25 aprel 2025 02:27
100

Çin necə iqtisadi güc mərkəzi oldu?

Bu ölkə Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır

Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasına (ÇXR) rəsmi dövlət səfəri edib. Pekində ölkəmizin başçısının və birinci xanım Mehriban Əliyevanın yüksək səviyyədə qarşılanma tədbiri keçirilib. Əslində, bu səfər Azərbaycanla Çin arasında mövcud olan iqtisadi əməkdaşlığa yeni təkan vermiş oldu. Bu isə Azərbaycan iqtisadiyyatına yeni dividendlər gətirməklə yeni inkişaf imkanları yaradacaq.

Bəs niyə Azərbaycan da digər ölkələr kimi, fövqəlgüc dövlət olan Çinlə iqtisadi əlaqələrə daha çox önəm verir? Bu sual indi çox aktualdır. Ona görə ki, Çin hazırda iqtisadi gücünə görə dünyada ABŞ-dan sonra ikinci yerdədir. Belə bir iqtisadi güclə əməkdaşlıq etmək ölkəmizə ciddi inkişaf tendensiyası vəd edir. Qeyd edək ki, 2024-cü ildə Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bununla da Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Nəticədə Çinin ölkəmizin xarici ticarət dövriyyəsindəki payı 7,9 faizə çatıb. Digər önəmli məsələ Çin sərmayədarlarının ölkəmizdəki fəaliyyətidir. Belə ki, hazırda Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb. Onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir.

Bu gün hətta beynəlxalq iqtisadçıların fikrincə, Çin yaxın perspektivdə Amerikanı üstələmək iqtidarındadır. Məhz buna görə də ABŞ-ın yeni Prezidenti Donald Tramp Çinə qarşı ticarət qarşıdurmasına start verib. Bu, əsasən gömrük tariflərinin qaldırılması ilə əlaqədardır. Donald Tramp çıxışlarında bildirir ki, ABŞ bazarları Çin məhsulları ilə doludurulduğu üçün Birləşmiş Ştatlarda iqtisadi temp geriləməkdədir. Ona görə də idxalda ən çox gömrük rüsumunu Çinə tətbiq etdi. Təbii ki, Çin də ABŞ-ın bu sanksiyasına etinasız qalmadı və Birləşmiş Ştatların sənaye məhsullarının Çin bazarlarına girişi üçün rüsumları qaldırdı. Məhz bundan sonra Amerikanın ən məşhur şirkətləri «Apple»nin və «Tesla»nın səhmləri gün ərzində yüzmilyonlarla dollar ucuzlaşmağa başladı. Ancaq ABŞ bazarları hələ də Çin məhsullarını ötən illərdəki idxalından tam qurtula bilməyib. Bu arada Amerikada olmuş bir hadisəni də lətifə kimi danışırlar. Belə ki, ABŞ Prezidenti Trampın Çin məhsullarına təbiq etdiyi yüksək gömrük rusumundan sonra Ağ Evin bəzi otaqlarındakı dövlət bayraqlarının da Çin məhsulları olduğu üzə çıxıb. Bu isə onu göstərir ki, Çin məhsulları nəinki ABŞ-ın ticarət məkanlarını, hətta siyasi məkanları da zəbt edib…

Çinin ABŞ-la iqtisadi müharibəsindən sonra bu qüdrətli Asiya ölkəsi Avropada yeni bazarlar qazanmağa çalışır. Hətta bu istiqamətdə ilkin müsbət nəticlər də əldə oluub. Artıq Çinin iqtisadi hədəflərindən biri 2030-cu ilə kimi qlobal iqtisadiyyatda birinciliyi ələ keçirməkdir. Bu hədəfə çatmaq üçün Çin təbii sərvətləri və mövcud iqtisadi potensialının birləşdirərək əsl inqilabi dəyişikliklər edir. Artıq son 35-40 ildə Çin iqtisadi artım tempini davamlı yüksəltməyi bacarıb. Xüsusilə ötən əsrin 70-ci illərindən bu ölkədə başlayan iqtisadi islahatlar nəticəsində iqtisadiyyat hər il orta hesabla 6 faizlik artımla böyüyüb. Çinin digər üstünlüyü ondadır ki, ÜDM-in həcminə görə də dünyada ikincidir. Bu ölkə, eyni zamanda, dünyada ən böyük ixracatçı və idxalçıdır. Bu fakt isə onun qlobal bazardakı yerini möhkəmləndirir. İqtisadi inkişafın digər önəmli məsələsi investisiya qoyuluşu və ondan səmərəli istifadədir. Bu mənada Çinin iqtisadi göstəricilərinin təməlində həm də irihəcmli investisiyalar da dayanır.

Bu nəhəng Asiya ölkəsinə sürətli və davamlı inkişaf gətirən digər önəmli tendensiya onun çoxşəbəkəli nəqliyyat-enerji-tranzit qovşaqlarına sahib olmasıdır. Çin Yeni İpək Yolunun memarı kimi Avrasiyanın müasir logistika mərkəzidir. Onun reallaşdırdığı «Belt and Road» («Kəmər və «Yol») layihəsi dünyanın 40-dan artıq ölkəsi üzərində nəhəng infrastruktur və ticarət şəbəkəsini yaradır.

Çinin ən böyük şəhərlərindən biri olan Şanxay Asiyada önəmli maliyyə və bank mərkəzidir. Burada böyük dövlət və beynəlxalq maliyyə institutları fəaliyyət göstərir. Eyni zamanda, Çin Şanxay Əməkdaşlıq Təşkilatı, Dünya Ticarət Təşkilatı, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı, BRICS və G20 də daxil olmaqla bir çox təşkilatların aparıcı üzvü kimi dünyanın iqtisadi-ticari nəbzini tutur. Əgər 10 il əvvəl Çin əsas etibarilə Asiyanın iqtisadi və maliyyə gücü hesab edilirdisə, indi həm də Avrasiya və Amerika qitəsinin nüfuzlu ticarət tərəfdaşıdır.

Mötəbər iqtisadi araşdırma mərkəzi sayılan Çonyanq Maliyyə Araşdırmaları İnstitutunun hesablamalarında bildirilir ki, Çin mövcud illik 5-6 faiz iqtisadi artım tempini qoruyub saxlasa təqribən 2035-ci ildə bu ölkənin ÜDM-in həcmi orta hesabla 30,5 trilyon dollara çatacaq. Halbuki, indi bu göstərici 18 trilyon dollara bərabərdir. Çinin əsas rəqibi ABŞ- da isə bu göstərici 26 trilyon dollardır.

Elçin Zaman, «İki sahil»