07 aprel 2025 11:05
164

Azərbaycan və Almaniya arasında uğurlu siyasi əlaqələr

Azərbaycan və Almaniya arasında qarşılıqlı münasibətlərin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildə Almaniyanın "Simens qardaşları" firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları tikilib. Bundan əlavə, "Simens qardaşları" firması Daşkəsən ərazisində kobalt yataqları bazasında kobalt zavodu inşa edib. Bu zavodların inşası nəticəsində xeyli sayda insan işlə təmin edilib, əhalinin maddi rifahı yüksəlib. Alman sənayeçilərinin bu ərazidə fəallığının artması nəticəsində ətraf ərazilərdə, xüsusilə Azərbaycanın indiki Göy-göl və Şəmkir rayonlarında alman koloniyaları yaranıb.

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Almaniya eyni zamanda Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan Polşa və İsveç tərəfindən irəli sürülmüş “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsi qarşılıqlı səfərlər və intensiv parlamentlərarası əməkdaşlıqda öz əksini tapıb.

Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycanda səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.

2025-ci il aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib.

Prezidentlər arasında məhsuldar görüş keçirildi. Görüş zamanı ikitərəfli gündəliyə daxil olan geniş, əhatəli məsələləri, eləcə də beynəlxalq məsələləri müzakirə etdilər.

Prezident Frank-Valter Ştaynmayer dedi: Təşəkkür edirəm, cənab Prezident. Səmimi dəvətinizə görə təşəkkür edirəm. İcazə verin bildirim ki, uzun illərdən sonra yenidən Azərbaycanda olmaq xoşdur. Sonuncu səfərim xarici işlər naziri qismində 2016-cı ildə oldu. Ötən 9 ildə geosiyasi dəyişikliklərə gəlincə, bu, əbədiyyət kimi görünür. Lakin düzünü söyləsək, mən təxminən iki il bundan əvvəl Azərbaycan ərazisində - Xəzərin şərq hissəsində olmuşam. Sizin Aktaudakı logistika mərkəzini ziyarət edərkən və Azərbaycan gəmisinə minərkən mən öyrəndim ki, bu gəmi Azərbaycan ərazisidir. Ona görə də buraya, Bakıya yenidən qayıtmaq və bu günlərdə zəruri olan çox geniş fikir mübadiləsi aparmaq üçün imkana malik olmaq xoşdur.

Görüşdə Orta Dəhliz layihəsi və bu layihədə Azərbaycanın rolu, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi, yaşıl enerji ilə bağlı əməkdaşlığa toxunuldu. COP29-un Azərbaycanda yüksək səviyyədə təşkil edildiyi və həmin tədbir zamanı iqlim gündəliyi ilə bağlı mühüm nəticələrin əldə olunduğu vurğulandı.

Söhbət zamanı humanitar əlaqələrin inkişafına toxunuldu. Alman icmasının uzun illər Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşaması və onlara dövlət səviyyəsində göstərilən yüksək diqqət qeyd edildi.

Nərmin Cəfərova,
261 nömrəli məktəb-liseyin müəllimi