Keçmiş "Təfəkkür" Universitetinin rektoru Müşfiq Atakişiyevin sifarişi ilə həmin ali təhsil müəssisəsinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Dəyanət Quliyevin kassasiya şikayəti təmin edilməyib.
“İki sahil” xəbər verir ki, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində olan aşağı instansiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılıb.Qərara əsasən, şikayət təmin edilməyib və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cinayət işində təqsirli bilinən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyev 14 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər. Hökmdən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
İttihama görə, həmin vaxt "Təfəkkür" Universitetinin rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini qohumu Dəyanət Quliyevə sifariş verib. D.Quliyev isə cinayəti qonşusu Samir Quliyevə icra etdirib. Cinayətin üstü 12 il sonra açılıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.