Fransa İkinci Qarabağ müharibəsindən sonra Ermənistanı silahlandırmaqda, həmçinin təcavüzkara anti-Azərbaycan xarakterli siyasi dəstək verməkdə davam edir. Digər tərəfdən, Avropa İttifaqının (Aİ) əsas üzvlərindən olan Fransa Cənubi Qafqazda möhkəmlənmək üçün bu qurumun mülki müşahidə missiyasından da istifadə etməyə çalışır. Son aylarda Ermənistan-Azərbaycan şərti sərhədində ciddi münaqişənin baş verməməsi Fransanı narahat etməkdədir. Ötən həftə Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri, anti-Azərbaycan mövqeyi ilə seçilən Olivye Dekotinin növbəti dəfə Azərbaycanla sərhəddə peyda olması bu narahatlıqdan irəli gəlib.
Fransa bütün bunlarla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına zərbə vurur, təcavüzkar ölkədəki revanşist qüvvələri yeni müharibəyə həvəsləndirir. Son günlər revanşistlərin fəallaşması da Fransanın təxribat xarakterli əməllərinin nəticəsidir. Bütün bunların fonunda Fransa dünyanı inandırmağa çalışır ki, guya Cənubi Qafqazda xeyirxah işlərlə məşğuldur. Halbuki, Fransanın bölgədəki əsl məqsədlərinin nə olduğunu hamı yaxşı dərk edir.
Fransa həm də Cənubi Qafqazın digər ölkəsi olan Gürcüstanı da hədəfə alıb. Belə ki, Fransanın Gücrüstanda dəstəklədiyi QHT-lər var ki, onlar yalnız “rəngli inqilab”ın baş tutmasına xidmət edirlər. Bu da Gürcüstan dövlətçiliyinə qarşı real təhlükə kimi qiymətləndirilir. Fransa Prezidenti Emmanuel Makron bu kimi təxribat xarakterli əməllərinə “Biz dünyaları dəyişirik” sözləri ilə reaksiya verir.
Bütün bunlarla da Fransa minlərlə insanı qətlə yetirdiyi, soyqırımına məruz qoyduğu Afrika qitəsindəki uğursuzluqlarını Ermənistan vasitəsilə Cənubi Qafqazda balanslaşdırmağa, “qlobal güc” statusunu qoruyub saxlamağa cəhd edir. Xatırladaq ki, insan hüquqlarından dəm vuran, amma neokolonializm siyasəti həyata keçirən Fransa Afrika ölkələrinin bir hissəsini hələ də nəzarətində saxlayır. Öz mənəvi borcunu yerinə yetirən Azərbaycan konkret faktlarla Fransanın bu müstəmləkəçilik siyasətini ifşa edir. Hətta Bakı Təşəbbüs Qrupu vasitəsilə Fransanın zülmündən əziyyət çəkən ölkələrin səsini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində ciddi addımlar atılır. Yeni Kaledoniya, Fransız Polineziyası, Korsika, Qvadelupa, Martinika, Fransız Qvianası kimi bölgələrin müstəmləkəçiliyin buraxdığı uzunmüddətli miraslarla mübarizəsini davam etdirməsi bu faktı bir daha sübut edir.
Bir məsələni də qeyd edək ki, Prezident Emmanuel Makronun və komandasının həm xarici, həm daxili siyasətindəki yanlış idarəçiliyinin və yersiz qərarlarının nəticəsində ölkənin daxilində siyasi böhran pik həddə çatıb. Makron isə bütün bunların səbəblərini xarici qüvvələrdə, o cümlədən Azərbaycanda axtarmağa çalışır. Fransanın dənizaşırı ərazilər naziri Manuel Vals Yeni Kaledoniyaya səfəri zamanı ölkəmizi dənizaşırı ərazilərə müdaxilədə və sabitliyi pozmağa çalışmaqda günahlandırmağa çalışmasını buna misal göstərmək olar. Əslində isə görünən odur ki, Fransa bununla həm Ermənistanı müdafiə edir, həm də özünün neokolonialist siyasətinə bəraət qazandırır. Yaxşı olardı ki, Fransa digər dövlətlərin daxili işlərinə qarışmaqdansa, ilk növbədə öz ölkəsində baş verənlərə fikir verəydi.
Müstəmləkəçiliyi, digər ölkələrin işlərinə müdaxiləni siyasətinin bir parçası sayan Fransanın Cənubi Qafqazdakı siyasəti bir daha sübut edir ki, sözügedən bu ölkə öz geosiyasi məqsədlərinə nail olmaq üçün regional gərginliyin saxlanılmasında maraqlıdır. Rəsmi Paris isə öz addımlarına ermənisayağı don geyindirməkdə davam edir. Siyasətçilərin fikrincə, rəsmi Parisin bütüm cəhdlərinə baxmayaraq onun Cənubi Qafqazda uğursuzluğa düçar olacağı gün o qədər uzaqda deyil.
Qvami Məhəbbətoğlu, “İki sahil”