11 iyul 2025 14:47
125

Varşava Ukraynanı polyakların soyqırımını rəsmən tanımağa çağırıb

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Kiyevi Volın faciəsini və polyaklara qarşı törədilən soyqırımını rəsmən tanımağa çağırıb.

“İki sahil” xəbər verir ki,  nazir bu məsələnin heç vaxt unudulmamalı olduğunu diqqətə çatdırıb. “Mən Polşa ilə Ukrayna arasında nifaq salmağa çalışan şəxslərdən deyiləm və həqiqət üzərində, keçmişə hörmət əsasında gələcək qurmaq istəyirəm”, – deyə o bildirib. Vladislav Kosinyak-Kamış bu tarixi yaranın yalnız soyqırımının tanınması ilə sağala biləcəyini qeyd edib.

Bir müddət öncə Polşa Seyminin deputatı Marçin Pşidaç polyakların əksəriyyətinin artıq Ukraynaya qarşılıqsız yardımın davam etdirilməsini istəmədiyini deyib. Onun sözlərinə görə, Ukrayna hökuməti bu dəstəyi qazanmaq üçün heç bir addım atmayıb.

Qeyd edək ki, iyulun 11-də Polşada 82 il əvvəl – 1943-cü ildə Ukrayna millətçiləri tərəfindən polyaklara qarşı törədilmiş soyqırımı qurbanlarının Anım Günü qeyd olunur.