Günel Eyyubova |
2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi müsəlman dövlətlərinin birlik və həmrəyliyinin daha da möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Həm İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi, həm də 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi heç də təsadüfi deyil. Belə ki, Azərbaycan xalqı ənənəvi olaraq İslam dininə sitayiş edən xalqdır və cəmiyyətimizdə İslam dini ilə bağlı olan bir çox adət-ənənələr, mənəvi, siyasi dəyərlər formalaşıb.
Xalqımız Sovet İttifaqı dövründə təhdid və təzyiqlərə məruz qalan islami dəyərləri, milli ideologiyamızın əsasını təşkil edən adət-ənənələri qoruyub saxlaya bilib. Dinə mənfi münasibət 70 illik SSRİ dövründə özünü həmişə bu və ya digər formada büruzə verirdi. İslama qarşı bolşevizmin yeritdiyi radikal siyasət onunla nəticələndi ki, 1930-cu illərin sonlarında Azərbaycanda din xadimləri repressiyalara məruz qaldılar, məscidlər dağıdılaraq başqa məqsədlər üçün istifadə olundu. Bu dövrdə ölkə üzrə cəmi 20 məscidin formal fəaliyyət göstərməsi də deyilənləri təsdiqləyirdi.
Sovet İttifaqının dağılması ilə Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etmək və dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət qazandı. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, milli adət-ənənələrimizin qorunmasını da daim diqqətdə saxlayırdı. Məhz Ulu Öndərin göstərişi ilə əvvəllər dağıdılmış məscidlər bərpa olundu, insanların İslama olan etiqadı, milli təfəkkürün formalaşması üçün sərbəst şərait yaradıldı. 21 iyun 2001-ci il tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması da Ulu Öndərin bu istiqamətdə atdığı önəmli addımlardan biri idi.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş strategiyası bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İslamla yanaşı, digər dinlərə də sitayiş edənlərin problemlərini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibətilə təbrik edərək, tarixən respublikada formalaşmış tolerantlıq və dözümlülüyün Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrildiyini daim önə çəkir.
Hazırda Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Qərblə İslam dünyası arasında bir körpü olaraq, mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verməkdədir. Bu gün Azərbaycan qitələrarası dostluq, əməkdaşlıq, dialoq məkanına çevrilib. 2010-cu ildə ölkədə dünya dini liderlərinin Bakı sammiti keçirildi. 2009-cu ildə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin və həm də Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı keçirildi. 2008-ci ildə bütün qitələri əhatə edən beynəlxalq qadın konfransı təşkil olundu və mədəniyyətlərarası dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul edildi.
Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərsə də, İslam dini üstün mövqe tutur. Ölkədə 1300 məscid, 500-dək pir və ziyarətgah fəaliyyət göstərir. Azərbaycan tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə İslam dünyasının ayrılmaz hissəsidir. Bu gün Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, İSESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü kimi müsəlman aləmi ilə qarşılıqlı münasibətlərini uğurla davam etdirir. Ötən il aprelin 14-də Prezident İlham Əliyev İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammitinin birinci sessiyasında çıxışında bildirdi ki, Azərbaycan İslam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi müsəlman dövlətlərinin birlik və həmrəyliyinin daha da möhkəmlənməsi baxımından xüsusilə əhəmiyyətlidir.
Ötən illərdə bu istiqamətdə həyata keçirilən tədbirlər də bu birliyin bariz nümunəsi idi. 2009-cu ildə Bakının “İslam Mədəniyyətinin Paytaxtı” elan olunması Azərbaycanın İslam ölkələri arasında artan nüfuzunun ifadəsinə çevrildi. 2018-ci ildə Naxçıvanın “İslam Mədəniyyətinin Paytaxtı” elan olunması isə Şərq ölkələri ilə əməkdaşlığın yeni səhifələrini yazacaq. Bu ilin may ayında Bakı şəhərində keçirilmiş IV İslam Həmrəyliyi Oyunları tolerant ölkə olan Azərbaycanın daha yaxından tanınması və idmanın inkişafı sahəsində qazandığı uğurların dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli beynəlxalq tədbirə çevrildi.