KÖŞƏ

Zahid Rza

Sarkisyanın “Qarabağ” oyunu fiaskoya uğrayır

02 noyabr 2016 00:47
1088

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli çərçivəsində yeni şəraitin yaranması müşahidə olunur. Danışıqlar prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını ekspertlər cari ilin aprel ayında baş verən aprel döyüşlərinin nəticələri ilə əlaqələndirirlər.

Aprel döyüşlərində Azərbaycanın hərbi üstünlüyünün aşkar hiss edilməsi həm Ermənistan cəmiyyətində və rəhbərliyində, həm də münaqişənin həlli ilə məşğul olan beynəlxalq qüvvələrdə tamamilə yeni yanaşma formalaşdırıb. Bütün tərəflər Azərbaycanın böyük hərbi gücə malik olduğunun və istənilən anda qısa müddətdə torpaqlarını müharibə yolu ilə azad etməyə qadir olduğunu  bir daha şahidi oldular.

Son iki ayda regionda baş verən proseslər, xüsusilə Azərbaycan-İran-Rusiya üçtərəfli formatlı əməkdaşlığı, Türkiyə-Rusiya münasibətlərinin bərpası və Azərbaycanın iştirakı ilə yeni üçtərəfli əməkdaşlıq formatı ideyasının meydana çıxması Qarabağ münaqişəsinin həlli istiqamətində yeni mənzərə ortaya qoyub.

Ekspertlər qeyd edirlər ki,  münaqişənin həllində keyfiyyətcə yeni mərhələ başlayıb. Bu mərhələ hələ ki, özünü diplomatik səylərdə göstərməkdədir. Yekun rəy belədir ki, beynəlxalq və regional təhlükəsizliyi təhdid edən bu münaqişə respublikamızın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlandığı vaxtdan indiyədək müxtəlif beynəlxalq təşkilatlar-BMT, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı münaqişə ilə bağlı çox tutarlı və həqiqəti əks etdirən qətnamələr, qərarlar qəbul etmişlər ki, bu qərarlar da münaqişənin istənilən yolla, o cümlədən, hərbi güc tətbiq etmək yolu ilə həll olunması üçün kifayət edir.

Ermənistanda isə ictimai-siyasi vəziyyət gərgin olaraq davam edir. Siyasi şərhçilər hesab edirlər ki, Serj Sarkisyan belə demək mümkündürsə, başını itirib. O, həm daxili nəzarəti və etibarı itirib, həm də xarici dəstəkdən məhrum olub. Sarkisyanın düşdüyü real durumu erməni siyasi analitik Kayts Minasyan daha dəqiq ifadə edib. Onun sözlərinə görə artıq heç kim Sarkisyanı ciddi qəbul etmir. Ekspert Sarkisyanın münaqişənin həlli üçün irəli sürdüyü “üç şərt”i qeyri-ciddi hesab edir: “Aprel müharibəsindən sonra Serj Sarkisyan “üç şərt” irəli sürdü ki, bunlardan biri özündə münaqişə zonasında beynəlxalq nəzarət sxemlərinin tətbiqini ehtiva edir. Sarkisyan həmçinin bildirib ki, bu şərtlər yerinə yetirilməyincə danışıqlar növbəti mərhələyə keçə bilməz. Mən Minsk Qrupunun həmsədrlərinin və ümumilikdə, dünya ictimaiyyətinin Serj Sarkisyana nə qədər ciddi yanaşdıqlarını bilmirəm”.

Göründüyü kimi, bu gün işğalçı Ermənistanda S.Sarkisyan klanını dalana salan gərgin və idarəolunmaz bir vəziyyət yaranıb. Bu isə öz növbəsində bu təcavüzkar ölkədə siyasi böhranı daha da dərinləşdirir. Ona görə də cinayətkar Sarkisyan höküməti münaqişə zonasında qoşunların təmas xətti boyunca tez-tez atəşkəsi pozaraq diqqəti ölkə daxilindəki proseslərdən “yayındırmağa” çalışır. Son zamanlar bu ölkədə baş verənlər bir daha təsdiq edir ki, artıq  onun bu “texnologiyası” bumeranq effekti verir.  Təbii ki, bütün bunlar Sarkisyanın cinayətkar və mafioz klanını tezliklə tarixin zibilliyinə  ataraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində yeni, konstruktiv bir mərhələnin başlanmasını sürətləndirəcək.