Bu gün, 11 iyul tarixi Türkiyədə terror probleminin tamamilə aradan qaldırılması yolunda yeni bir səhifə aça bilər.
“İki sahil” xəbər verir ki, İraqın şimalında və Türkiyə ilə həmsərhəd Suriyada fəaliyyət göstərən PKK terrorçularının ilk dəstələri bu gün İraqın Süleymaniyə şəhərində silahlarını yerə qoyacaq ki, bu da “Terrorsuz Türkiyə” hədəfinə gedən yolda mühüm mərhələ olacaq. Türkiyənin 47 ildir mübarizə apardığı qanlı təşkilat 2025-ci il mayın 12-də özünü ləğv etdiyini və tərksilah olunduğunu açıqlayıb.
Çoxlu sayda media işçisi terrorçuların silahlarının təhvil verilməsi prosesini müşahidə edəcək. Silah və sursatlar yerindəcə məhv ediləcək. Cinayətkar təşkilatın tam tərksilah prosesinin bu ilin sentyabr ayının sonunadək başa çatdırılması planlaşdırılır.
Medianın məlumatına görə, türk xalqına qarşı törədilən qanlı cinayətlərdə birbaşa iştirak etməyən terror təşkilatının üzvləri Türkiyəyə qayıda biləcək və “reabilitasiya” prosesindən keçəcəklər. Eyni zamanda, Murat Karayılan, Cəmil Bayık və Mustafa Karasunun da olduğu qanlı təşkilatın 30-40 nəfərlik bir qrupunun Türkiyəyə girişi qadağan ediləcək.