44 günlük haqq savaşımızda 30 il düşmənə əsir düşən torpaqları canı bahasına Vətən edən qəhrəmanlardan biri də Nurlan Rəhimovdur. 1981-ci ildə Astara şəhərində dünyaya gələn Nurlan lap uşaq yaşlarından doğma Azərbaycanın torpağına, daşına ürəkdən sevdalanmışdı. Odur ki, Qarabağımızın düşmən işğalında qalmasına heç cür dözə bilmirdi, bu yolda şəhid olmağı belə özünə şərəf sayırdı. Elə yağıdan öc almaq məqsədilə həyatını hərbiyə bağlayıb. Vətən müharibəsi başlanan günü qəlbi düşmən tapdağında qalan torpaqların azad edilməsi istəyi ilə alışıb-yanan, Azərbaycan Ordusunun çavuşu Nurlan Rəhimov döyüşən cəbhənin ən qaynar nöqtələrində döyüşə atılıb. Ölümə meydan oxumaqla erməni dığalarına ciddi itkilər verib. Bir-birindən ağır döyüş əməliyyatlarında mərdliklə vuruşun, yağının kabusuna çevrilən igid Vətən oğlu 30 sentyabrda Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində şəhadətə qovuşub.
Sinəsini özündən artıq sevdiyi Vətənə sipər edib örnək olacaq bir tarix yazan zəfər şəhidi Nurlan Rəhimov ölümündən sonra “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” və digər medallarına layiq görülüb. Qazanılan parlaq qələbəmizin qəhrəmanlıq simvoluna dönən, milyonların ürəyində əzəmətli abidə ucaldan Nurlanın özündən sonra xalqına Əlövsət və Səidə adlı övladları yadigar qalıb.
Astara Pedaqoji Kollecinin direktoru, professor, şəhid atası Kamran Kazımov, Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara İcra Hakimiyyətinin və kollecin bir qrup əməkdaşı Vətənin yaşaması, millətin xoş gələcəyi naminə canından keçib ölümsüzlüyə qovuşan elin qeyrətli oğlu Nurlan Rəhimovun ailəsinə baş çəkiblər.
Söhbət zamanı zəfər şəhidi Nurlan Rəhimovun hər səhifəsi fədakarlıqla, mərdliklə, qürurla, heyrət doğuran məqamlarla dolu olan həyat və rəşadətli döyüş yolundan bəhs edilib. O da bildirilib ki, Vətən, torpaq yolunda canından keçmək hər bir insan üçün əsl şərəfdir. Nəsibi belə olanlar heç vaxt ölmürlər. Nurlanın, eləcə digər şəhidlərin əziz xatirəsi xalqlımız tərəfindən daimi sevgi, məhəbbət və dərin ehtiramla yad edilir. Zaman-zaman da məhz belə olacaq.
İndi Nurlanın adı təkcə doğulub boya-başa çatdığı Astaraya deyil, bütün Azərbaycana şöhrətdir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü