13 aprel 2025 16:23
120

Ramil Həsən: Antalya Forumunun ən vacib məqamlardan biri Azərbaycan rəhbərliyinin ilk dəfə bu tədbirdə iştirakı oldu

Üç gün davam edən növbəti Antalya Diplomatiya Forumu bu gün işini başa çatdırıb. Şübhəsiz ki, tədbirin ən vacib məqamlardan biri də Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın ilk dəfə bu forumda iştirakı oldu. Ölkəmizin rəhbərinin forumun işində yaxından iştirakı, eləcə də keçirdiyi ikitərəfli görüşlər Azərbaycan dövlətinin bu beynəlxalq tədbirə verdiyi önəmin göstəricisidir. Dünyanın 150-dən çox ölkəsindən ümumilikdən beş mindən artıq iştirakçının, o cümlədən yüzə yaxın dövlət və hökumət başçısının, deputatların, müxtəlif icmaların, dünyanın tanınmış ictimai-siyasi xadimlərinin, media nümayəndələrinin qatıldığı bu beynəlxalq tədbir dünyadakı böhranların həlli, qlobal dağıdıcı dəyişikliklərin önünə keçilməsi və konfliktlərin müzakirəsi istiqamətində ictimaiyyətə mühüm bir platforma təqdim etdiyini bir daha göstərdi.

“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Qərbi Azərbaycan İcması sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən ifadə edib.

O bildirib ki, Cənubi Qafqazla bağlı Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin paneli, eləcə də Rusiya ilə Ukraynanın XİN rəhbərlərinin tədbirə qatılması, Suriya, Yəmən, Livan kimi bu gün dünyada müxtəlif problemləri olan ölkələrin, eləcə də bir çox Avropa dövlətlərinin nazirləri və digər yüksəkvəzifəli şəxslərinin iştirakı ilə bu platforma bir daha qlobal dünyada diplomatiyadan önəmli bir vasitə kimi istifadə etməyin nə qədər vacib olduğunu ortaya qoydu: “Əminəm ki, bundan sonrakı Antalya Diplomatiya forumları da dünyada sülhə, əmin-amanlığa, parlament və diplomatiyanın həmahəng şəkildə fəaliyyətindən irəli gələrək, növbəti uğurlu mərhələlər həyata keçirərək qarşıdurmaların, münaqişələrin həllinə, eləcə də sülh sazişlərinin imzalanması kimi bir çox vacib məsələnin həllinə töhfə verəcək.

Forum çərçivəsində keçirilən “Qlobal idarəetmədə parlament diplomatiyası” panelində Qərbi Azərbaycan həqiqətlərini əks etdirən çıxışı ilə bağlı sualımızı cavablandıran Ramil Həsən deyib: “Mən orada Qərbi Azərbaycan İcmasına diqqət çəkməklə dəyirmi masanın əhəmiyyətini vurğulamaq istədim. Gözlənilən sülh müqaviləsinin imzalanması ilə biz etimadın bərpasını, barışığın təşviqini və yüz minlərlə azərbaycanlının öz ata-baba yurdlarına ləyaqətlə qayıtmasını tələb edən yeni dövrə qədəm qoyuruq. Son deportasiya, yəni 1987-1991-ci illər arasında təxminən 300 min azərbaycanlı Ermənistandan zorla qovulub. Bu, çox böyük bir rəqəmdir. Onların beynəlxalq insan hüquqlarına və milli azlıqların müdafiəsinə əsaslanan geri qayıtmaq hüququnun bərpası sülh prosesinin əsas komponenti kimi tanınmalıdır. Qərbi Azərbaycan İcması tam beynəlxalq hüquq çərçivəsində Ermənistanın ərazi bütövlüyünə və BMT-nin Nizamnaməsində təsbit olunmuş prinsiplərə hörmətlə yanaşaraq, bu köçkünlərin hüquq və azadlıqlarının müdafiəsi istiqamətində öz fədakar işini davam etdirir. Bu şəxslərin könüllü, təhlükəsiz və ləyaqətlə qayıtmasının təmin edilməsi Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı anlaşma və uzunmüddətli sülhün qurulmasında irəliyə doğru tarixi addımı ifadə edərdi. Bu, həmçinin ikitərəfli münasibətləri yeni və daha konstruktiv səviyyəyə qaldıracaq. Belə bir prosesdə parlament diplomatiyası dialoqun asanlaşdırılması, etimad körpülərinin qurulması, yurduna geri qayıdanların dinc yaşaması və sosial quruluşa reinteqrasiyasının təmin edilməsi baxımından həlledici rol oynaya bilər”.

O bildirib ki, Yunanıstan, Bolqarıstan və Şimali Makedoniyadakı türkəsilli vətəndaşların bu gün bu ölkələrin ictimai həyatında fəal rol oynadığı, parlamentari kimi fəaliyyət göstərdikləri kimi, azərbaycanlılara da indiki Ermənistanda öz doğma torpaqlarına qayıtmaq, ləyaqətlə yaşamaq, öz hüquqlarını müdafiə etmək və bu ölkənin siyasi həyatında iştirak etmək imkanı yaradılmalıdır. Bu cür əhatəli və gələcəyə hesablanmış baxış təkcə Azərbaycan və Ermənistan üçün deyil, daha geniş Türk dünyası üçün ümid işığı və barışıq modeli ola bilər.