22 may 2026 01:59
114

Azərbaycan - Gürcüstan münasibətləri: Sabitlik, inkişaf və ortaq gələcək

İki ölkə arasında qatarların fəaliyyətinin bərpası ilə bağlı ortaq mövqeyini ifadə edən qərar regionda sülh və əməkdaşlığın gücləndirilməsinə xidmət edən növbəti addımdır

Azərbaycan və Gürcüstan müstəqilliklərini bərpa etdikdən sonra iki ölkə arasında əməkdaşlıq yalnız ikitərəfli deyil, həm də regional və beynəlxalq platformalarda davamlı şəkildə inkişaf etmişdir. Müstəqillik illərində ölkələrimiz arasında onlarla mühüm sənəd imzalanmış, birgə komissiyalar yaradılmış, dövlət başçılarının qarşılıqlı səfərləri və yüksək səviyyəli görüşlər mütəmadi xarakter almışdır. Hər iki ölkənin regionda sabitlik və təhlükəsizliyə verdiyi önəm, münasibətlərin inkişafına əlavə təkan vermişdir. Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan münasibətlərini belə xarakterizə etmişdir: “Biz Gürcüstanla çox yaxın dostuq və strateji tərəfdaşıq. İkitərəfli əlaqələrimiz bütün sahələrdə inkişaf edir və bu əməkdaşlıq regionda sabitlik və inkişaf üçün mühüm əsas yaradır.”

İki ölkə arasında münasibətlərin əsas istiqamətlərindən biri enerji və nəqliyyat sahəsidir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və Gürcüstanın da fəal iştirak etdiyi iri infrastruktur layihələri həm ikitərəfli əlaqələrə, həm də regionun iqtisadi inkişafına ciddi töhfə vermişdir. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Azərbaycan neftinin və qazının Qərbə nəqlini təmin etməklə yanaşı, Gürcüstanın enerji təhlükəsizliyinə də mühüm töhfə verir. Bu layihələr sayəsində Gürcüstan enerji idxalçısından tranzit ölkəyə çevrilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu isə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən strateji nəqliyyat dəhlizi rolunu oynayır. Bu dəmir yolu sayəsində Asiyadan Avropaya qısa və təhlükəsiz ticarət yolları açılmış, Cənubi Qafqaz regionu Avrasiya nəqliyyat sisteminə inteqrasiya olunmuşdur.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycana səfəri və iki ölkə arasında iqtisadiyyat, enerji və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşməsinə dair hərtərəfli sazişlər toplusu imzalaması sübut edir ki, Bakı ilə Tbilisi arasında ənənəvi strateji tərəfdaşlıq keyfiyyətcə yeni, daha yüksək bir mərhələyə qədəm qoyub. İmzalanma mərasimi 18 may 2026-cı ildə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə baş tutub. Burada diqqət ediləcək məqam odur ki, sənədlər təkcə Azərbaycan və Gürcüstan deyil, əslində bütün dünya üçün geoiqtisadi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan Gürcüstanla birlikdə Orta Dəhliz vasitəsilə Asiya və Avropanı, Şimalla Cənubu birləşdirən qlobal logistika və nəqliyyat qovşağına çevrilib. İki ölkənin regional əməkdaşlıq modeli bu gün dünyada bir çox ölkələr üçün nümunəyə çevrilib. Məsələn, Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə rəsmi Bakı yaxın qonşuluq siyasətində dayanıqlı təchizat zəncirinin lokomotivinə çevrilib. Bu gün Azərbaycan təkcə enerji ixrac etmir, paralel olaraq regionun daxili bazarının enerji çatışmazlığını qapadır, qonşuların iqtisadi müstəqilliyini gücləndirir. Qeyd edək ki, rəsmi Bakının regional enerji strategiyasından ən çox fayda götürən ölkələrdən biri şübhəsiz ki, Gürcüstandır. Çünki Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələrin məhz bu ölkənin ərazisindən keçməsi Gürcüstanı regional tranzit qovşağına çevirib. Bununla paralel olaraq həm də dost ölkənin milli təhlükəsizlik, enerji təhlükəsizliyi və iqtisadi inkişafına ciddi təkan verib. Bu gün Gürcüstan təbii qaz tələbatının 90 faizini Azərbaycan vasitəsilə təmin edir. Bu da daxili bazarda sabitlik və qiymət əlçatanlığı üçün birbaşa təminat sayılır.

Bununla yanaşı, regional enerji körpüsü konsepsiyası da güclənir ki, bu da Azərbaycanın elektrik enerjisini Gürcüstan vasitəsilə Avropa bazarlarına ötürməsi sayəsində əldə edilir. Azərbaycanın yaşıl enerji bazarında atdığı addımlar regional enerji asılılığını minimuma endirir. Paralel olaraq Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi ilə bağlı imzalanan sənəd də iqtisadi rentabelliyə töhfə verir. Yenilənmə işlərindən sonra Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükdaşıma gücü 5 milyon tona çatdırılacaq ki, bu da əlavə iqtisadi dividendlər deməkdir. İkitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş hərtərəfli sazişlər toplusunun imzalanmasından sonra Bakı və Tbilisi arasında sərnişin qatarlarının may ayının sonundan yenidən fəaliyyətə başlaması ilə bağlı da qərar verilib. Baş nazir Əli Əsədov da Azərbaycan Respublikası ilə Gürcüstan arasında dəmiryol nəqliyyatı vasitəsilə sərnişin daşımalarının bərpası ilə bağlı sənəd imzalayıb. Qərara əsasən, 2026-cı il mayın 25-i saat 00:00-dan etibarən Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də Azərbaycana vizasız giriş hüququna malik bütün xarici ölkə vətəndaşlarının dəmiryol nəqliyyatı vasitəsilə Azərbaycan–Gürcüstan istiqamətində giriş-çıxışına icazə veriləcək. Bu qərar Cənubi Qafqazda inteqrasiya proseslərinin daha da sürətlənməsinə və regional əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.

Müasir dövrdə nəqliyyat sistemi dövlətlərin iqtisadi inkişafında, beynəlxalq əməkdaşlığın genişlənməsində və regional inteqrasiyanın gücləndirilməsində mühüm rol oynayır. Xüsusilə dəmir yolu nəqliyyatı təhlükəsizlik, uzaq məsafələrə kütləvi daşımaların təşkili baxımından sərfəlilik və ekoloji baxımdan əlverişli nəqliyyat növlərindən biri hesab edilir. Azərbaycan ilə Gürcüstan arasında qatarların yenidən fəaliyyətə başlaması region ölkələri üçün mühüm iqtisadi və strateji hadisədir. Bu əlaqə yalnız iki ölkə arasında sərnişin daşımalarını təmin etmir, həm də Cənubi Qafqaz regionunda nəqliyyat-logistika imkanlarını genişləndirir. Qafqazın lider dövləti kimi Avrasiya məkanında mühüm nəqliyyat-tranzit qovşağı olan Azərbaycan regionun inkişafı, region ölkələri arasında sülh və əməkdaşlığın gücləndirilməsi üçün davamlı addımlar atır. Azərbaycan və Gürcüstan hökumətlərinin qatarların fəaliyyətinin bərpası ilə bağlı ortaq mövqeyini ifadə edən qərar da regionda sülh və əməkdaşlığın gücləndirilməsinə xidmət edən növbəti addımdır. Bu marşrut regionun beynəlxalq nəqliyyat və logistika şəbəkəsinə inteqrasiyasını gücləndirməklə yanaşı, iqtisadi əməkdaşlığın dərinləşməsinə də mühüm təsir göstərir. Dəmir yolu ilə sərnişin daşımalarının genişlənməsi turizmin inkişafına, ticarət dövriyyəsinin artmasına, əlaqələrin möhkəmlənməsinə və mədəni yaxınlaşmaya əlavə imkanlar yaradacaq. Eyni zamanda, ekoloji baxımdan daha təhlükəsiz və iqtisadi cəhətdən səmərəli nəqliyyat vasitəsi olan dəmir yolunun gələcəkdə daha da inkişaf edəcəyi gözlənilir.

Sevinc Azadi, “İki sahil”