09 iyul 2025 22:47
121

Azərbaycan Könüllüləri "Milli Kimlik" İdeoloji Hazırlıq Proqramı çərçivəsində Səbinə Xasayeva ilə görüşüblər

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Milli Kimlik" İdeoloji Hazırlıq Proqramının görüşü baş tutub.

“İki sahil” xəbər verir ki, görüş Milli Məclisin deputatı Səbinə Xasayevanın təqdimatında “Qərbi Azərbaycan həqiqətlər” mövzusunda olub.

Görüşdə deputat Səbinə Xasayeva Qərbi Azərbaycanda baş verən tarixi hadisələr, azərbaycanlıların bu ərazilərdəki mədəni, sosial və siyasi varlığı, eləcə də bu məsələnin beynəlxalq müstəvidə tanıdılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. O, xüsusilə Cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı söylədiyi fikirlərə toxunaraq bildirib ki, dövlət başçısının bu məsələni ardıcıl şəkildə beynəlxalq tribunalarda gündəmə gətirməsi və Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın dinc şəkildə öz dədə-baba yurdlarına qayıtmaq hüququnun tanınması çağırışı, Azərbaycanın milli maraqlarının qorunmasına yönəlmiş mühüm siyasi addımlardandır.

Qeyd edək ki, “Milli Kimlik” İdeoloji Hazırlıq Proqramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü ildə Milli Məclisdə andiçmə mərasimində səsləndirdiyi çağırışlara əsaslanaraq hazırlanıb. Dövlət başçısı həmin çıxışında bildirib: “İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir”. 

Proqram Azərbaycan Könüllüləri arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, milli şüurun formalaşdırılması və dövlət maraqlarına sadiq gənclərin yetişdirilməsi məqsədini daşıyır. Proqram çərçivəsində müxtəlif mövzularda tanınmış ekspertlər, siyasi və ictimai xadimlərin iştirakı ilə ideoloji görüşlərin təşkili davam etdiriləcək.