KÖŞƏ

Yeganə Əliyeva

İnvestorlar üçün cəlbedici ölkə

16 yanvar 2017 14:19
629

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, bu sahədə rəqabət qabiliyyətinin artırılması yolu ilə iqtisadiyyatın hərtərəfli inkişafı əsas prioritetlərdəndir. Bu istiqamətdə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun olan cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması və əlverişliliyinin daha da artırılması, mütərəqqi tənzimləmə və hüquqi bazanın olması hazırkı dövrün ən vacib məsələlərindəndir. Ölkə rəhbərliyinin elan etdiyi bu prioritet istiqamətin əsas götürülməsində məqsəd iqtisadiyyatın şaxələndirilməsi, müxtəlif sektorlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, xarici investisiyaların ölkəmizə cəlbi üçün daha münbit şəraitin yaradılmasıdır. Məhz bu baxımdan yenicə başa vurduğumuz 2016-cı il Azərbaycanda həm də biznes mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi ili kimi yadda qaldı.

Bəs, ölkədəki mövcud şərait sərbəst və maneəsiz biznes fəaliyyəti, kiçik və orta sahibkarlığın inkişafı baxımından nə dərəcədə effektlidir?

Bəribaşdan deyək ki, beynəlxalq reytinq təşkilatları da son hesabatlarında sahibkarlığa dövlət dəstəyi və biznes mühitinin yaxşılaşdırılması baxımından Azərbaycandakı iqtisadi mühiti müsbət dəyərləndiriblər. Bu hesabatlarda Azərbaycanda biznesin dəstəklənməsi, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin qarşısının alınması istiqamətində atılan məqsədyönlü tədbirlər təqdir olunur. Bildirilir  ki, qlobal iqtisadi çətinliklər şəraitində Azərbaycanda biznes mühitinin dövlət tərəfindən dəstəklənməsi, rəqabət qabiliyyətliliyinin və ixrac imkanlarının genişləndirilməsi, müasir tələblərə cavab verən mexanizmlərinin formalaşdırılması, beynəlxalq standartlara uyğun elektron dövlət xidmətlərinin göstərilməsi sahəsində kompleks tədbirlər həyata keçirilib. Bütün bunlar ölkədə biznes mühitinin sağlamlaşdırılması, geniş spekrtli sərmayələrin iqtisadiyyata cəlb edilməsi üçün müəyyən edilmiş hədəflərə nail olmaq üçün əlavə imkanlar yaradır. Xüsusilə qeyri-neft sektorunda - sənaye, ekoturizm, nəqliyyat, kənd təsərrüfatı sahələrində investisiyaların cəlb edilməsi üçün yaxşı imkanlar var. Prezident İlham Əliyevin 13 iyul 2016-cı il tarixli “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı da bu məqsədə xidmət edir.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə,  son illər biznes sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, əsassız müdaxilələrin qarşısının alınması, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması, sahibkarlıq subyektlərinin biznes layihələrinin maliyyələşdirilməsi, bank-kredit siyasətinin yumşaldılması  kimi tədbirlər artıq öz bəhrəsini verir. Belə ki, son iki ildə regionlarda 4400 yeni müəssisə fəaliyyətə başlayıb, sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artıb. Məhz bunun nəticəsidir ki, yerli gəlirlər hesabına maliyyələşdirilən şəhər və rayonların sayı ilk dəfə olaraq 33-ə çatıb.

Ümumilikdə isə son illər Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər iqtisadiyyatın şaxələndirilməsində özünü göstərir. Belə ki, artıq bir çox beynəlxalq maliyyə təşkilatları Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün çağırışlar səsləndirirlər. Bu isə o deməkdir ki, Azərbaycan xarici investorlar üçün də cəlbedici ölkəyə çevrilir. Ekspertlərin fikrincə, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin davamlı xarakter alması xarici və yerli investorlar üçün daha cəlbedici görünəcək. Bu isə yeni investisiyaların cəlb edilməsinə, ixracın artırılmasına və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da güclənməsinə gətirib çıxaracaq.