11 iyul 2025 11:30
241

Süni intellekt: işimizi əlimizdən alacaq, yoxsa bizə yol göstərəcək?

Deyirlər, gələcəyin iş dünyası artıq gəlib. Sadəcə bəzi insanlar hələ bunu dərk etmir. Ofislərdə, media orqanlarında, hətta təhsildə belə artıq bizə xidmət edən süni intellekt sistemləri mövcuddur. Amma bu texnologiyanın sürətli gəlişi bəzilərində narahatlıq doğurur: “Bəs mənim işim necə olacaq?”, “Görəsən, AI məni əvəz edəcəkmi?”

Əslində isə sualı bir az fərqli qoymaq lazımdır: Süni intellekt insanı əvəz edəcək, yoxsa insanla birgə işləyəcək?

Ən böyük qorxu – məlumatsızlıqdan gəlir. Bir çox insan süni intellekti robot kimi təsəvvür edir: gələcək, düyməyə basacaq və insanları işsiz qoyacaq. Halbuki reallıq fərqlidir. Süni intellekt bizə rəqib deyil, əksinə, ağıllı bir köməkçidir. Bu gün media sahəsində bəzi jurnalistlər xəbər başlıqlarını AI-ya yazdırır, müəllimlər dərs planlarını ChatGPT ilə qurur, dizaynerlər yeni məhsul eskizlərini Midjourney vasitəsilə yaradırlar.

Əlbəttə, bu o demək deyil ki, süni intellekt hər şeyi mükəmməl bilir. O, sadəcə bizə vaxt qazandırır, təhlili sürətləndirir, yaradıcılıq üçün yer açır. İş dünyasında artıq “insan + süni intellekt” modeli qurulub və bu model bir-birini tamamlayan tərəflərə çevrilməkdədir. Məsələn, bir jurnalist süni intellektdən xəbər araşdırmalarında istifadə etsə də, insani duyğuları, ədalət prinsipi və etik qaydaları AI deyil, yalnız o özü qiymətləndirə bilər.

Gələcəyin işçisi daha ağıllı texnologiyalardan qorxan deyil, onları öz məqsədi üçün istifadə etməyi bacaran insandır. Süni intellektdən qorxmaq əvəzinə, onu öyrənmək, onunla iş birliyi qurmaq lazımdır. Çünki gələcək artıq gəlib və biz ya onunla birgə addımlayacağıq, ya da geridə qalacağıq.

Süni intellektin inkişafı ilə paralel olaraq, yeni iş imkanları və sahələr də yaranır. Misal üçün, AI texnologiyalarını inkişaf etdirən mühəndislər, məlumat analitikləri və s.  kimi yeni peşə sahələri ortaya çıxır. Bu dəyişikliklər, süni intellektin yalnız mövcud işləri əvəz etməsi deyil, həm də yeni bacarıq və ixtisaslar tələb edən işlər yaradacağını göstərir.

Süni intellektin inkişafı bizim qarşımıza sual qoyur: dəyişən dünyada öz yerimizi qorumaq üçün nə etməliyik? Cavab bəlkə də çox sadədir — insan olaraq düşünməyi, yaratmağı və uyğunlaşmağı unutmamalıyıq. Texnologiya dəyişə bilər, amma insanın özünü inkişaf etdirmək istəyi daim qalacaq.

Bunu yazarkən mən də özümə sual verdim: bu dəyişikliklərə nə dərəcədə hazıram? Düşünürəm ki, biz hazır olmasaq belə, gələcək bizi çağırmağa davam edəcək.

Nərmin Muradzadə,
Bakı Slavyan Universiteti,
Sosial Elmlər fakültəsi,
Jurnalistika ixtisası, Aj301 qrup tələbəsi