KÖŞƏ

Yeganə Əliyeva

Ermənistanda daxili gərginlik artır

30 dekabr 2016 14:24
688

Siyasi müxalifətin hakim rejimə qarşı birləşməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı polemikaları qızışdırıb

Ermənistanda növbəti parlament seçkiləri yaxınlaşdıqca ölkənin siyasi gündəmi də hakimiyyətdaxili çəkişmələrlə müşayiət olunur. Bu çəkişmələrin mərkəzində isə həmişə olduğu kimi, Dağlıq Qarabağ münaqişəsi dayanır. Ermənistanın siyasi müxalifəti, xüsusilə də aprel döyüşlərindən sonra Serj Sarkisyan hakimiyyətini təkcə hərbi sahədə deyil, diplomatik meydanda da Azərbaycana uduzduğunu önə çəkərək hakim rejimi istefaya çağırır.

Məsələnin diqqət çəkən tərəfi həm də ondadır ki, siyasi müxalifətin hakim rejimə qarşı birləşməsindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı polemikalar bir qədər də qızışıb. Hətta siyasi müxalifətin əsas liderləri olan keçmiş prezident Levon Ter-Petrosyan, sabiq müdafiə naziri Seyran Ohanyan və digərləri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə baş tutmuş Vyana və Sankt-Peterburq görüşləri zamanı erməni tərəfinin açıq-aşkar uduzduğunu önə çəkərək rəsmi İrəvanı işğal edilmiş Azərbaycan torpaqlarının mərhələli şəkildə azad edilməsinə razılıq verməkdə ittiham edirlər.

Bir neçə gün əvvəl Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın erməni saytlarında dərc edilmiş məqaləsində deyilir ki, sülh razılaşmaları təsdiqlənərsə, erməni tərəfi birinci mərhələdə işğal altında olan 7 rayondan 5-ni Azərbaycana qaytarmalıdır. Dağlıq Qarabağa dair sülh çağırışlarından bəhs edən məqalədə bildirilir ki, 5 rayon azad edildikdən sonra sülh razılaşmasının ikinci mərhələsi başlayır: “Bu mərhələdə Qarabağa sülhməramlı qüvvələr yerləşdirilir. Üçüncü mərhələdə Dağlıq Qarabağ üçün beynəlxalq səviyyədə tanınmış aralıq status elan olunur. Sonra Dağlıq Qarabağın və Ermənistanın blokadası aradan qaldırılır, kommunikasiyalar açılır. Dağlıq Qarabağın yekun statusu isə daha sonra müəyyən edilməlidir. Plana əsasən, azad edilməmiş iki rayon  - Kəlbəcər və Laçın da Laçın dəhlizi saxlanılmaqla Azərbaycana qaytarılmalıdır”.

Ermənistanda eks-prezident Levon Ter-Petrosyanın çıxışından sonra başlayan Qarabağ və münaqişənin həlli naminə kompromislər polemikasına prezident Serj Sarkisyan da qoşulub. Belə ki, Ermənistan prezidenti Xarici İşlər Nazirliyində ənənəvi Yeni il qəbulu zamanı üstüörtülü şəkildə Ter-Petrosyanın dediklərinə reaksiya verib. Onun sözlərinə görə, ekspertlər, siyasi xadimlər və ya özlərini belə hesab edənlər periodik olaraq dövriyyəyə Qarabağ münaqişəsinin nizamlanmasına dair variantları buraxırlar. Lakin həqiqətdə bunların heç biri variant deyil, versiyalardır: “Mən çox aydın şəkildə bildirirəm ki, indiyə qədər heç kim bizim danışıqlarda uzun müddətdir müzakirə etdiyimiz variantı təfərrüatları ilə açıqlamağa nail olmayıb. Bu da başadüşüləndir və qəbulediləndir. Ancaq təfərrüatlara varmaq istəyəndə dərhal mahiyyətdən yayınırlar və arzular haqda danışmağa başlayırlar”.

Serj Sarkisyan deyib ki, 2007-ci ildən bəri danışıqlarda Madrid prinsiplərindən başqa heç bir nizamlama variantı müzakirə olunmayıb. Onun sözlərinə görə, ən azı iki səbəb var ki, ictimaiyyət danışıqların detalları barədə məlumatlandırılmır. Bunlardan biri odur ki, əgər hər şey razılaşdırılmayıbsa, deməli, heç nə razılaşdırılmayıb. Erməni tərəfinin danışıqlarda bir məqsədi var - Dağlıq Qarabağ üçün statusun müəyyən olunması. Biz bu mövqedən geri çəkilən deyilik”.

Göründüyü kimi, davakar Sarkisyan rejimi əvvəllər olduğu kimi, bu gün də münaqişənin həllində maraqlı deyil və hər vəchlə mövcud status-kvonu qoruyub saxlamağa çalışır. Görəsən, nə vaxta qədər?