11 iyul 2025 15:13
166

“Terrorsuz Türkiyə” hədəfinə doğru yolda kritik həddi keçdik - Ömer Çelik

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Şimali İraqda PKK terrorçularının birinci qrupunun silahlarını təhvil verməsinə münasibət bildirib.

“İki sahil” xəbər verir ki, partiyanın sözçüsü Ömer Çelik İraqın Süleymaniyə vilayətində silahlarını nümayişkaranə şəkildə məhv edən terrorçu qrupun hərəkətlərini bəyan edilmiş “Terrorsuz Türkiyə” hədəfinə gedən yolda “kritik hədd” adlandırıb. Ö.Çelik sosial şəbəkələrdə yazıb: “Terrorsuz Türkiyə” hədəfinə gedən yolda kritik hədd keçdik. PKK terrorçuları fəaliyyətlərini tamamilə dayandırmalı və silahlarını tez bir zamanda təhvil və məhv etməlidirlər”. O, terrorla mübarizədə uğurların Prezident Rəcəb Tayyib Ərdoğanın iradəsi və ölkənin aparıcı siyasi güclərindən biri olan Milliyyətçi Hərəkət Partiyasının (MHP) sədri Dövlet Bahçelinin çağırışı sayəsində əldə edildiyini vurğulayıb. Eyni zamanda, siyasətçi “Terrorsuz Türkiyə” ideyasının həyata keçirilməsindən sonra “Terrorsuz region” məqsədinin reallaşacağına əminliyini ifadə edib. Hakim partiyanın nümayəndəsi terrora qarşı mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, cinayətkarlıqla mübarizədə göstərdikləri qəhrəmanlığa görə qazilərə minnətdarlığını bildirib.

Qeyd edək ki, cümə günü, iyulun 11-də 30-dan çox PKK yaraqlısından ibarət qrup İraqın şimalında Türkiyə və İraq rəsmi strukturlarının nümayəndələri, eləcə də media işçilərinin gözü qarşısında silah-sursatı məhv edib.