07 aprel 2025 10:57
102

30 ilə yaxın işğal altında qalmış ərazilərimizdə böyük dağıntılar törədilib

30 ilə yaxın işğal altında qalan ərazilərimiz Azərbaycanın sənaye və inşaatında böyük rol oynayan müxtəlif növ tikinti materialları ilə zəngindir. Belə materialların geniş ehtiyatları Ağdam rayonunun Çobandağ (əhəng ehtiyatları 140 milyon ton, gil ehtiyatları 20 milyon ton), Şahbulaq (25 milyon ton gil), Boyəhmədli (45 milyon ton gil) və digər yataqlarda mövcuddur. Böyük tikinti daş ehtiyatları Xankəndində, mərmər ehtiyatları isə Harovda yerləşir. İşğal altında olan dağlıq ərazilərdə hərəkət edən ağır hərbi texnika, atılan çoxsaylı mərmilər və basdırılmış minalar həmin ərazilərin torpaq qatına və bitki örtüyünə ciddi ziyan yetirmişdir.

Bu ərazilərdə müvəqqəti olaraq qalacağının fərqində olan ermənilər, oradakı təbii ehtiyatlardan və faydalı qazıntı yataqlarından amansız şəkildə faydalanıblar. Asanlıqla əldə edilə bilən mineral sular, müxtəlif texniki materiallar və digər ehtiyatlar daha çox mənimsənilib. Bəyanatlara əsasən, Laçın və Kəlbəcəri tərk edən ermənilər bu ərazilərdə yanğınlar törədiblər. Bu yanğınlar ekoloji baxımdan həmin bölgələrə ağır ziyan vurmuşdur.

İşğal altındakı ərazilərdə ekoloji vəziyyətin qorunması ilə bağlı beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımadığından, bu ərazilərdə ekoloji mühit getdikcə daha da pisləşmişdir.

Ermənistanın təcavüzü nəticəsində həmin ərazidə fəaliyyət göstərən çoxsaylı kənd təsərrüfatı müəssisələri, o cümlədən kolxozlar, sovxozlar, təsərrüfat birlikləri və aqrofirmalar fəaliyyətlərini dayandırdılar.

Nəticədə, işğal altındakı ərazilərdə 1988-ci ildən qalan 311 kənd təsərrüfatı müəssisəsi, 145 yeni yaradılmış və müasir texnika ilə təchiz olunmuş üzümçülük-şərabçılıq sovxozları, xüsusilə məşhur Qarabağ cinsli cıdır atlarını yetişdirən Ağdam atçılıq sovxozu, 135 kolxoz və 31 təsərrüfatlararası müəssisə məhv edildi.

Hərbi təcavüz nəticəsində işğal olunan ərazilərdə, ilk insan məskənlərindən olan məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları, habelə Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl rayonlarındakı kurqanlar, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına aid abidələr və digər milli irsimiz məhv edilmişdir.

Şuşanın işğalı nəticəsində mənəvi cəhətdən ciddi zərbə almışıq. Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub və 8 mədəniyyət evi dağıdılıb, tamamilə məhv edilib.Şuşa Tarixi Muzeyinin 5 minə yaxın eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı ilə Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-ə yaxın əşyası, Azərbaycanın musiqi tarixinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun 300-dən çox əşyası, vokal sənətinin ustadı, böyük müğənni Bülbülün 400-ə yaxın eksponatı, tanınmış musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın 100-dən çox əşyası, Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin 2000-dən çox əşyası, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyinin 3000-ə yaxın eksponatı və Zəngilan Tarix-Diyarşünaslıq Muzeyinin 6000-ə yaxın əşyası ələ keçirilib. Həmçinin, görkəmli musiqiçi Qurban Pirimovun Ağdamdakı xatirə muzeyi, Cəbrayıl, Füzuli və Xocalı rayonlarının tarix və diyarşünaslıq muzeyləri də tamamilə dağıdılıb.

Erməni işğalçıları vəhşicəsinə davranaraq, Azərbaycanın böyük musiqi xadimləri Üzeyir Hacıbəyov və Bülbülün, habelə şairə Xurşudbanu Natəvanın heykəllərini Şuşa şəhərindən zorla Ermənistana aparmışdılar. Pul müqabilində Azərbaycana geri qaytarılan həmin heykəllər, qalibiyyət əldə edildikdən sonra doğma yurdlarına – Şuşaya göndərildi.

Azərbaycan xalqının itirilmiş, bərpaolunmaz qiymətli mədəni sərvətləri olan bu abidələrin dəyərini ölçmək praktiki olaraq mümkün deyil.

Erməni işğalçılarının təcavüzü nəticəsində Azərbaycanın tarix və mədəniyyət abidələrinin dağıdılması və qəsdən zədələnməsi, "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" 1972-ci il UNESCO Konvensiyasına ziddir.

Lakin biz doğma torpaqlarımızı yenidən bərpa edəcəyik. O gözəl guşələrdə həyat yenidən canlanacaq və bütün dünya buna şahid olacaq. Azərbaycan xalqı, ön və arxa cəbhədə necə bir yumruq kimi birləşib öz əzəli torpaqlarını düşməndən azad edibsə, tezliklə hər bir qarış torpağını, hər bir guşəsini yenidən bərpa edəcək. Bu torpaqlar bizimdir və biz onu yenidən dirçəldəcəyik.

Arzu Məmmədova- Bəkirova,
İ.Məmmədov adına 261 №li məktəb-liseyin tarix müəllimi