Naxçıvanı öz ana yurdum sayıram. Çünki ötən əsrdə burada iki il hərbi xidmətdə olmuşam. Bu doğma eli qarış-qarış gəzmişəm və sevmişəm. Amma bir neçə il öncə yenidən buraya qayıdanda Naxçıvanı tanımadım. Çünki bu qədim şəhərin təməlində yeni bir cavan şəhər ucalır. Deyim ki, bu cavanlıq təkcə şəhərin simasında deyil, insanların çöhrəsində də özünü göstərir. Naxçıvan Dövlət Universitetində oxuyan tələbələrin timsalında bunu daha aydın görmək olur. Gənclik illərim burada keçdiyi üçün, özümü bir naxçıvanlı adlandırıram və çox böyük qürur hissi keçirirəm, sevinirəm.
“İki sahil” xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Baba Vəziroğlu Naxçıvan Dövlət Universitetində keçirilən Bədii yaradıcılıq müsabiqə-festivalı çərçivəsində jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, bir neçə ildir Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində respublika müsabiqəsi keçirilir və istedadlı gənc qaliblər konsert üçün Bakı şəhərinə dəvət alırlar. Heydər Əliyev Sarayında onların çıxışları dinlənilir, müxtəlif yerlərə layiq görülərək mükafatlandırılırlar: "Çox sevinirəm ki, muxtar respublikadan olan gənclər də həmin konsertdə iştirak edirlər. Builki müsabiqədən görürəm ki, çox böyük inkişaf var. Bilirik ki, Naxçıvan Dövlət Universitetində bu sahəyə xüsusi diqqət ayrılır və qayğı göstərilir. Ona görə də gördüyümüz nəticələrə elə də təəccüblənmirik. Şəxsən mən özüm də bu tələbələr sırasında olsaydım, mənə də bu qədər diqqət, qayğı göstərilsəydi, mütləq onu istedadım, qabiliyyətim, biliyimlə doğrultmağa çalışardım. Nəticədə öz universitetimi bütün kürsülərdə layiqincə təmsil edərdim. Sağ olsun bizim tələbələrimiz ki, göstərilən etimadı doğrultmağa çalışırlar".
"Bu gün də dediklərimin fonunda parlaq çıxışlara baxdıq. Naxçıvan Dövlət Universitetinin istedadları ilə seçilən tələbələrinin Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş konsert proqramında da möhtəşəm çıxışlarını izləyəcəyik. Gənclərimizə, onları bu səviyyəyə gətirən müəllimlərinə uğurlar arzulayır və ən gözəl diləklərimi bildirirəm”- deyə Baba Vəziroğlu əlavə edib.