KÖŞƏ

Günel Eyyubova

Ermənistanın işğalçılıq siyasətinin mahiyyətində terror dayanır

22 fevral 2017 14:40
2744

1988-1994-cü illərdə Ermənistan tərəfindən Azərbaycan ərazisində dinc əhaliyə və infrastruktur obyektlərinə qarşı cəbhə bölgəsindən uzaqlarda xeyli terror aktları törədilib

Son vaxtlar sivil dünyanın əsas probleminə çevrilmiş terrorizm sərhəd tanımırsa, demək artıq beynəlxalq terrorizm ilə qarşı-qarşıya qalmışıq. Ancaq son dövrdə “beynəlxalq terrorizm” anlayışı daha çox birdən artıq ölkəni hədəfə alır və ya çox ölkədə eyni anda bir-birinə oxşar hadisələrlə müşayiət olunan terrorizmi izah etmək üçün istifadə edilir. Ekspertlər isə həyəcan təbili çalırlar. Onlar statistik göstəricilərə əsaslanaraq qeyd edirlər ki, zaman keçdikcə, terror üsulları daha da təkmilləşir. Yeni texnologiyaların, silah və partlayıcı vasitələrin meydana çıxdığı dövrdə terrorçular da öz niyyətlərini həyata keçirmək üçün müxtəlif qüvvə və üsullardan yararlanırlar. Məhz bu baxımdan terrorizmi təkcə kamikadze hücumu və ya partlayışlarla əlaqələndirmək yanlış olardı. Artıq terrorizmin kimyəvi və bioloji üsullar, kiberterrorizm, maliyyə terrorizmi və digər növləri də geniş yayılıb. Bu şəbəkədə adi, savadsız insanlarla yanaşı din xadimləri, elm ictimaiyyətinin nümayəndələrinə, hərbçilərə, keçmiş güc strukturlarının nümayəndələrinə qədər rast gəlmək olar. Ümumilikdə, terror aksiyalarının təhlilini apardıqda müxtəlif məkanlarda törədilən cinayətlərin hədəflərində fərqləri görmək mümkündür. Əsasən terrorçuları bəzi xarici ekspertlər “humanist” və “radikal” qruplara ayırırlar. Məsələn, bəzi Avropa ekspertləri bask separatçılarının İrlandiya Azadlıq Ordusu, GRAPO və ETA təşkilatını “humanist”lərə aid edir. Onların fikrincə, ETA partlayışlar zamanı insan kütlələrini hədəfə almır, əksinə, kütləyə hadisə barədə öncədən xəbərdarlıq edir. Bu təşkilatın əsas hədəfi İspaniyanın güc strukturları, onların yerləşdiyi qərargahlardır. İnsanlığa qarşı ən qatı cinayətkarların “yuvası” ASALA və PKK-nı da “humanist”lərdən sayırlar. ASALA-nın konkret şəxslərə, PKK-nın isə əsasən hərbçilərə və güc strukturlarına qarşı terror planladığını əsas gətirən bəzi antiterror ekspertləri ASALA-nın Qarabağda törətdiyi soyqırımları da görməzlikdən gəlirlər.

Ötən əsrin 70-ci illərində törətdiyi ağlasığmaz terror aktları ilə tarixə düşən ASALA erməni terror təşkilatı bütün dünya tərəfindən terror təşkilatı kimi tanınıb. Milyonlarla dinc vətəndaşın qətlinə səbəb olan erməni terrorunun 100 ili ötən tarixi var. Erməni terror təşkilatının törətdiyi 22 terror aktı nəticəsində 2000 nəfərdən artıq insan həyatını itirib. XX əsrdə Daşnaksütyun partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur. Bu erməni terror təşkilatlarının fəaliyyəti keçən əsrin 70-80-ci illərində  daha da genişlənib. 1975-ci ildə  -  Livanda yaradılan “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” (ASALA) adlı  təşkilatın üzvləri həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində bir sıra terror aktları törədiblər və nəticədə yüzlərlə günahsız insanlar erməni terrorizminin qurbanı olmuşlar. Ermənistan dövlətinin Azərbaycana qarşı işğalçı siyasətinin mahiyyətində də terror dayanır. Erməni terrorçularının milli qəhrəman elan edilməsi də bunun göstəricisidir. Xatırladaq ki, 1988-1994-cü illərdə Ermənistan tərəfindən Azərbaycan ərazisində dinc əhaliyə və infrastruktur obyektlərə qarşı cəbhə bölgəsindən uzaqlarda xeyli terror aktları törədilib.

Ermənistanın 1991-ci ildə müstəqillik əldə etməsi ASALA-nın hədəflərindən birinə çatması demək idi. Terror təşkilatının fəallarından bir çoxu Ermənistanda önəmli postları tutmuşlar. Ermənistan dövlətinin və erməni diasporunun bilavasitə maliyyə və təşkilati dəstəyi ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terror təşkilatlarının Azərbaycana qarşı apardığı terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter alıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına səbəb olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanlarının hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə törətdikləri terror aktları nəticəsində yüzlərlə günahsız insan həlak olub.

XX əsrin ortalarından başlayaraq 2 problem daha çox qlobal əhəmiyyət kəsb edir. Bunlardan bəşəriyyəti daim qorxu altında saxlayan nüvə müharibəsi təhlükəsi, ikincisi isə xeyli sayda günahsız mülki əhalinin ölümünə səbəb olan beynəlxalq terrorizmdir.