Keçmiş məcburi köçkün: İşğaldan azad edilmiş ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri insanın ürəyini dağa döndərir
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərindəki şanlı Qələbəsindən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bütün bunlarla yanaşı, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq həsrətinə də son qoyulur. Bu proses Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən mərhələli şəkildə davam edir. İyul ayının 14-də Xocalı rayonunun yenidən bərpa olunmuş Xanyurdu kəndinə 33 ailə (122 nəfər), Təzəbinə kəndinə isə 28 ailə (125 nəfər) köçürülüb. Onu da qeyd edək ki, artıq keçmiş köçkünlərin yaşadıqları yaşayış məntəqələrinin sayı 18-ə çatıb. İyulun 22-də isə Cəbrayıl şəhərinə 53 ailə - 198 nəfər köçürülüb. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə həyata keçirilən layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən 50 mindən çox insan yaşayır. Bu mənada Böyük Qayıdışa dair I Dövlət Proqramını xəyyaları gerçəyə çevirən Dövlət Proqramı adlandırmaq olar.
İyul ayının 14-də Xocalının Təzəbinə kəndinə köçənlərin arasında Birinci Qarabağ müharibəsi qazisi, keçmiş məcburi köçkün, əslən Aşağı Quşçular kəndindən olan Mahir Əhəd oğlu Fərəcovun da 3 nəfərdən ibarət ailəsi olub. M. Fərəcov köçlə bağlı fikirlərini “İki sahil” qəzeti ilə bölüşərkən bildirdi ki, hazırda məskunlaşdığı bu kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi: “2023-cü ilin sentyabrında Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində kənd işğaldan azad olunub. Artıq biz doğma yurdumuzdayıq. Bizə bu sevinci bəxş edən isə Prezident İlham Əliyevin Ali Baş Komandan olduğu rəşadətli Azərbaycan Silahlı Qüvvələri olub. Yeri gəlmişkən onu da qeyd edim ki, bəlkə də bir neçə il qabaq, kimsə desəydi ki, bu günü görəcəksən, inanmazdım. Amma çox sevinirəm ki, həm bu sevincli gün qismətim oldu, həm də bu qələbənin sərkərdəsini yaxından gördüm. Dövlətimizin başçısı bizimlə çox səmimi görüşdü, söhbət elədi, xatirə şəkli çəkdirdi. Prezidentin gəlişi sevincimizə sevinc qatdı. Mən də dövlətimizin başçısına ürək sözlərimi çatdırdım. Aradan neçə gün keçib, mən hələ də Prezidentlə görüşün həyəcanını yaşayıram. Mən həqiqətən belə bir günün şahidi olduğum üçün xoşbəxtəm. Şükür ki, bu günləri də gördük. Yeri gəlmişkən mənə, eləcə də digər keçmiş məcburu köçkünlərə bu sevinci bəxş edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, həmçinin rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edir, qazilərimizə cansağlığı arzulayır, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
Söhbətinin bu məqamında bir qədər fasilə verən müsahibimiz vurğuladı ki, məlum hadisələrdən sonra Pirşağı qəsəbəsindəki “Gilavar” sanatoriyasında məskunlaşıb. Təxminən 33 il burada yaşayıb. Dediyinə görə, orada şərait o qədər də ürəkaçan olmayıb: “Bu illər ərzində qəlbimdə Vətənə dönüş ümidi bir an da olsun sönməyib”.
23 yaşında ikən Şuşanın Aşağı Quşçular kəndini tərk etdiyini xatırladan M. Fərəcov vurğuladı ki, Təzəbinə də ona doğmadır: “Vətən həsrəti ilə yaşamış insanlar üçün burada hər cür şərait yaradılıb. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşuq. Evlərimiz geniş və rahatdır, infrastruktur tam təmin olunub. Bir sözlə, dövlət bütün şəraiti yaradıb - evlər, həyətyanı sahələr, içməli su, təbii qaz, elektrik. Onu da xüsusi vurğulamaq istəyirəm ki, hazırda kəndin müasir sosial infrastrukturunun qurulması istiqamətində işlər davam edir. Belə ki, məktəbəqədər və ümumtəhsil müəssisələrinin binalarının təmir-bərpası istiqamətində hazırlıq işləri görülür, ambulatoriya mərkəzi və market üçün nəzərdə tutulmuş bina əsaslı təmir edilir. Kənddə sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün bir hektar ərazisi olan müasir istirahət parkı yaradılıb. Rəsmi məlumata görə, bu ilin sonunadək Xocalı rayonunun Təzəbinə kəndində ümumilikdə 197 fərdi ev hazır olacaq. Gələn il isə daha 159 fərdi evin təmir-tikintisi yekunlaşacaq. Bu isə o deməkdir ki, bir neçə aydan sonra burada minlərlə insan yaşayacaq. Bu fikirləri Xanyurdu kəndi haqqında da demək olar. Bəli, işğaldan azad edilmiş ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri insanın ürəyini dağa döndərir”.
Qvami Məhəbbətoğlu, “İki sahil”