə-baba torpaqlarımıza sahib çıxırıq”.

Keçmiş məcburi köçkün, həmçinin vurğuladı ki, o, həmişə doğma yurd-yuvasına qayıtmaq ümidi ilə yaşayıb. Elə onu yaşadan da bu imid olub: “İndi məni tanıyanlar zəng edib soruşurlar ki, evinizi tapa bildinizmi, salamat qalıbmı? Amma mən onlara belə cavab verirəm: “Cəbrayılın hər daşı mənim üçün imarət, torpağının hər qarışı ana qucağıdır. İnid elə bilirəm ki, mənim villam da var, ən bahalı maşınım da…”

Ötən ağrılı günlərini xatırlayan həmsöhbətimiz söhbətini bu sözlərlə davam etdirdi: “Cəbrayıl şəhərindəki Səməd Vurğun küçəsindəki Mirzəcanlı məhəlləsində yaşayırdıq. 1993-cü il avqustun 23-də ermənilər şəhərdə vəziyyəti elə gərginləşdirdilər ki, hamı evindən-eşiyindən didərgin düşdü. Digər cəbrayıllılar kimi, mən də ağlaya-ağlaya evimi tərk etməyə məcbur oldum. Onu da deyim ki, mən oranı sonuncu tərk edənlərdənəm. O gün Cəbrayılda yaşanaın vəhşəti gözlərim qarşısına gətirəndə istər-istəməz qəhər məni boğur. Həmin gün özümü birtəhər Maralyan kəndinə çatdıra bildim. Oradan Beyləqanda olan qohumlarımgilə, daha sonra Kürdəmirə üz tutdum. Amma müəyyən səbəblərdən 3 uşaqla orada çox qala bilmədim. Bakıya gəldik. Mən paytaxtda yaxşı insanların sayəsində “Bakı Metropoliteni”ndə işə düzəldim.  Əvvəl nəzarətçi, daha sonra isə müfəttiş kimi çalışdım.

Onu da deyim ki, o zaman mən Cəbrayıl rayonundakı idman cəmiyyətində baş mühasib işləyirdim. Öz evimizdən yalnız əl çantasının içində bəzi sənədləri götürə bilmişdim. Onların arasında 1991-ci ildə dünyasını dəyişmiş həyat yoldaşım Məhərrəm Səfəralı oğlu İbrahimovun əmin-amanlıq şəraitində yaşadığımız illərdə Ulu Öndər Heydər Əliyevlə birgə çəkilmiş bir fotosu da vardı. İndi də həmin fotonu o illərdən bir xatirə kimi saxlayıram”.

Xuraman Rəhimova söhbətini bu sözlərlə bitirdi: “Arzu edirəm ki, bütün keçmiş məcburi köçkünlərin hamısı öz yurd-yuvalarına dönsünlər, mənim  yaşadığım sevinci yaşasınlar”.

Qvami Məhəbbətoğlu, “İki sahil”