02 iyun 2026 15:23
131

Rusiyada vətəndaşlıq qaydaları sərtləşdirilib: məhkumluq arayışı tələb olunacaq

Rusiya Prezidenti Vladimir Putin vətəndaşlıq məsələlərinin baxılma qaydalarına dəyişiklikləri təsdiqləyib. Yeni qaydalara əsasən, Rusiya vətəndaşlığı almaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər məhkumluğun olmamasını təsdiqləyən rəsmi arayış təqdim etməli olacaqlar.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlmat yayıb.

Yeni tələblərə görə, əgər müraciət edən şəxsin məhkumluğu varsa, təqdim edilən sənəddə onun hansı cinayətə görə cəza çəkdiyi barədə məlumat da əks olunmalıdır. Sənəd şəxsin vətəndaşı olduğu ölkənin və ya şəxsiyyəti təsdiq edən sənədi verən dövlətin səlahiyyətli orqanı tərəfindən verilməlidir. Arayışın etibarlılıq müddəti isə müraciət tarixindən ən çoxu üç ay əvvəl olmalıdır.

Eyni zamanda, qeyd olunur ki, Rusiya Dövlət Duması 13 may tarixində xarici vətəndaşlara vətəndaşlıq verilməsi qaydalarını sərtləşdirən qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihəyə əsasən, hər hansı cinayətə görə ödənilməmiş məhkumluğu olan şəxslərə nə müvəqqəti yaşamaq icazəsi, nə də daimi yaşamaq icazəsi və vətəndaşlıq verilməyəcək.

Yeni qaydalar həmçinin 14 yaşdan yuxarı şəxslərə şamil olunur və onlar təhsil məqsədilə Rusiyada yaşamaq icazəsi almaq üçün də məhkumluq arayışı təqdim etməlidirlər. Lakin 14 yaşdan kiçik uşaqlar və Ukrayna vətəndaşları üçün istisnalar nəzərdə tutulub. Ukrayna vətəndaşları üçün isə iki illik keçid dövrü tətbiq ediləcək.

Ümumilikdə, bu dəyişikliklər Rusiyanın miqrasiya və vətəndaşlıq siyasətinin daha sərt və nəzarətli mərhələyə keçdiyini göstərir.