11 iyul 2025 19:49
106

Ukrayna Rusiyadakı “MiQ” zavoduna zərbələr endirib

Ukrayna Silahlı Qüvvələrinin bölmələri Moskva vilayətindəki Voronin Luxovitski adına aviasiya zavoduna zərbələr endirib.

“İki sahil” Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargahın məlumatına görə, müəssisə “MiQ-29” və “MiQ-31” tipli qırıcılar istehsal edir.

“Bu müəssisə Rusiya ordusu üçün hissələrin mexaniki emalından tutmuş son yığılma, uçuş sınaqları və Rusiyanın “MiQ” döyüş təyyarələrinin təhvil verilməsinə qədər bütün iş kompleksini həyata keçirir. Zavodun ərazisində partlayışlar və yanğın qeydə alınıb”, - qurumdan bildirilib.

Həmçinin Ukrayna SQ-nin Xüsusi Əməliyyat Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin bölmələri Müdafiə Qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq şəklində akademik Şipunov adına Cihazqayırma Konstruktor Bürosuna zərbələr endiriblər.

Bundan əlavə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən bildirilib ki, iyulun 10-da Rusiyanın Tümen vilayətinin Xantı-Mansiysk Muxtar Dairəsində yerləşən Lanqepas şəhərində qaz kəməri partladılıb. Çelyabinsk, Orenburq və Sverdlovsk vilayətlərində Rusiyanın hərbi-sənaye kompleksi müəssisələrinə xidmət edən iri magistral qaz kəmərinin bir hissəsi məhv edilib.