![]() |
Zahid Rza |
Yüz illər ərzində Rusiya ilə Azərbaycan arasında yaranan qonşuluq, dostluq əlaqələri bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2016-cı ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində iki dövlət arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını söyləmişdi. Bildirmişdi ki, münasibətlərin əsasını qədim dostluq və mehriban qonşuluq ənənələri, hüquq bərabərliyi, bir-birinin mənafelərinə hörmət, ortaq tarix və mədəniyyət, milyonlarla insanın qaynayıb-qarışmış taleləri təşkil edir. İki ölkənin dövlət başçıları, hökumətləri və parlamentləri arasında qarşılıqlı etimada əsaslanan əlaqələr məhz bu cür möhkəm təməl üzərində inkişaf edir. Ticari-iqtisadi və investisiya, energetika sferalarında, nəqliyyat infrastrukturu, avtomobilqayırma, səhiyyə sahələrində qarşılıqlı faydalı əməkdaşlıq dərinləşir. Turizm, səhiyyə, təhsil sahələrində əlaqələr gündən-günə dərinləşir. Azərbaycan və Rusiyanın regionları arasında kooperasiya çox yüksək səviyyəyə qalxıb. Bu gün Rusiya Federasiyasının 17 subyekti Azərbaycandakı tərəfdaşları ilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişləri həyata keçirir. Rusiyanın 70-dən çox regionunun müəssisə və şirkətlərinin Azərbaycan ilə xarici ticarət münasibətləri var. Son məlumatlara görə 15 minə yaxın azərbaycanlı tələbə Rusiyada təhsil alır, Azərbaycanda isə bu ölkənin ali məktəblərinin filialları uğurla fəaliyyət göstərir. Xəzər dənizində əməkdaşlığın genişləndirilməsi üçün Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın daxil olduğu “Xəzər beşliyi” və İranın iştirakı ilə formalaşmaqda olan üçtərəfli tərəfdaşlıq çərçivəsində ciddi işlər görülür. Azərbaycanda 600-ə yaxın Rusiya şirkəti, o cümlədən Rusiya kapitalı əsasında işləyən iki yüzə yaxın şirkət Azərbaycan bazarında fəaliyyət göstərir. Eyni zamanda, Rusiyanın Azərbaycana birbaşa investisiyaları 1,4 milyard dollara yaxındır. Rusiya Ticarət-Sənaye Palatası nəzdində təşkil edilmiş Rusiya-Azərbaycan İşgüzar Şurası çərçivəsində iki ölkənin biznes dairələri arasında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi üçün mühüm işlər görülür. İki dövlət arasında humanitar əlaqələr dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır. Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu nəinki iki dost ölkəni, hətta regionumuzu və dünyanı narahat edən problemlərin müzakirəsi üçün əhəmiyyətli platformaya çevrilib. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran və Azərbaycan dəmir yollarının birləşdirilməsi nəzərə alınmaqla Rusiyanın və Azərbaycanın tranzit potensialından tam istifadə edilməsi üçün yeni perspektivlər açılıb.
Bütün dünyada sülh və bərabərlik, tolerantlıq və multikultural dəyərlərin ən yüksək səviyyədə qorunduğu məkan kimi tanınan Azərbaycanda yaşayan ruslara həmişə yüksək qayğı göstərilib. Respublikamızda rus dilinin, ədəbiyyatının, ənənələrinin inkişaf etdirilməsinə diqqət göstərilib, ölkəmizdə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması bütün zəruri addımlar atılır.
Bütün sahələrdə Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vaxtda Rusiya Ali Məhkəməsinin gözlənilməz bir addım atması-Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi qonşu, dost ölkənin dövlət strukturlarında antiazərbaycan qrupların, erməni lobbisinin xalqımıza və dövlətimizə qarşı, eləcə də Rusiya-Azərbaycan münasibətlərinə qarşı təxribatı kimi qiymətləndirilməlidir.
ÜAK Rusiyanın ictimai-siyasi həyatında fəal iştirak edib, Azərbaycan-Rusiya münasibətlərinin şaxələndirilməsində və regionlararası əməkdaşlığın inkişaf etdirilməsində səmərəli rol oynayıb. Konqresin nümayəndələri dəfələrlə Rusiyanın ali rəhbərliyi tərəfindən təltif edilib. Bu təşkilat Rusiyada yaşayan digər çoxsaylı etnik və milli azlıqları birləşdirən təşkilat kimi mövcud olub. Konqres qeyri-hökumət təşkilatı kimi Rusiya qanunları əsasında və bu qanunlara uyğun olaraq yaradılıb. Rusiya Federasiyasında ÜAK-la yanaşı, müxtəlif etnik və milli qrupları birləşdirən qeyri-hökumət təşkilatları, o cümlədən Rusiya Erməniləri İttifaqı fəaliyyət göstərməkdədir.
Şübhəsiz ki, ÜAK-ın qeydiyyatının ləğv edilməsi xalqımız tərəfindən ölkəmizə qarşı atılan qeyri-dost addım kimi qiymətləndirilir. Cəmiyyətimiz bunu Rusiya Federasiyasının vətəndaşları olan soydaşlarımıza qarşı onların etnik mənsubiyyətinə görə ayrı-seçkilik və qərəzli münasibətlərin təzahürü kimi qiymətləndirir və istər-istəməz haqlı olaraq belə bir sual yaranır: Doğrudanmı erməni lobbisinin Rusiyanın daxili və xarici siyasətində bu qədər təsiretmə gücünə sahibdir? Digər yandan isə bütün bunlar çox haqlı olaraq ictimaiyyətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi öz üzərinə mühüm öhdəliklər götürən Rusiyanın tərəfsiz vasitəçiliyinə olan inamı azaldır və bu dövlətin etibarına ciddi zərbə vurur.
Bu gün istər respublikamızın ictimaiyyətinin, istərsə də Rusiyadakı sağlam qüvvələrin, iki ölkə arasında dostluq münasibətlərinin qorunub saxlanılmasında, daha da inkişaf etdirilməsində rasional düşünən tanınmış siyasi-ictimai xadimlərin yekdil rəyi belədir ki, ÜAK-ın ləğvi ilə bağlı məhkəmə qərarına qanunvericiliyə uyğun olaraq yenidən baxılmalı, məsələ ilə bağlı tam obyektiv, ədalətli qərar qəbul edilməsi üçün ciddi addımlar atılmalıdır.
Məsələn, tanınmış rusiyalı politoloq, Rusiya Siyasi Təhqiqatlar İnstitutunun direktoru Sergey Markov ÜAK-ın ləğvini böyük səhv adlanıdırıb. Ekspert deyib ki, ÜAK Rusiyada yaşayan yüz minlərlə azərbaycanlını öz ətrafında birləşdirir. Həmin azərbaycanlılar Rusiyaya münasibətdə çox loyal və vətənpərvər mövqedədirlər. Onlar hər zaman Rusiya Prezidenti Vladimir Putini dəstəkləyiblər. Ona görə də, Rusiya bu addımı atmamalı idi. Moskva lazım olanı etməlidir ki, bu qərar ləğv olunsun və Konqresin normal fəaliyyəti üçün şərait yaradılsın.
S. Makrov xüsusilə bildirib ki, Konqresin qeydiyyatının ləğvinin əsas səbəblərindən biri Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsini istəyən qüvvələrin fəaliyyətidir. Rusiyada Moskva ilə Bakının münasibətlərinin pisləşməsini istəyən qruplaşmalar mövcuddur və bu qruplaşmalar ÜAK-ın qeydiyyatının ləğvi məsələsində böyük rol oynayıblar. Lakin ümid edirik ki, ÜAK-la bağlı qərar ləğv ediləcək. Dövlət başçıları arasındakı münasibətlər buna ümid etməyə imkan verir.