ABŞ-ın tanınmış kino və televiziya aktyoru, 81 yaşlı Ceyms Hendi Los-Anceles şəhərinin ətraf qəsəbələrindən birində yerləşən evində qətlə yetirilib.
“İki sahil” xəbər verir ki, bu barədə "The Los Angeles Times" və "BBC" məlumat yayıb.

Məlumata görə, cinayəti aktyorun keçmiş həyat yoldaşının oğlu Maykl Qledhill törədib. Bildirilir ki, hadisədən sonra Qledhill polisə zəng edərək özünü təqdim edib və bir nəfəri öldürdüyünü etiraf edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə çatdıqda Ceyms Hendini evinin həyətində huşsuz vəziyyətdə aşkarlayıblar. Aktyorun sinə nahiyəsindən bıçaq xəsarəti aldığı müəyyən edilib. O, dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər və ölüm faktını rəsmən təsdiqləyiblər.

Hadisədən sonra Maykl Qledhill könüllü şəkildə polisə təslim olub və həbs edilib. Hazırda cinayət işi üzrə istintaq aparılır və hadisənin motivləri araşdırılır.
Ceyms Hendi uzun illər ərzində Hollivudun tanınmış xarakter aktyorlarından biri kimi fəaliyyət göstərib. O, bir çox məşhur film və seriallarda rol alıb.