25 aprel 2025 00:13
106

Fransa səfiri baş təxribatçı rolunda

O, Ermənistanda buğda toxumu deyil, zəhər toxumu paylayır

Olivye Dekotini Fransanın Ermənistandakı səfiri kimi diplomatik missiya ilə deyil, Azərbaycanla sərhəddə təxribatçılıqla məşğuldur. Belə görünür ki, qan tökmək, ara vurmaq, qızışdırıcılıq kimi murdar əməllər bunların boyuna biçilib. El dilində desək, “qaşınmayan yerdən qan çıxarmağı” dövlətin əsas vəzifəsinə çeviriblər.  Bu ölkənin özündən dörd min kilometr uzaqdakı Cənubi Qafqaz regionunda, Afrikada törətdikləri buna dəlalət edir.

Təəccüblüdür ki, Ermənistanın baş naziri Nikol Paşinyan  sülhlə bağlı fikirləri ictimaiyyətə açıqladığı bir zamanda Fransanın  səfiri Olivye Dekoti Zəngəzura, Azərbaycanla sərhədə gəlir və orada təxribatların həyata keçirilməsi ilə bağlı planları müzakirə edir. Məlumdur ki, Olivye Dekoti Avropa İttifaqının casusları ilə də görüşür və Ermənistan tərəfindən həyata keçirilən atəşləri və təxribatları qeydə almamağı və Azərbaycanı ittiham edə biləcək məlumatları toplamaları üçün  “lazımi” tapşırıqlar verir.

Bu günlərdə onun başçılığı ilə guya əkmək üçün buğda toxumu paylamaq adı altında Zəngəzurda yaşayan sakinlərə də nə paylandığı məlum deyil. Çünki beş ildir ki, hətta Ermənistan sülhə yaxınlaşmaq istəyəndə onun qarşısını alan Fransa hər vasitə ilə  gərginliyin yenidən yaradılmasına çalışır. Təbii ki, səfir Olivyenin payladığı humanitar yükün buğda toxumu deyil, düşmənçilik toxumları olduğuna şübhə yoxdur. Səfir hara, toxum paylamaq hara? Bəyəm onu Ermənistana kənd təsərrüfatı aqronomu kmi  toxum paylamağa göndəriblər?  Deməli, “torbada pişik var.” Çünki Fransa səfiri faktik olaraq İrəvana ayaq basdığı gündən səfirlik missiyasını yerinə yetirmir. Sadəcə o,  qəddar və yekəxana  Makron hakimiyyətinin Ermənistanda  Azərbaycana qarşı çirkin niyyətlərinin icraçısıdır. Bu, Prezident Emmanuel Makronun Cənubi Qafqaz  regionundakı pozuculuq fəaliyyətini bir daha təsdiq edir. Amma onun bütün çabalamalarına baxmayaraq regionumuzda sülh baş tutacaqdır. Çünki  Qələbədən dərhal sonra Azərbaycan ilk gündən müharibənin başa çatdığını və Ermənistanla münasibətlərə yeni səhifədən başlamağa hazır olduğunu bildirib. Fransa və digərləri Ermənistanı yenidən nə qədər silahlandırsalar da Azərbaycan Ordusu ilə üz-üzə gəlib müharibə apara biləcək səviyyəyə heç vaxt  çıxmayacaq. Ermənilər İkinci Qarabağ müharibəsində Azərbaycan əsgərinin “əlinin suyunu” dadıblar.

O ki qadı Fransaya, yaxşı olar ki, Azərbaycanla düşmənçiliyi davam etdirmək əvəzinə özünün müstəmləkəçilik siyasətindən əl çəkməsi üzərində düşünsün. Zorbalıqla nəyəsə nail olmaq mümkün deyil. Çünki millətlər ayılıb öz haqqını-hüququnu  tanıyıb. Bu gün bütün dünya xalqlarının azad yaşamaq haqqı var. Dənizaşırı ölkələrin xalqlarının da gözü açılıb və azadlıq nə olduğunu başa düşməyə başlayıblar. Makron hakimiyyəti yaxşı olardı ki, beynəlxalq hüquqa hörmət edib sivil dövlətlər arasında qəbul olunan  normalara əməl etsin. Ona görə ki, başqa xalqları istismar etmək, onların milli sərvətlərini talan etmək, səslərini qan tökməklə batırmaq  vaxtı çoxdan başa çatıb. Artıq bir neçə ölkədə Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxmağa başlayıblar. Bu baxımdan Makron Fransası dənizaşırı ölkələrin xalqlarının öz hüquqlarının müdafiəsinə qalxmasını Azərbaycanın ayağına yazmamalı və bunun xalqların təməl hüququ olduğunu qəbul etməlidir. Əgər qəbul etməsə əsrlər boyu zillət çəkdirdiyi xalqlar ayağa qalxıb zülmkarının taxtını başına çevirəcəklər. Dünyada belə hadisələr çox baş verib. Dünya ağalığı iddiasına düşən tiranların sonu həmişə fəlakətlə nəticələnib. Makron isə biabırçılıqla devrilənlərin heç birindən artıq deyil. Dünyada daha “Ağanəzərəm, belə gəzərəm” özbaşınalığı işləmir. Dövlət başçılığını ələ keçirmiş bu adam hələ də başa düşmür ki, Azərbaycanla zor dilində danışmaq olmaz. Bu mövqeyi Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib. Ancaq Makron kor tutduğunu buraxmadığı kimi yapışdığı zorbalıqdan əl çəkmir. Ermənistanın sülhə gələn tədbirlərinin səmtini əks istiqamətə yönəldir. Yaxşı olar ki, Makron orada-burada zəhər toxumu əkməkdənsə, xalqlar arasında nifaq salmaqdansa  dostluğa və əməkdaşlığa aparan yolla getsin, bərbad vəziyyətə saldığı Fransa mədəniyyətini və dəyərlərini onu yaradan xalqa qaytarsın.

Vəli İlyasov, “İki sahil”