05 mart 2025 00:58
88

Azərbaycan ona görə ədalətli və haqlıdır ki…

Ermənistan Konstitusiyasında yer alan ərazi iddialarının ləğv edilməməsi hayların iqtisadi və siyasi blokadısını daha da dərinləşdirəcək

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olan bir neçə ciddi səbəblər var. Bu, ilk növbədə işğalçı məzmunda olan  Ermənistan Konstitusiyasıdır. Belə ki, sözügedən Konstitusiyanın preambulasında açıq şəkildə və həyasızcasına qonşu ölkələrə qarşı  ərazi iddiaları mövcuddur. Ona görə də Azərbaycan dövləti  haqlı olaraq həmin maddələrin ləğv edilməsini bir şərt kimi irəli sürür.

Xatırladaq ki, hələ bir müddət əvvəl  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuata açıqlamasında bildirmişdi ki,  Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur və bu maddələrin ləğv edilməsini tələb edirik : «Bununla bağlı Ermənistandan qətiyyətli addımlar gözləyirik. Son zamanlar Ermənistan tərəfindən eşitdiyimiz arqumentlər bizi qane edə bilməz. Onu da qeyd etmək istərdim ki, Ermənistanın Konstitusiya Məhkəməsinin növbəti qərarı oldu. Belə ki, Konstitusiya Məhkəməsi Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu və xüsusi olaraq preambulaya toxunmağın mümkün olmaması barədə qərar qəbul edib. Hesab edirik ki, bu, vəziyyəti daha da mürəkkəbləşdirir. Çünki məhz Ermənistanın Konstitusiyasının preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad var. Həmin Müstəqillik Bəyannaməsində də Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar yer alır»

Məlumdur ki, Ermənistanın mövcud  Konstitusiyasının  məzmununda işğalçılıq və qatı şovinizm meyilləri açıq görünür. Belə ki, hələ  1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyası «Ermənista­nın Müstəqilliyi haqqında Bəyannamə»ni qəbul edib. Müstəqillik yolunda hüquqi sənəd olan və Ermənistanın siyasi, iqtisadi və mədəni inkişaf yollarını göstərən bu Bəyannamə 12 bənddən ibarət idi. Bəyannamənin preambulasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Muxtar Vilayətinin İc­raiyyə Komitəsinin «Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında» 1989-cu il 1 de­kabr tarixli birgə qərarı əsasında müstəqil Ermənistan Respublikasının hüquqi ba­zası müəyyənləşdirilirdi. Həmin Bəyan­namənin 11-ci bəndində elan olunurdu: «Ermənistan Respublikası Osmanlı Tür­kiyəsi və «Qərbi Ermənistanda» (Tür­kiyənin Şərqi Anadolu vilayətləri nəzərdə tutulur) 1915-ci ildə «erməni soyqırımı»­nın beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir.»

Göründüyü kimi, 1991-ci ildə qəbul olunan Ermənis­tanın Müstəqillik Bəyannaməsində həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları irəli sürülüb.  Bu iddialar 1995-ci ildə qəbul olunan Ermənistanın Əsas Qanununda- Konstitusiyasında da yer almışdır. Söhbət  ondan gedir ki, Bə­yannamə və konstitusiyada Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qaraba­ğı Ermənistan ərazisinin ayrılmaz hissəsi kimi tanıyan maddələr bu gün də qalmaqdadır. Ermənistanda ayrı-ayrı il­lərdə Konstitusiya dəyişikliyi olsa da, bu maddələr dəyişdirilməmişdir.

Xatırladaq ki, 1992-ci ildə də Ermənistan parlamentinin qəbul etdiyi və hələ də qüvvədə olan qanuna əsasən, heç bir ermə­ni rəsmisi Dağlıq Qarabağın Azərbaycan tərkibində göstərildiyi hər hansı bir sənə­də imza ata bilməz. Bu dəyişikliklər olma­dan Azərbaycanla bağlanacaq müqavilə Konstitusiya ilə ziddiyyət təşkil edəcək. 11-ci maddənin qalması isə Türkiyə ilə mü­nasibətlərin qurulmasına mane olur. Ona görə də Ermənistan mövcud Konstitusiya ilə nə Azərbaycanla, nə də Türkiyə ilə sülh müqaviləsini imzalaya bilməz. 

Hətta 2009- cu ildə Türkiyə ilə münasibətlərin normallaşması və sərhədlərin açılması ilə bağlı imzala­nan protokollar Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən bu səbəbdən təsdiq olun­mamışdı. Ermənistanda bu anormal maddələrin Konstitusiyadan çıxarılmasını istəməyən revanşist qüvvələr bu tələbi Azərbaycanın növbəti diktəsi kimi qəbul edirlər. Əslində isə Azərbaycan dövləti Ermənistan Konstitusiyasındakı bu maddələri avantüra kimi qəbul edərək onların çıxarılmasını və bundan sonra sülh sazişi üçün masa arxasında oturmağı tələb edir. Bundan başqa, Ermənistanda dəyişikliklər yalnız konstitusiyada deyil, həm də dövlətin atributlarında, rəmzlərində də edilməlidir. Məsələn, Ermənistanın gerbindəki «Ağrı dağı» təs­viri götürülməlidir. Çünki həmin Ağrı dağı min illərdir Türkiyənin ərazisi olub və belə də qalacaqdır.

Ümumiyyətlə, görünən odur ki, Ermənistnın baş naziri və onun ətrafı sülh müqaviləsinin imzalanmasında sözdə səmimi görünsələr də əslində real işdə belə deyillər. Məsələn, Ermənistanın Xarici İşlər Nazirliyi  ötən ay Sumqayıt hadisələri barədə absurd bəyanat yayaraq ölkəmizi  etnik təmizləmədə ittiham etdi. Yəni, İrəvan Bakını təqsirləndirmək üçün hətta tarixi saxtalaşdırmaqdan da çəkinmir. Bu da əslində Ermənistanın sülh siyasətində qeyri- səmimi olmasının ifşasıdır. Nəzərə almaq lazımdır ki, vəziyyət tam əksinədir. Əslində, soyqırımı törədən elə Ermənistan özüdür. Rəsmi İrəvanın cinayətlərini etiraf etmək əvəzinə Azərbaycanı ittiham etməsi heç bir diplomatik normaya və beynəlxalq hüquqa sığmır.

Digər məsələ isə Qərbi azərbaycanlıların ata-baba torpaqlarına qayıdışı ilə bağlıdır. Ermənistan uzun müddətdir ki, bu məsələni də siyasiləşdirməyə çalışır. Halbuki azərbaycanlıların Qərbi Azərbaycana qayıtması Ermənistanın iddia etdiyindən fərqli olaraq onun təhlükəsizliyi üçün təhdid deyil. Nəzərə almaq lazımdır ki, İrəvan, Göyçə, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır. Bu isə  o deməkdir ki, ikitərəfli münasibətlərin normallaşması kontekstində Qərbi azərbaycanlıların Qərbi Azərbaycana qayıtması şərtdir. Əgər rəsmi Bakı humanistlik göstərib ermənilərin Qarabağda yaşamasına icazə verirsə, deməli, rəsmi İrəvan da Qərbi azərbaycanlıların qayıdışına mane olmamalı, əksinə, bu işə yardım etməlidir ki, sülh prosesində səmimi olması inandırıcı görünsün.

Ermənistanın sülh prosesinə mane olmasının sübutlarından biri də ölkə parlamentinin spikeri Alen Simonyanın  və Paşinyanın ətrafında olan digər siyasi fiqurların Qarabağ ermənilərinə 2023-cü ildə niyə sona qədər kimi vuruşmadığını sorğulaması, Paşinyan administrasiyasının açıq şəkildə Azərbaycanın ərazi  bütövlüyünün təmin olunmasına təəssüf etməsidir. Bu, amil də Paşinyanın və onun komandasının sülh sazişində maraqlı olmaları ilə bağlı bütün bəyanatlarının səmimiliyini  sual altına atır.

Elçin Zaman, «İki sahil»