Kiyev meri Vitali Kliçko Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzündən müdafiə üçün Almaniyadan gələcək hərbi yardıma ümid edir.
“İki sahil” xəbər verir ki, bunu bazar günü, iyulun 6-da “Bild am Sonntag” qəzetində dərc olunan məqaləsində o, Almaniya kansleri Fridrix Mersi Ukraynanı “TAURUS” qanadlı raketləri ilə təmin etməyə çağırıb.
"Kansler Fridrix Merz artıq haqlı olaraq bildirib ki, Rusiyanın mülki hədəflərə amansız hücumları “TAURUS” raketlərinin çatdırılmasına səbəb olmalıdır. Ümid edirik ki, Almaniyanın yeni hökuməti sözünün üstündə duracaq", - Kiyev meri yazıb.
Kliçko Rusiyanın ölkəsinə qarşı hərbi təcavüzünü hər gecə şiddətlənən “saf terror” adlandırıb. “Təkcə şəhərimizdə iki min bina dağıdılıb, yaralıların və ölənlərin sayı artır.
Kiyev merinin sözlərinə görə, Putin açıq şəkildə göstərdi ki, o, atəşkəs, sülh və müharibənin dayandırılmasını istəmir: "Putinin məqsədləri tamamilə aydındır. O, nəyin bahasına olursa olsun, bütün Ukraynaya nəzarəti ələ keçirmək istəyir. Əgər biz onu Ukraynada birlikdə dayandırmasaq, o, sonra başqa ölkələri işğal edəcək".
Məhərrəm Ağalaroğlu, “İki sahil”