KÖŞƏ

Ceyhun Piriyev
[email protected]

Beynəlxalq ictimaiyyət Ermənistanı “əməlindən” çəkindirməlidir: Əks təqdirdə...  

25 sentyabr 2020 18:17
3414

“Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik”. Prezident İlham Əliyevin  BMT Baş Assambleyasının 75-ci Sessiyasının ümumi debatlarında videoformatda çıxışında səsləndirdiyi bu fikirlər son aylarda daha da güclənmiş gərginliyin gedişatından xəbər verməklə qalmır, Ermənistanın işğalçılıq siyasətini yeni mərhələyə keçirmək niyyətini əks etdirir.

Söhbət ondan gedir ki, son dövrlərdə Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyanın Gəncəni bombalamaqla hədələməsi, Ermənistanın sürətlə silahlanması,  onminlərlə insandan ibarət könüllü qoşunların yaradılması, PKK qruplaşmasının terrorçularının sürətlə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlara yerləşdirilməsi və  bu qəbildən olan digər hadisələrin ardıcıllığı düşmənin təcavüzkar siyasətinin sərhəd tanımadığından xəbər verir.

Bir az da əvvələ getsək, ötən il Ermənistanın müdafiə naziri David Tonoyan Nyu-Yorkdakı erməni icması ilə görüşündə “sülh üçün ərazilər” yanaşmasının tətbiq olunmayacağını bildirmişdi.  “Müdafiə naziri olaraq elan edirəm ki, sülh üçün ərazilər adlı bu format, tərəfimdən yeni ifadə ilə əvəzlənmişdir. Biz bunun əksini edirik - yeni ərazilər üçün yeni müharibə” deyən  Tonoyan Ermənistanın hücum bölmələrinin sayını artıracağını söyləmişdi. Nikol Paşinyan isə müdafiə nazirinin irəli sürdüyü həmin formula bu cür dəstək vermişdi: "David Tonoyan başqa bir açıqlama versəydi, mən onu müdafiə naziri vəzifəsindən azad edərdim”.

Düzdür, həmin vaxt Azərbaycan tərəfi bu “fikirlərə” gərəkli cavabı vermişdi. Lakin bu “fikirlər” təcavüzkar ölkə ilə sülh danışıqları aparmağın mənasız olması ilə bağlı fikir yürütmək üçün kifayət edir.

Eyni zamanda, Ermənistanın son illərdə hərbi büdcəsinin nəzərə çarpan artımı bu fikri gücləndirir. Belə ki, 2020-ci ildə Ermənistanın müdafiə xərcləri 2018-ci ilə nisbətən 28 faiz artıb. Bununla belə, artımın əsas hissəsi 2019-cu ilin payına düşür. 2019-cu ildə işğalçı ölkə müdafiəyə təxminən 629,5 milyon dollar (2018-ci illə müqayisədə 129 milyon dollar artıb) sərf edib.  2020-ci ilin müdafiə büdcəsi isə əvvəlki illə müqayisədə 0,24 faiz artaraq 631 milyon dollar həcmindədir. Rəqəmlərdən də göründüyü kimi, Ermənistan qarşısına böyük işğalçı məqsədlər qoysa da, hərbi büdcəsini artırmaq iqtidarında deyil. Prezident İlham Əliyev isə BMT-nin məlum sessiyasındakı çıxışında iyulun 17-dən sentyabr ayına qədər Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirib:  “Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik”.

Görünən odur ki, düşməni işğal siyasətini davam etdirməyə şirnikləşdirən daxili imkanları yox, üçüncü tərəfin böyük hərbi yardımıdır.Əslində Azərbaycanın üzləşdiyi işğalçılıq siyasətində üçüncü faktorun olması yenilik olmasa da, burada həmin tərəfin yeni ərazilərin işğalında da maraqlı olduğu açıq-aydın ortadadır.

Bununla belə təxribat xarakterli fikirlər və atılan addımlar heç də Ermənistan ordusunun məğlubedilməzliyi demək deyil. Məlum olduğu kimi, Ermənistan 2016-cı ilin aprelində baş vermiş dördgünlük savaşda xeyli sayda canlı qüvvə və 2 min hektar ərazini itirib. Bundan iki il sonra isə Azərbaycanın Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq'' yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə ordumuzun nəzarəti altına keçib. Döyüşlər nəticəsində 11 min hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib. Düşmən, həmçinin Tovuz təxribatını törətsə də istəyinə nail ola bilməyib.

Bütün bunlara rəğmən BMT və beynəlxalq ictimaiyyət əsasən susmağa üstünlük verməkdədir. Hətta ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti də nəticəsizdir. Belə olan halda Prezident İlham Əliyevin də sözügedən sessiyada vurğuladığı kimi, növbəti  təxribatların baş verməsinə və gərginliyin artmasına görə də məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

Yeri gəlmişkən, Prezident İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən Ermənistan hərbi qüvvələrinin sərhəddə cəmləşməsinə diqqəti çəkib və  Azərbaycan tərəfinin bütün hücumlardan müdafiə olunacağını vurğulayıb: “Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm”.

Ölkə başçısı Ermənistanın beynəlxalq hüquq normalarına tamamilə məhəl qoymadığını və cinayət törətdiyini növbəti dəfə xatırladaraq təcavüzkarın bu cür davranmasının səbəbini Minsk qrupunun həmsədrləri də daxil olmaqla beynəlxalq ictimaiyyətin buna mane olmaması ilə əsaslandırıb.

Ceyhun Piriyev, “İki sahil”