13 aprel 2025 00:13
113

Bundesliqa: “Bavariya” - “Borussiya Dortmund” qarşılaşması heç-heçə başa çatıb

Bundesliqanın 29-cu turunun mərkəzi qarşılaşması “Bavariya” və “Borussiya Dortmund” klubları arasında keçirilib.

“İki sahil” xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma heç-heçə başa çatıb - 2:2.

Oyunda hesabı görüşün 48-ci dəqiqəsində “Borussiya Dortmund” açıb. Dortmundluların sürətli əks-hücumunda Maksimilian Bayer dəqiq baş zərbəsi ilə topu yaxın məsafədən qapıya göndərib.

Lakin “Bavariya” qarşılaşmanın 65-ci dəqiqəsində hesabda tarazlığı bərpa edib. Serge Qnabrinin sol cinahdan başlatdığı hücumu müdafiəçi Rafael Qerrero qolla tamamlayıb - 1:1. Bu qoldan dörd dəqiqə sonra “Bavariya” hesabda irəli çıxıb. Serge Qnabri driblinqini qolla başa çatdıraraq adını tabloya yazdırıb - 2:1. Görüşün 75-ci dəqiqəsində isə “Borussiya Dortmund”un müdafiəçisi Valdemar Anton oyunda bərabərlik qolunu vurub - 2:2. Görüş bu hesabla da başa çatıb.

Münxenlilərin ən yaxın izləyicisi “Bayer Leverkuzen” də bu turda xal itirib. Leverkuzen təmsilçisi doğma meydanda “Union Berlin” ilə qolsuz heç-heçə edib.

Turun bu gün oynanılan digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

“Hoffenhaym” - “Maynts” - 2:0

“Borussiya Münxenqladbax” - “Frayburq” - 1:2

“Boxum” - “Auqsburq” - 1:2

“Holstayn Kiel” - “St Pauli” - 1:2.

Tura aprelin 13-də keçiriləcək “Ştutqart” - “Verder Bremen” və “Ayntraxt Frankfurt” - “Haydenhaym” oyunları ilə yekun vurulacaq.

Xatırladaq ki, Bundesliqanın 29-cu turunun açılış matçında “Volsfurq” öz meydanında “Leyptsiq”ə uduzub - 2:3.

Bundesliqaya 69 xalla “Bavariya” liderlik edir. İkinci sırada 63 xalla “Bayer Leverkuzen” qərarlaşıb.