Günel Eyyubova |
Belə bir amerikan atalar sözü var: "Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır; birlikdə işləmək müvəffəqiyyətdir". Formal da olsa birləşdilər, amma nə inkişaf gördük, nə də o arzusunda olduqları müvəffəqiyyətin şahidi ola bildik. Yağlı vədlərə aldanaraq "Milli Şura"da təmsilçiliyə razı olan partiyalar burada onlara verilən yerlərdən məmnun olmayıb etiraz etməkdə davam edirlər. Bir sözlə, biri suya çəkir, biri quruya, o birininsə arzuları imkanlarını üstələyib- o yük qarışıq havaya qalxmaq istəyir... “Milli Şura" elə bil, qeyri-ciddi qurumdur ki, onun haqqında insan heç cür ciddi danışa, yaza bilmir. Adıçəkilən müxalif "şuranın" təməli qoyulandan o cəbhənin nümayəndələri başladılar bir-birini təhqir etməyə... Bir də ki, qədim çin atalar sözündə deyildiyi kimi "bütü düzəldənlər ona səcdə etməzlər, çünki onu necə düzəltdiklərini yaxşı bilirlər". Bildiyimiz səbəblərə görə də onlar "bütlərinə" səcdə etmirlər.
“Milli Şura"nın aprel ayında keçirdiyi mitinqin "səbəbləri" hələ də müəmmalı qalmaqdadır. Sözügedən mitinqin uğursuzluqla nəticələnməsi dağıdıcı müxalifət düşərgəsində də etiraf olunmaqdadır. AXCP sədri Əli Kərimlinin pafoslu, yağlı vədlərinin puça çıxması bir daha sübut etdi ki, bu adamlar illərdir eyni ssenari ilə özlərini və ətrafındakıları aldatmaqla məşğuldurlar. Xarici havadarlarından aldıqları qrantlar bu miskinləri dağıdıcılığa yönəldib. Bu binəvalar nə qrantlardan keçə bilirlər, nə də Vətənə xəyanətdən usanırlar. Sivil mübarizə metodlarından və elementar müxalifətçilik təfəkküründən çox-çox uzaq olan dağıdıcı müxalifət partiyaları daxildəki didişmələr səbəbindən olan-qalan sosial bazalarını itirməklə yanaşı, həm də cəmiyyətin dərin nifrətini qazanıblar. Xalq müxalifət liderlərinin söz və əməlləri arasındakı tərs-mütənasibliyi, heç bir vəchlə həzm edə bilmir. Mitinq və aksiyalar cəmiyyətin fikrini yayındırmağa və ayrı-ayrı istiqamətlərə yönəltməyə hesablanıb. Amma xalqın gözü tərəzidir, yaxşını pisdən ayırmağı bacarır, populist, mənasız vədlərə inanmır.
Hələ qədim zamanlarda siyasət haqqında belə bir fikir formalaşmışdı ki, onun haqqında hamı düşünə bilər, lakin onu yaratmaq seçmə insanlara məxsusdur. Görünür indi özlərini müxalif düşərgənin radikal nümayəndələri kimi təqdim edənlər bu fikirlərdən ya xəbərsizdirlər, ya da sadəcə qulaq ardına vururlar. Antimilli ünsürlər bəlkə də gələcəkdə bu günə qədər atdıqları antimilli addımlarla xatırlana biləcəklər. Amma uğurlu və əvəzsiz siyasətçi və xalqa xidmət göstərən, millətinin dərdini özününkü sayan insan kimi xatırlanmayacaqlar.