01 iyun 2017 14:11
7689

Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar

Yer üzündə uşaq qığıltısından təntənəli himn yoxdur.
Viktor Hüqo


Uşaqlar dünyanın ən dəyərli varlıqlarıdır desək, yəqin ki, fikrimizdə yanılmarıq. Onlar cəmiyyətin təməli, dövlətin kiçik modeli adlandırılan ailənin sevinci, nəşə qaynağıdırlar. Uşaqlar ailənin formalaşmasında, onun daha möhkəm təməllər üzərində qurulmasında mühüm rola malikdirlər. Əksər valideynlər övladını sevir, onun qayğısına qalır, uşağın sağlam və savadlı şəkildə böyüyüb boya başa çatması üçün əlindən gələni əsirgəmirlər.

Lakin çox təəssüf ki, valideyn qayğısı, sağlam mühit, təhsil, sülh şəraitində yaşam dünyadakı bütün uşaqların payına qeyri-bərabər şəkildə düşüb. Dünyada hər il minlərlə uşaq qanlı müharibələrin, valideyn zülmünün, insan alverinin, fiziki və mənəvi təzyiqlərin, aclıq və səfalətin qurbanı olur. Əminliklə söyləmək olar ki, dünyadakı bütün uşaqlar eyni hüquqlara, eyni valideyn nəvazişinə, yüksək səviyyəli təhsilə malik deyillər. Bu gün məhz uşaqların günüdür. Bir gün də olsa, dünyadakı bütün uşaqların üzünün güldüyü gün...

Uşaqların sağlam və savadlı tərbiyə olunması bütün dünyanın ortaq problemidir. Bəşər tarixi yaranan gündən dünyanın bu kiçik varlıqlarının müdafiəsi, tərbiyə olunması ən ümdə məsələlərdən biri olmuşdur. Bu sahədə ilk sistemli addım 1923-cü ildə atılıb. Belə ki, o zaman İsveçrənin Cenevrə şəhərində toplanan 40 ölkənin rəsmi nümayəndəsi Beynəlxalq Uşaqları Müdafiə Təşkilatının yaradılmasına dair sənədə imza atıb. Bu qurum Birləşmiş Millətlər Təşkilatı (BMT) yarandıqdan sonra BMT-nin Uşaq Fondu (UNİCEF) adı altında fəaliyyət göstərməkdədir. 1950-ci il iyunun 1-də BMT Baş Assembleyasının təşkilatıçılığı ilə keçirilən konfransda təqvimin bu gününün “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunması qərara alınıb.

Bu gün də dünyadakı hər bir xalq yeni doğulmuş körpəyə özünün gələcəyi kimi baxır. Uşaqlar sabahın vətəndaşı, gələcəyimizin zəmanətdirlər. Məhz bu səbəbdən azyaşlıların qorunması, qayğı ilə təmin olunması, sağlamlığı, təhsilə yiyələnməsi, fiziki və mənəvi təzyiqlərdən uzaq tutulması cəmiyyət üçün bir çox cəhətdən önəmlidir.

Dünyamızın gözəlləşməsi, insanların xoşbəxtlik və səadəti uşaqların hüquqlarının qorunması və sağlam şəkildə yetişdirilməsindən asılıdır. Cahandakı gözəllikləri dadmaq sülh şəraitində yaşamaqdan başlayır. Uşaqların Beynəlxalq Müdafiəsi Günündə hər bir azyaşlının ortaq duyğuları yaşaması dünyada bütün xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün bir ümid çırağıdır. Bu çırağın daha parlaq işıq saçması üçün valideyn himayəsindən məhrum uşaqların, hər gün yaxınları tərəfindən fiziki və mənəvi işgəncələrə məruz qalan azyaşlıların, müharibə şəraitindəki ölkələrdə ac və susuz şəraitdə yaşayan çağaların, əqli və fiziki qüsurlu körpələrin bircə gülüşü kifayətdir.

Həmidağa Məcidov, “İki sahil”